Ordu.az xəbər verir ki, hücum 2026-cı il aprelin 30-da Kerç körpüsü yaxınlığında insansız dəniz platformalarının yerləşdirilməsi zamanı baş verib.
“VChK-OGPU” “Telegram” kanalı ölənlərin adlarının yer aldığı xatirə lövhəsinin fotosunu yayımlayıb.
Səkkiz heyət üzvü həlak olub:
1998-ci il aprelin 4-də anadan olmuş baş leytenant Nikita Sergeyeviç Podoroqa,
1991-ci il fevralın 14-də anadan olmuş miçman Andrey Oleqoviç Kovtunov,
1984-cü il mayın 21-də anadan olmuş baş miçman Zair Kamiloviç Əhmədov,
1986-cı il aprelin 17-də anadan olmuş miçman Vasili Yuryeviç Maxovski,
1988-ci il martın 5-də anadan olmuş miçman Yuri Yuryeviç Balux,
1998-ci il iyulun 20-də anadan olmuş baş starşina Vladislav İvanoviç Quskin,
1989-cu il avqustun 21-də anadan olmuş baş starşina Artem Nikolayeviç Şeverdinov,
1993-cü il iyulun 18-də anadan olmuş starşina Aleksandr Vladimiroviç Sityukov.
Məlumatda qeyd olunur ki, onlar PSKA-300 layihəli “Sobol” patrul katerinin heyətində xidmət ediblər.
2026-cı il aprelin 30-na keçən gecə Ukrayna Hərbi Dəniz Qüvvələri Kerç körpüsünü qoruyan iki Rusiya patrul katerinə zərbə endirib.
Dəniz Qüvvələri daha sonra onlardan birinin Federal Təhlükəsizlik Xidmətinə məxsus “Sobol” kateri olduğunu təsdiqləyib. Zərbə endirilən ikinci gəmi isə “Qraçonok” sinfinə aid kater olub və onun heyəti də həlak olub.
Məhz bu katerlər müvəqqəti işğal olunmuş Krımı Rusiya ərazisi ilə birləşdirən qanunsuz körpünün ətraf akvatoriyasının mühafizəsinə cavabdeh idi.
12200 layihəli “Sobol” yüksək sürətli patrul kateri “Almaz” Konstruktor Bürosu tərəfindən sərhəd pozucularını ələ keçirmək və sahilyanı zonada ərazi sularını qorumaq üçün hazırlanıb.
48 düyünədək sürət əldə etmək üçün kater gəminin diferentini dinamik şəkildə tənzimləyən avtomatlaşdırılmış interceptor sistemi ilə təchiz olunub.
Silahlanmasına 14,5 mm çaplı pulemyot qurğusu daxildir və yanacaq ehtiyatı üç günlük fəaliyyət radiusu təmin edir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Qara dəniz-Azov dənizi akvatoriyasında bu tipdən 11 kateri olub.
Bu yaxınlarda Ukrayna insansız dəniz platformaları Novorossiysk limanının girişində Rusiyanın kölgə neft donanmasına məxsus iki tankeri də vurub.
Sevinc Əliyeva
Ordu.az