ASELSAN “Polad Günbəz”ə yeni təbəqə əlavə edib

2026/05/1778082656.jpg
Oxunub: 365     19:44     06 May 2026    
ASELSAN çoxtəbəqəli hava hücumundan müdafiə sistemi “Polad Günbəz”ə yeni imkanlar qazandıracaq radioelektron mübarizə, lazer silahı və antidron sistemlərini SAHA 2026 sərgisində ilk dəfə təqdim edib.

Ordu.az xəbər verir ki, İstanbulda keçirilən sərgidə baş tutan təqdimat zamanı ILGAR 3-LT rabitə radioelektron mübarizə sistemi, KORAL AD hava hücumundan müdafiə radioelektron mübarizə sistemi, MİĞFER özünümüdafiə FPV önləmə sistemi, GÖKALP avtonom kinetik pilotsuz uçuş aparatı məhv etmə sistemi, GÖKBERK 10 lazer silah sistemi və EJDERHA 210 yüksək güclü mikrodalğalı silah sistemi nümayiş etdirilib.

Təqdimat mərasimində Yaşar Gülər, Haluk Görgün və Ahmet Akyol iştirak ediblər.

ILGAR ilə elektromaqnit üstünlüyü hədəflənir

ASELSAN tərəfindən hazırlanan ILGAR 3-LT rabitə radioelektron mübarizə sistemi V/UHF və qismən SHF tezlik diapazonunda rabitə həyata keçirən hədəf sistemlərə qarşı elektron hücum tətbiq etmək məqsədilə hazırlanıb.

Sistem hədəf rabitəsini bloklamaq, gecikdirmək və ya yanlış məlumat ötürülməsinə səbəb olaraq dost qüvvələrə taktiki üstünlük qazandırmağı hədəfləyir.

ILGAR sisteminin seçilən imkanları arasında:

Tezlik dəyişən siqnallara qarşı reaktiv qarışdırma,
Dost radiostansiya tezliklərinin qorunması,
Elektron dəstək və siqnal istiqamətinin müəyyənləşdirilməsi,
Hərəkət halında elektron hücum imkanları yer alır.


KORAL AD hava hücumundan müdafiəyə radioelektron mübarizə dəstəyi verəcək

Hava hücumundan müdafiə sahəsindəki yeni həllərdən biri olan KORAL AD sistemi radioelektron dəstək və radioelektron hücum alt sistemlərini eyni platformada birləşdirir.

Quru əsaslı mobil radar radioelektron mübarizə sistemi kimi hazırlanan KORAL AD düşmənin hava və quru radarlarının əhatə dairəsini azalda, aldatma və qarışdırma fəaliyyətləri həyata keçirə bilir.

Sistem həmçinin təhdid radarlarını aşkarlamaq, tanımaq və identifikasiya etmək qabiliyyəti ilə öz yayım siyahısını yarada bilir.

GÖKALP kamikadze pilotsuz uçuş aparatlarına qarşı fəaliyyət göstərəcək

ASELSAN tərəfindən hazırlanan GÖKALP avtonom kinetik pilotsuz uçuş aparatı məhv etmə sistemi FPV və kamikadze pilotsuz uçuş aparatı təhdidlərinə qarşı aşağı xərcli önləmə həlli kimi hazırlanıb.

“Pilotsuz uçuş aparatını ovlayan pilotsuz uçuş aparatı” konsepsiyası ilə seçilən sistem yüksək sürətli qarşılayıcı pilotsuz uçuş aparatından istifadə edərək kinetik toqquşma üsulu ilə hədəfi zərərsizləşdirir.

GÖKBERK lazer silahı ilk dəfə nümayiş etdirilib

Yaxın məsafəli hava təhdidlərinə qarşı hazırlanan GÖKBERK 10 lazer silah sistemi də sərgidə ilk dəfə təqdim edilən sistemlər arasında yer alıb.

Yönləndirilmiş enerji silahı kimi hazırlanan sistemin əsas istifadə sahələri arasında:

Quru platformaları,
Kritik obyektlər,
Enerji stansiyaları,
Qərargah bölgələri yer alır.


10 kVt gücündə lazer mənbəyi ilə hədəf məhvi həyata keçirən sistem sabit və fırlanan qanadlı pilotsuz uçuş aparatları ilə yanaşı, əldəqayırma partlayıcı qurğulara qarşı da istifadə oluna bilir.

MİĞFER zirehli texnikaları FPV təhdidindən qoruyacaq

SAHA 2026 sərgisində ilk dəfə 4x4 zirehli texnika üzərində nümayiş etdirilən MİĞFER özünümüdafiə FPV önləmə sistemi mini və mikro pilotsuz uçuş aparatı təhdidlərinə qarşı hazırlanıb.

Sistem tank, 4x4 və 6x6 texnika platformalarının qorunması üçün nəzərdə tutulub və fiziki məhv etmə üsulu ilə təhdidi zərərsizləşdirir.

EJDERHA sürü halında pilotsuz uçuş aparatlarına qarşı hazırlanıb

ASELSAN-ın yüksək güclü elektromaqnit dalğa texnologiyasından istifadə edən EJDERHA 210 mikrodalğalı silah sistemi də SAHA 2026 sərgisində təqdim olunan diqqətçəkən sistemlərdən biri olub.

Xüsusilə sürü halında hücum həyata keçirən mini və mikro pilotsuz uçuş aparatlarına qarşı hazırlanan sistemin mənzilinin iki dəfə artırıldığı bildirilib.

Yeni radar, qabaqcıl elektro-optik sistemlər və artırılmış müdaxilə qabiliyyəti ilə yenilənən EJDERHA-nın müstəqil fəaliyyət göstərə bilən quruluşa çevrildiyi qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Polad-Günbəz  


Bizi "telegram"da izləyin