Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan “SAHA İstanbul” təşkilatının təşəbbüsü ilə İstanbul Sərgi Mərkəzində SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi keçirilir.
“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu sərgi çərçivəsində SAHA 2026-da iştirak edən xarici ölkələrin yüksək vəzifəli nümayəndələrinin yer aldığı heyət Ataköy sahillərində lövbər salmış Türkiyə müdafiə sənayesinin simvol platformalarından biri olan TCG “Anadolu”nu ziyarət edib.
Ziyarətdə iştirak edən heyətin tərkibində Nigeriyadan nazir səviyyəsində, Cənubi Koreya və Portuqaliyadan admiral səviyyəsində, Monqolustan və Qırğızıstandan general səviyyəsində nümayəndələr yer alıb. Yaponiya, Qvatemala, İspaniya, Xorvatiya, İordaniya, Litva, Əlcəzair, Rumıniya və Türkmənistandan olan yüksək vəzifəli şəxslər də heyətdə təmsil olunublar.
Ataköy sahillərində baş tutan ziyarət çərçivəsində hərbi və mülki heyətlər Türkiyənin çoxməqsədli amfibiya hücum gəmisi olan TCG “Anadolu”da yoxlamalar aparıblar. Səlahiyyətli şəxslərə gəminin texniki imkanları, əməliyyat qabiliyyəti və tapşırıq konsepsiyası barədə ətraflı məlumat verilib.
Xüsusilə pilotsuz uçuş aparatları ilə inteqrasiya edilmiş əməliyyat qabiliyyəti, amfibiya əməliyyat imkanları və çoxşaxəli istifadə potensialı ilə seçilən gəmi xarici nümayəndə heyəti tərəfindən ətraflı şəkildə incələnib. Ziyarət Türkiyənin müdafiə sənayesindəki texnoloji inkişafını yerində müşahidə etmək baxımından heyətə mühüm imkanlar təqdim edib.
Beynəlxalq əməkdaşlıqları artırmağı hədəfləyən SAHA 2026 çərçivəsində həyata keçirilən təmasların Türkiyə ilə müxtəlif ölkələr arasında müdafiə və texnologiya sahəsində münasibətlərin inkişafına töhfə verəcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az