Ordu.az “Defence Blog” nəşrinə istinadən xəbər verir ki, tank ilk dəfə aktiv xidmət bölmələrində görülüb və bu, böyük ehtimalla orduda kütləvi təhvil prosesinin başladığını göstərir.
Tankların görüntülərdəki relyefə əsasən Çinin şimalındakı bölmələrdə yerləşdirildiyi ehtimal olunur. ZTZ-100 olaraq da tanınan “Type 100” daha əvvəl Qələbənin 70 illiyinə həsr edilmiş hərbi paradda nümayiş etdirilmişdi.
O vaxtdan etibarən tank ictimaiyyət qarşısında yalnız nadir hallarda görünüb. Bu isə adətən ya inkişaf prosesinin tam başa çatmadığını, ya da yeni platforma barədə məlumatların qəsdən məhdudlaşdırıldığını göstərir.
Eyni zamanda 2026-cı il mayın 3-də Gənclər Gününə həsr olunmuş hazırkı paylaşım məqsədli siqnal kimi qiymətləndirilir. Belə ki, texnika parad şəraitində deyil, döyüşə yaxın simulyasiya edilmiş mühitdə nümayiş etdirilib.
“Type 100”
“Type 100” əvvəlki Çin tanklarından əsaslı şəkildə fərqlənir. Əvvəlki tanklar sovet T-55 tankının surəti olan orta “Type 59”dan “Type 99” əsas döyüş tankına qədər mərhələli inkişaf yolu keçmişdi.
Modul zireh konfiqurasiyasından asılı olaraq tankın çəkisi təxminən 35-40 ton təşkil edir. Əvvəlki nəsillərdən fərqli olaraq “Type 100” tamamilə yeni arxitekturaya malikdir və onun əsas xüsusiyyəti insansız qüllədir.
Ən diqqətçəkən dəyişikliklərdən biri heyətin iki nəfərə endirilməsidir. Sürücü və komandir üçün lyuklar gövdənin ön hissəsində yerləşir, qüllənin damında isə lyuk yoxdur, yalnız texniki xidmət boşluqları mövcuddur. Tuşlayıcının funksiyaları demək olar ki, tamamilə avtomatlaşdırılmış sistemlərə ötürülüb.
Atəş idarəetmə sistemi və döyüş məlumat-idarəetmə sistemi süni zəka elementləri ilə inteqrasiya olunub.
Bu sistemlər tankın bəzi tapşırıqları avtonom şəkildə yerinə yetirməsinə imkan verməklə yanaşı, onu bölmələrin fəaliyyətini əlaqələndirən və qərargah səviyyəsinə bənzər müəyyən idarəetmə funksiyalarını icra edən yüksək səviyyəli komanda sistemlərinə bağlayır.
Silahlanma konsepsiyası modul prinsipi əsasında qurulub. İki əsas variant mövcuddur: 125 mm və ya 105 mm top ilə təchiz edilən “ağır” versiya və 90 mm və ya 76 mm top ilə təchiz edilən “yüngül” versiya. Hər variant öz avtomatik doldurma sistemi ilə birlikdə təqdim olunur.
Bu yanaşma tankın konkret tapşırıqlara və əməliyyat şəraitinə uyğunlaşdırılmasına imkan verir.
Sevinc Əliyeva
Ordu.az