Ordu.az “GDH.Digital”a istinadən xəbər verir ki, Türkiyənin dənizlərdəki milli mühəndislik gücü olan “STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş.” hərbi dəniz platformalarındakı dərin təcrübəsini avtonom sistemlər sahəsindəki mütəxəssisliyi ilə birləşdirərək “Mavi Vətən”in müdafiəsində yeni dövrü təmsil edən yeni nəsil KİDP YAKTU-nu təqdim edib.
50 düyündən artıq sürəti və yüksək zərbə gücü ilə diqqət çəkən platforma liman müdafiəsindən açıq dəniz əməliyyatlarına qədər assimetrik müharibə sahəsinin bütün kritik ehtiyaclarına cavab verəcək şəkildə milli imkanlarla hazırlanıb.
Dəniz müharibəsində sürü texnologiyası dövrü
STM YAKTU-nun təqdimatında çıxış edən STM-in baş direktoru Özgür Güleryüz bildirib:
“İnsansız sistemlər sahəsindəki mühəndislik təcrübəmizi dəniz platformalarındakı köklü təcrübəmizlə birləşdirərək hazırladığımız YAKTU-nu bu gün ilk dəfə SAHA EXPO-da nümayiş etdirməyin qürurunu yaşayırıq. Bu platforma sadəcə yüksək sürətli zərbə vasitəsi deyil, sahib olduğu süni zəka dəstəkli avtonom arxitektura və sürü qabiliyyəti ilə dəniz müharibəsində strateji güc çarpanı olacaq. Birdən çox KİDP-nin koordinasiyalı şəkildə hərəkət edərək hədəfi müxtəlif bucaqlardan təzyiq altında saxlaya bilən bu sistem müasir müdafiə xətlərini aşmaq üçün xərc baxımından effektiv və yüksək dəqiqliyə malik həll təqdim edəcək. “Mavi Vətən”in təhlükəsizliyi üçün avtonom texnologiyalarımızı suüstü platformalarda da ən yüksək səviyyəyə çatdırmaqda qərarlıyıq”.
Yüksək sürət və nöqtəvi nişanalma qabiliyyəti
Strateji suüstü hədəflərə qarşı həssas hücum tapşırıqları üçün optimallaşdırılan STM YAKTU 5,8 metr uzunluğu və kompakt dizaynı sayəsində aşkarlanması çətin olan quruluşa malikdir.
50 düyündən artıq maksimal sürəti ilə dinamik hədəflərə, hərəkətli dəniz vasitələrinə qarşı sürətli nişanalma təmin edən sistem 200 dəniz milindən artıq mənzili ilə geniş əməliyyat radiusunda tapşırıq yerinə yetirə bilir.
Sistemin ən diqqətçəkən xüsusiyyəti olan sürü zəkası bölmələrarası ani məlumat paylaşımı ilə avtonom tapşırıq bölgüsünün həyata keçirilməsini təmin edir.
Yerli avadanlıq və milli proqram təminatı arxitekturası ilə hazırlanan YAKTU görmə xətti (LOS) və peyk rabitəsi (SATCOM) seçimləri ilə şəbəkə dəstəkli əməliyyat qabiliyyətini bütün əməliyyat mühitlərində ən yüksək səviyyədə saxlayır.
Adını qədim türk dilində “işıq” və “aydınlıq” mənasını verən sözdən alan və mənşə etibarilə “yandırmaq” felindən törəyən YAKTU dəniz üzərindəki yüksək sürəti və gecə-gündüz fərq etmədən hədəfinə yönələn qətiyyəti ilə “Mavi Vətən”in yeni işığı olmağa hazırlaşır.
Əməliyyat xüsusiyyətləri
- Sürü əməliyyat qabiliyyəti
- Avtonom tapşırıq yerinə yetirmə qabiliyyəti
- Kamikadze-tək istiqamətli hücum tapşırıq profili
- 50+ düyündən artıq yüksək sürətlə sürətli nişanalma
- 200 dəniz mili mənzil ilə geniş əməliyyat sahəsi
- Gündüz/gecə tapşırıq qabiliyyəti
- LOS və peyk rabitəsi ilə şəbəkə dəstəkli əməliyyat
- Müxtəlif platformalardan və sahil əsaslı istifadə imkanı
- Aşağı siluetli və kompakt dizayn ilə aşkarlanması çətin quruluş
Texniki xüsusiyyətlər
Tam uzunluq (LOA): 5.8 m
Sbasımı qabiliyytəi: 1.7 t
Maksimal davamlı sürət: 50+ kts
Xidmət sürəti: 20+ kts
Mənzil: 200 dəniz mili (@20 düyün)
1x dizel əsas mühərrik
1 x “Waterjet” (WJ)
Sevinc Əliyeva
Ordu.az