“Defense News”: Rusiya Əlcəzairi “kölgə aviasiya parkı” üçün logistika mərkəzinə çevirir?

2026/05/Ekran-1778073711.jpg
Oxunub: 497     17:14     06 May 2026    
Rusiyanın “kölgə aviasiya parkı” silah və sanksiyaya məruz qalan avadanlıqların daşınması üçün Əlcəzairdən mərkəz kimi istifadə edir.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” araşdırma yayıb.

Jurnalistlər 2025-ci il martın 1-dən 2026-cı il aprelinədək ən azı 167 yük reysi müəyyən ediblər.

Bu əməliyyatlar zahirdə mülki daşıyıcı kimi görünən, əslində isə hərbi logistikanı dəstəkləyən, ikili təyinatlı mallar və digər məhdudlaşdırılmış avadanlıqları daşıyan şirkətlər şəbəkəsi tərəfindən idarə olunur.

Əlcəzair uzun müddətdir Rusiyanın yaxın müttəfiqidir. 2018-2022-ci illər arasında ölkə silahlarının 73%-ni Rusiyadan alıb və Moskva onun əsas hərbi təchizatçısı olub.

Əməliyyatlarda iştirak edən texnikalar arasında Əlcəzairin yaxın vaxtlarda qəbul etməyə başladığı müasir “Su-57” qırıcıları, həmçinin “Su-34” qırıcı-bombardmançıları da var. Sonuncular artıq Komsomolsk-na-Amur şəhərində Birləşmiş Aviasiya Korporasiyasının obyektlərində kamuflyaj vəziyyətində müşahidə olunub.

Rusiyanın “kölgə donanması” üçün əsas eniş məntəqələri “Um əl-Buaqi”, “Ayn Ussara”, “Annaba”, “Laquat” və “Beşar” aviabazalarıdır. Ölkə həmçinin sanksiyalardan yayınmaq üçün tranzit mərkəzi rolunu oynayır.

Əlcəzair üzərindən marşrutlar Afrika və digər regionlara uzanır ki, bu da Rusiyanın gizli təchizat imkanlarını genişləndirir. Məsələn, Rusiyanın mülki aviasiyasına məxsus Il-76TD təyyarəsi (RA-76373) 2025-ci il mart ayında Əlcəzairdə dayanaraq Qvineyaya uçub.

RA-78765 təyyarəsi də burada eniş edib. Onun Latın Amerikası üzrə çoxmərhələli marşrutu Braziliya, Boliviya, Kolumbiya, Venesuela, Meksika və Kubanı əhatə edib. Təyyarə Rusiyaya Venesuela, Mavritaniya və Əlcəzairin şimal-şərqində yerləşən Annaba aviabazası üzərindən qayıdıb.

Araşdırma Rusiyanın Afrikadakı hərbi mövcudluğunu dəstəkləyən və “Afrika Korpusu” adlandırılan qüvvələr üçün texnika və resurslar təmin edən genişmiqyaslı logistika şəbəkəsini üzə çıxarır.

Əsas operatorlardan biri ABŞ, Kanada və Ukraynanın sanksiyalarına məruz qalan “Aviacon Zitotrans” yük aviaşirkətidir.

Bundan əvvəl “Militarnyi” Rusiyanın genişmiqyaslı hava logistika sistemi qurduğunu bildirmişdi. Mülki yük reyslərindən onun hərbi-sənaye sektoru üçün kritik komponentlərin çatdırılmasında istifadə olunur.

Bu “kölgə hava körpüsü” ixrac məhdudiyyətlərindən yayınaraq elektronika və ikili təyinatlı avadanlıqların müntəzəm daşınmasına imkan verir.

Çatdırılmaları sürətləndirmək üçün Rusiya operatorları dəniz daşımaları ilə müqayisədə izlənməsi daha çətin olan mülki təyyarələrə üstünlük verirlər.

Sistem çoxsəviyyəli logistika prinsipi ilə işləyir: mallar vasitəçilər üzərindən alınır, üçüncü ölkələrdən keçirilir və mənşəyini gizlətmək üçün yeni sənədlərlə yenidən etiketlənir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Əlcəzair   Aviasiya  


Bizi "telegram"da izləyin