Ordu.az xəbər verir ki, görüntülər ABŞ Hərbi Dəniz Qüvvələrinin Cənub Komandanlığı və ABŞ 4-cü Donanmasının rəsmi “X” hesablarında yayımlanıb.
Hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş insansız dəniz platforması ABŞ hərbi rəhbərliyinin yeni texnoloji inkişafların nümayiş olunduğu illik “Fleet Experimentation (FLEX) 2026” tədbirinə səfəri zamanı təqdim olunub.
Təşkilatçıların sözlərinə görə, FLEX ABŞ Hərbi Dəniz Qüvvələrinin Cənub Komandanlığının məhdud sayda ənənəvi dəniz vasitəsi ilə böyük dəniz sahələrinə nəzarət etmək üçün qabaqcıl robotik və avtonom sistemlərin yerləşdirilməsi strategiyasının əsas elementidir.
BRAWLR hava hücumundan müdafiə sistemi
“Sierra Nevada” şirkətinin BRAWLR universal hava hücumundan müdafiə sistemi ilk dəfə 2025-ci ilin sentyabrında ictimaiyyətə təqdim olunub.
BRAWLR eyni anda kamikadze pilotsuz uçuş aparatları və qanadlı raketləri məhv etmək üçün dörd növ raket daşıya bilir. Sistem APKWS, AIM-120, IRIS-T və AIM-9 raketləri ilə təchiz oluna bilir.
Hədəfləmə üçün sistem FLIR istilik kamerası, MANET bağlantısı ilə təchiz olunub və LAU-7 aviasiya pilonları ilə LAU-68 və LAU-131 buraxılış konteynerlərindən istifadə edə bilir.
Şirkətin məlumatına görə, sistem 2023-cü ildə yerləşdirildikdən və təqdimat vaxtına qədər 400-dən çox hava təhdidini məhv edib. Şirkət BRAWLR-ın harada yerləşdirildiyini açıqlamayıb, lakin məhv edilən hədəflərin sayı nəzərə alınsa, Ukraynanın ehtimal olunan operator olduğu bildirilir.
“Common Unmanned Surface Vehicle” insansız dəniz platforması
ABŞ Hərbi Dəniz Qüvvələri uzun müddətdir CUSV ailəsinə məxsus insansız dəniz platformalarından istifadə edir. “Textron” 2014-cü ilin oktyabrında “Unmanned Influence Sweep System” (UISS) proqramı üçün CUSV-lərin tədarükünə dair ilk 33,8 milyon dollarlıq müqaviləni alıb.
Müqaviləyə 30 aylıq mühəndislik, istehsal, araşdırma və inkişaf mərhələsi çərçivəsində UISS-in dizaynı, inkişafı və kvalifikasiyası, həmçinin birgə komanda-idarəetmə proqram təminatı daxil idi.
Əsas konfiqurasiyada CUSV təxminən 11,7 metr uzunluğa və 3,5 metr enə malikdir. Ümumi çəkisi təxminən 11.340 kiloqramdır. Maksimal sürəti 30 knot-u keçir. Dözümlülük müddəti 72 saata çata bilir və 10 düyün sürətlə mənzil 926 kilometri keçir.
Ümumi faydalı yük daşıma qabiliyyəti təxminən 2.250 kiloqramdır, göyərtə faydalı yük sahəsi təxminən 12,1 kvadratmetr, müşahidə avadanlığının icazə verilən çəkisi isə 45 kiloqramdır.
Tam əməliyyat 1,25 metr dalğa hündürlüyündə, məhdud əməliyyat isə 2,5 metrə qədər dalğa hündürlüyündə mümkündür.
Sistem mina əleyhinə tədbirlər, təhdidlərin axtarışı və zərərsizləşdirilməsi, həmçinin suüstü döyüş, ekspedisiya əməliyyatları və kəşfiyyat, müşahidə və tanıma (ISR) dəstlərinin yerləşdirilməsi üçün istifadə oluna bilər.
Sevinc Əliyeva
Ordu.az