SR-71 “Blackbird” indiyə qədər istehsal edilən ən sürətli təyyarə olaraq qalır. 1966-1999-cu illərdə istismar edilən bu məşhur kəşfiyyat təyyarəsi “Mach 3” sürətini və 80 min fut yüksəkliyi aşa bilirdi. O, inanılmaz kinetik göstəricilərə malik idi və sürət rekordları müəyyən etmişdi. Bu rekordların ehtimal ki, heç bir pilotlu təyyarə tərəfindən qırılması mümkün olmayacaq.
Lakin “Blackbird”un inanılmaz göstəriciləri problemlər də yaradırdı. Belə sürət və yüksəklikdə təyyarənin gövdə temperaturu 500 dərəcə Fahrenheitdən çox ola bilirdi. Bu temperaturda isə ənənəvi təyyarə yanacağı həddindən artıq uçucu idi, yəni bu ekstremal istilik altında buxarlanma, alışma və ya parçalanma ehtimalı çox yüksək idi. Buna görə SR-71-in konstruktorları tamamilə yeni yanacaq sistemi hazırlamaq tapşırığı almışdılar. Bu sistem SR-71-in həddindən artıq yüksək göstəricilərinə tab gətirməli idi.
SR-71 “Blackbird” sözün əsl mənasında adi təyyarə yanacağı üçün həddindən artıq sürətli idi
Standart təyyarə yanacaqları davamlı “Mach 3” uçuşunun istilik yükü üçün yox, adi səsaltı və ya səsdən sürətli təyyarələr üçün nəzərdə tutulub. SR-71 ciddi istilik problemi yaradırdı. Hava sürtünməsi gövdəni daha yavaş təyyarələrdən qat-qat sürətli qızdırırdı. Gövdənin daxilində yerləşən yanacaq çənləri də qızırdı. Əgər çənlər adi təyyarə yanacağı ilə doldurulsaydı, buxar təzyiqi sürətlə yüksələr, yanacaq çən daxilində qaynayar və təhlükəli qazlar yaranardı. Yeganə həll yolu sıfırdan tamamilə yeni yanacaq hazırlamaq idi: ekstremal temperaturda sabit qalacaq, təsadüfən alışmayacaq, amma lazım gəldikdə etibarlı şəkildə yanacaq bir yanacaq.
Həll yolu JP-7 adlı yeni yanacaq qarışığı oldu. Aşağı uçuculuğa və çox yüksək alışma nöqtəsinə malik JP-7 SR-71 əməliyyatlarını mümkün edən istilik sabitliyi və buxarlanmaya qarşı davamlılıq təmin edirdi. Praktikada bu o demək idi ki, JP-7-ni alışdırmaq çətin idi və bu səbəbdən o, həddindən artıq qızmış SR-71 gövdəsinin daxilində təhlükəsiz hesab olunurdu.
Bunun mənfi tərəfi isə JP-7 çox sabit olduğu üçün onu ilk növbədə alışdırmağın çətin olması idi. Məşhur iddialardan birinə görə, alışmış kibrit birbaşa JP-7 gölməçəsinə atılsa belə onu alışdırmazdı. Bu iddianın tam doğru olub-olmamasından asılı olmayaraq, JP-7 adi aviasiya yanacağından daha çox eyni zamanda təyyarəni hərəkətə gətirən xüsusi hazırlanmış istilik idarəetmə mayesinə bənzəyirdi.
Maraqlıdır ki, JP-7-nin diqqətçəkən sabitliyi onun soyuducu kimi istifadəsinə də imkan verirdi. “Blackbird” uçuş zamanı yanacaq təyyarənin isti hissələri boyunca dövr etdirilir, hidravlik mayeni, yağı, avionik sistemləri və mühərrik hissələrini soyudurdu. Heç bir adi soyutma sistemi “Mach 3” istiliyini bu qədər effektiv idarə edə bilməzdi. Bu isə o demək idi ki, yanacaq sistemi təyyarənin istilikdən qorunma sisteminin bir hissəsi idi.
Yanmayacaq bir yanacağı necə alışdırmaq olar?
Əsas problem əlbəttə ki, ilk növbədə JP-7-ni alışdırmaq idi. Həll yolu “triethylborane” (TEB) maddəsi oldu. Bu maddə hava ilə təmasda öz-özünə alışır və mühərrik işə salınarkən və ya forsaj sistemi qoşularkən fərqləndirici yaşıl işıq saçırdı. TEB SR-71 mühərriklərinin işə salınması və forsaj alışdırılması üçün istifadə olunurdu. Maraqlıdır ki, təyyarənin öz alışdırma sistemi yox idi. Mühərrikləri işə salmaq üçün yerüstü “start cart” dəstəyinə ehtiyac duyurdu və bu sistem adətən birləşdirilmiş iki “Buick” mühərrikindən ibarət olurdu.
JP-7 SR-71-i əməliyyat qabiliyyətinə çatdırmaq üçün tələb olunan diqqətçəkən mühəndislik və yaradıcılıq nümunəsidir. Təyyarənin imkanları o qədər ekstremal, kinetik göstəriciləri o qədər misilsiz idi ki, layihəni mümkün etmək üçün ən xırda detallara qədər yeni texnologiyalar hazırlanmalı olmuşdu. Buraya aşağı uçuculuğa malik xüsusi yanacaq mənbəyi də daxil idi.
Əlbəttə, bu logistika və əməliyyatları çətinləşdirirdi. Məsələn, JP-7 daşımaq üçün xüsusi KC-135Q tanker təyyarələri tələb olunurdu. Bu da SR-71-in istismarını həddindən artıq baha edirdi və nəticədə təyyarənin xidmətdən çıxarılmasının səbəblərindən birinə çevrildi. Lakin onun üç onillik xidməti və müəyyən etdiyi onlarla hava sürəti rekordu ABŞ-nin təyyarə konstruktorları və pilotlarının mühəndislik bacarığı və zəhmətinin sübutu idi.
Dəyanət Ağalarlı
Ordu.az