Ordu.az xəbər verir ki, ASELSAN milli imkanlarla hazırladığı yeni nəsil texnologiyalarını İstanbulda keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində ictimaiyyətə təqdim etməyə davam edib.
ASELSAN SAHA sərgisində “Polad Günbəz”ə yeni imkanlar qazandıracaq ILGAR 3-LT rabitə radioelektron mübarizə sistemi və KORAL AD hava hücumundan müdafiə radioelektron mübarizə sistemi, MİĞFER özünümüdafiə FPV önləmə sistemi, GÖKALP avtonom kinetik pilotsuz uçuş aparatı məhv etmə sistemi, GÖKBERK 10 lazer silah sistemi və EJDERHA 210 yüksək güclü mikrodalğalı silah sistemini ilk dəfə nümayiş etdirib. Təqdimat mərasimində Tükiyənin milli müdafiə naziri Yaşar Gülər, Müdafiə Sənayesi Komitəsinin rəhbəri professor Haluk Görgün və ASELSAN-ın baş direktoru Ahmet Akyol iştirak edib.
Elektromaqnit spektrində üstünlük təmin edəcək texnologiyalar arasında yerini alacaq ILGAR ilə ani hücum və fasiləsiz idarəetmə imkanı təmin olunacaq. Adını “sürətli və ani hücum” anlayışından alan ILGAR müxtəlif platformalarda V/UHF və SHF (qismən) tezlik diapazonunda rabitə quran hədəf rabitə sistemlərinə elektron hücum tətbiq etmək məqsədilə hazırlanıb. Sistem hədəf tezlik diapazonundakı rabitənin bloklanması, gecikdirilməsi və ya yanlış məlumat ötürülməsinə səbəb olunması ilə dost bölmələrə taktiki sahədə üstünlük qazandırmaq məqsədilə istifadə olunur.
Tezlik dəyişən siqnallara qarşı tətbiq oluna bilən reaktiv qarışdırma, dost radiostansiya tezliklərini qoruma infrastrukturu, qarışdırmaya dəstək məqsədli elektron dəstək, siqnal istiqamətinin müəyyənləşdirilməsi və mövqe aşkarlanması, hərəkət halında radioelektron hücum imkanları sistemin kritik xüsusiyyətləri arasında yer alır.
Hava hücumundan müdafiə sahəsində oyundəyişdirici təsirə malik KORAL da eyni platformada radioelektron dəstək və radioelektron hücum alt sistemlərini birləşdirən quru əsaslı mobil radar radioelektron mübarizə sistemi kimi diqqət çəkir. Sistem aşkarladığı hədəf hava və quru radarlarının əhatə dairəsini azaldır. Eyni zamanda müəyyən müddətlər ərzində aldatma və ya qarışdırma formasında elektron hücum həyata keçirir. KORAL malik olduğu xüsusiyyətlərlə elektron hücum tətbiq edəcəyi təhdid hava və quru platforması radarlarını aşkarlayır və tanıyır, identifikasiya və detallı aşkarlama funksiyaları ilə öz yayım siyahısını formalaşdırır.
“Göy Vətən”də təhdidlərə keçid yoxdur
Pilotsuz uçuş aparatını ovlayan pilotsuz uçuş aparatı kimi diqqət çəkən GÖKALP sistemi ilə FPV və kamikadze pilotsuz uçuş aparatı təhdidlərinə qarşı aşkarlama-tanıma-izləmə zəncirinə inteqrasiya edilmiş, kinetik toqquşma ilə məhv prinsipi əsasında işləyən, aşağı xərcli sənaye məhsullarından istifadə edilməklə yüksək sürətli qarşılayıcı pilotsuz uçuş aparatı hazırlanıb.
GÖKBERK sistemi də yaxın məsafəli hava təhdidlərinə qarşı müdafiə həlli təqdim etmək üçün nəzərdə tutulmuş yönəlmiş enerji hava hücumundan müdafiə silah sistemi kimi seçilir. Sistemin əsas istifadə sahələri arasında quru platformaları, enerji stansiyaları, kritik obyektlər və qərargah binaları yer alır. Hədəflərin məhvi sistem üzərində yerləşən 10 kVt çıxış gücünə malik lazer mənbəyi ilə həyata keçirilir. İstiqamətləndirmə bölməsinin tərkibində sistemin 24 saat fəaliyyət göstərməsinə imkan yaradan elektro-optik vasitələr və sensorlar mövcuddur. Sistemin təsirli olduğu əsas hədəf siyahısına sabit və fırlanan qanadlı pilotsuz uçuş aparatları ilə əldəqayırma partlayıcı qurğular daxildir.
ASELSAN-ın oyundəyişdirici texnologiyaları sırasına daxil olan MİĞFER özünümüdafiə FPV önləmə sistemi təqdimat çərçivəsində ilk dəfə SAHA sərgisində 4×4 zirehli texnika üzərində nümayiş etdirilib. MİĞFER mini və mikro pilotsuz uçuş aparatı sinfinə aid hədəflərə qarşı 4×4, 6×6 və tank kimi platformaların müdafiə sistemi kimi hazırlanıb. Sistemin tərkibində yer alan fiziki məhv etmə alt sistemi təhdidi fiziki məhv üsulu ilə zərərsizləşdirir.
Sürü halında pilotsuz uçuş aparatlarına qarşı EJDERHA qalxanı
ASELSAN tərəfindən hazırlanan EJDERHA 210 yüksək güclü mikrodalğalı silah sistemi yüksək güclü elektromaqnit dalğa texnologiyasından istifadə edərək xüsusilə sürü halında hücum edən mini və mikro pilotsuz uçuş aparatlarını zərərsizləşdirir. Mənzili iki dəfə artırılan EJDERHA üzərinə əlavə edilən yeni radar, daha qabaqcıl elektro-optik sistemlər və daha qabaqcıl müdaxilə təsiri ilə müstəqil fəaliyyət göstərə bilən sistemə çevrilib.
Sevinc Əliyeva
Ordu.az