Ordu.az xəbər verir ki, sözügedən razılaşma Braziliyalı istehsalçının bir ölkə ilə həyata keçirdiyi ən böyük beynəlxalq sifariş olmaqla yanaşı, C-390 platformasının Yaxın Şərqdəki ilk satışı kimi qeydə alınır.
Razılaşma BƏƏ-nin müdafiə tədarükünə cavabdeh qurumu “Tawazun Council for Defense Enablement” ilə “Embraer” rəsmiləri arasında Əbu-Dabidə imzalanıb.
Müqavilə 10 təyyarəlik dəqiq sifarişə əlavə olaraq gələcəkdə daha 10 ədəd opsiyanı da əhatə edir.
Baxım və yerli əməkdaşlıq ön plana çıxır
Razılaşma çərçivəsində həmçinin genişmiqyaslı texniki xidmət, təmir və yenidənqurma (MRO) xidmətləri ilə satışdan sonrakı dəstək elementləri də yer alır.
“Embraer” bu xidmətləri BƏƏ-də yerləşən müdafiə texnologiyaları şirkəti “Generation 5 Holding” ilə əməkdaşlıq çərçivəsində hazırlayacaq və təmin edəcək.
“Generation 5 Holding”in baş direktoru doktor Khalifa Murad Alblooshi mövzu ilə bağlı açıqlamasında bildirib:
“Embraer”in BƏƏ-dəki eksklüziv tərəfdaş olaraq “Generation 5 Holding”i seçməsi məlumat transferini sürətləndirmək və qabaqcıl texniki qabiliyyətləri genişləndirmək istiqamətində ortaq səylərimizi gücləndirir. Bunun sayəsində C-390 “Millennium”un ən yüksək beynəlxalq standartlarda yerli şəkildə dəstəklənməsi və istismarı təmin ediləcək”.
Çoxməqsədli qabiliyyət vurğusu
“Tawazun Council for Defense Enablement”in baş katibi doktor Nasser Humaid Al Nuaimi isə C-390-ın seçilməsinin geniş texniki və əməliyyat qiymətləndirmə prosesindən sonra baş verdiyini bildirərək platformanın mövcud sistemlərlə effektiv inteqrasiya təmin edəcəyini və BƏƏ-nin çoxməqsədli hava nəqliyyatı qabiliyyətini uzunmüddətli perspektivdə inkişaf etdirəcəyini vurğulayıb.
BƏƏ Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə elementləri çoxməqsədli nəqliyyat təyyarəsini yük və şəxsi heyətin daşınması, havadan atma əməliyyatları, humanitar yardım tapşırıqları və tibbi təxliyə kimi geniş tapşırıq spektrində istifadə edəcək.
C-390 “Millennium” 26 ton (57.320 funt) faydalı yük daşıma qabiliyyətinə malikdir, 470 düyün (870 km/s) maksimal sürətə çata bilir və həm asfalt, həm də sabitləşdirilmiş uçuş zolaqlarından qalxa bilir.
Sözügedən platforma hazırda Macarıstan, Niderland, Cənubi Koreya və İsveç kimi ölkələr tərəfindən istifadə olunur və ya tədarük prosesindədir.
Sevinc Əliyeva
Ordu.az