“Reuters”: ABŞ hesab edir ki, İrana endirilən zərbələr onun nüvə proqramını ləngitməyib

2026/05/Ekran-1778088810.jpg
Oxunub: 368     21:27     06 May 2026    
ABŞ kəşfiyyatı hesab edir ki, İrana endirilən son zərbələr Tehranın nüvə silahı hazırlaması üçün lazım olan vaxt cədvəlinə təsir göstərməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Reuters” agentliyinin qiymətləndirmələrlə tanış olan mənbələrə istinadən yaydığı məlumata görə, hələ 2025-ci ilin iyun ayında baş vermiş 12 günlük müharibədən əvvəl ABŞ kəşfiyyatı İranın təxminən 3-6 ay ərzində nüvə silahı üçün kifayət qədər zənginləşdirilmiş uran istehsal edə biləcəyini hesab edirdi.

ABŞ-nin Natanz, Fordo və İsfahandakı İran nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra bu müddət əvvəllər təxminən 9-12 ay kimi qiymətləndirilirdi.

Lakin 2026-cı ilin fevral ayının sonunda ABŞ və İsrail tərəfindən başlanan və iki ay davam edən yeni zərbələrdən sonra da bu vaxt cədvəli dəyişməz qalıb.

Hərbi əməliyyat zamanı ABŞ zərbələri əsasən hərbi obyektləri hədəf alıb, İsrail isə ayrıca olaraq İranın nüvə infrastrukturuna hücum edib.

Lakin nəşrin istinad etdiyi mənbələrə görə, bu səylər gözlənilən nəticəni verməyib. Donald Tramp müharibəni qismən İran İslam Respublikasının nüvə silahı hazırlamasının qarşısını almaq məqsədilə başladıb.

Dəyişməyən vaxt cədvəli göstərir ki, Tehranın nüvə proqramını ciddi şəkildə ləngitmək üçün İranın mövcud yüksək zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi və ya çıxarılması tələb oluna bilər.

Son həftələrdə ABŞ rəsmiləri İranın nüvə proqramını ciddi şəkildə dayandıra biləcək riskli əməliyyat variantlarını nəzərdən keçiriblər. Bu variantlara quru əməliyyatları da daxildir.

“Bushehr” Atom Elektrik Stansiyası İranın fəaliyyətdə olan yeganə nüvə elektrik stansiyasıdır. Rusiya və İran 2014-cü ildə iki əlavə enerji blokunun tikintisi ilə bağlı razılaşma imzalayıb və bu proses hələ də davam edir.

Qeyd edək ki, “CyberLegion” adlı kibercasus qrup “Rosatom”un sistemlərinə daxil olaraq şirkətin İranla əməkdaşlığına dair bir sıra məxfi sənədləri ələ keçirib.

ABŞ kəşfiyyatı ilə danışan və məlumatları “New York Times” ilə paylaşan mənbələrə görə, İran ABŞ və İsrailin zərbələrinə baxmayaraq ballistik raket arsenalının böyük hissəsini və zərbə pilotsuz uçuş aparatlarının 40 faizini qoruyub saxlaya bilib.

İranın silah ehtiyatları ilə bağlı qiymətləndirmələr tam dəqiq olmasa da, kəşfiyyat qurumları hazırkı arsenalın Hörmüz boğazında gəmiçiliyi bloklamaq üçün kifayət etdiyini hesab edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin