ROKETSAN: HİSAR-D RF TCG “İstanbul”dan həyata keçirilən sınaqda aşağı hündürlüklü hədəfləri vurub (VİDEO)

2026/05/1778083343.jpg
Oxunub: 491     20:02     06 May 2026    
ROKETSAN HİSAR-D RF hava hücumundan müdafiə raketinin MİDLAS şaquli buraxılış sistemi vasitəsilə TCG “İstanbul” freqatından həyata keçirilən atış sınağında 10 metr və 800 metr hündürlükdəki hədəfləri tam dəqiqliklə vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, şirkət “Göy Vətən”in sarsılmaz qoruyucusu kimi xarakterizə etdiyi sistemin etibarlılığını bir daha sübut etdiyini bildirib.

ROKETSAN tərəfindən yayılan açıqlamada qeyd olunub: “MİDLAS vasitəsilə TCG “İstanbul”dan buraxılan HİSAR-D RF hava hücumundan müdafiə raketimiz atışlı sınaq fəaliyyətləri zamanı hədəflərini tam dəqiqliklə vuraraq etibarlılığını bir daha sübut etdi. Döyüş meydanında özünü təsdiqləmiş sistemlərimizlə ordumuzun gücünə güc qatmağa davam edirik”.

Sınaq zamanı aşağı hündürlükdə hərəkət edən hədəflərin uğurla məhv edilməsi sistemin xüsusilə aşağı hündürlüklü təhdidlərə qarşı effektivliyini ortaya qoyub.

HİSAR-D RF orta mənzilli və orta hündürlüklü hava hücumundan müdafiə raketi olaraq aktiv radar axtarış başlığı texnologiyasına malikdir. Bu texnologiya raketin hədəfə yaxınlaşarkən öz radarından istifadə edərək kilidlənməsini təmin edən “atdım-unutdum” qabiliyyətini mümkün edir. Sistem əlverişsiz hava şəraiti və radioelektron qarışdırma mühitində belə yüksək nişanalma performansı təqdim etməyi hədəfləyir.

Raket ROKETSAN tərəfindən hazırlanan 16 hüceyrəli milli şaquli buraxılış sistemi MİDLAS vasitəsilə buraxıla bilir. MİDLAS çoxsaylı sursat istifadə qabiliyyəti sayəsində HİSAR-D RF ilə yanaşı ESSM, ATMACA və SİPER kimi müxtəlif raket sistemlərini də inteqrasiya edə biləcək şəkildə hazırlanır. Gələcək planlar çərçivəsində sistemin qanadlı raketlər, gəmi əleyhinə sursatlar və torpedoların inteqrasiyasına da açılması hədəflənir.

HİSAR-D RF-nin inkişaf prosesi 2022-ci ildə quru mühitində həyata keçirilən ilk atışla başlayıb və 2024-cü ildə dəniz platformasından ilk sınaqla davam edib. 2025-ci ildə həyata keçirilən atış zamanı isə pilotsuz uçuş aparatı hədəfinin uğurla məhv edilməsi sistemin əməliyyat yetkinliyinə yaxınlaşdığını göstərib.

Müdafiə analitiklərinə görə, aşağı hündürlükdə hərəkət edən hədəflərə qarşı əldə olunan bu uğur xüsusilə qanadlı raket tipli təhdidlərə qarşı Türkiyə Hərbi Dəniz Qüvvələrinin təbəqəli hava hücumundan müdafiə arxitekturasını gücləndirəcək mühüm inkişaf kimi qiymətləndirilir. HİSAR-D RF-nin gəmi əsaslı şəkildə inventara daxil edilməsi gələcəkdə daha uzun mənzilli dəniz əsaslı sistemlərin inteqrasiyası üçün də kritik mərhələ hesab olunur.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   HİSAR-D   TCG-İstanbul  


Bizi "telegram"da izləyin