Ordu.az xəbər verir ki, SERP-FPV sistemi hərəkətli hədəfləri qorumaq üçün hazırlanıb və müxtəlif tezliklərdə çalışan pilotsuz uçuş aparatlarının idarəetmə siqnallarını boğa bilir.
Rusiya Dövlət Texnologiya Şirkəti “Rostec” pilotsuz uçuş aparatlarına qarşı hazırlanmış SERP radioelektron mübarizə ailəsinə FPV (First Person View) pilotsuz uçuş aparatlarına qarşı genişmiqyaslı hücumların qarşısını almağı hədəfləyən yeni əlavə sistem inteqrasiya etdiklərini açıqlayıb.
“Rostec”dən verilən açıqlamada holdinqə daxil olan “Rosel” şirkətinin pilotsuz uçuş aparatlarına qarşı sistemlər ailəsi olan SERP-i xüsusilə nəqliyyat vasitələrini və mobil hədəfləri FPV pilotsuz uçuş aparatlarından qorumağa yönəlmiş yeni məhsulla genişləndirdiyi bildirilib. FPV pilotsuz uçuş aparatlarının sahədə aktiv şəkildə hücum məqsədilə istifadə olunduğuna diqqət çəkilib.
Yeni SERP-FPV kompleksinin hərəkətli hədəflərə yönələn pilotsuz uçuş aparatlarını effektiv şəkildə əngəlləmək üçün hazırlandığı, sistemin ən vacib xüsusiyyətlərinin sürətli yerləşdirilmə qabiliyyəti və siqnal boğmadakı effektivliyi olduğu vurğulanıb.
Sistemin FPV pilotsuz uçuş aparatlarının ən geniş istifadə olunan idarəetmə tezliklərində, mülki diapazonlar daxil olmaqla işləyə bildiyi, tək pilotsuz uçuş aparatlarına qarşı yönəlmiş maneə, kütləvi hücumlara qarşı isə 360 dərəcə əhatəli maneə yarada bildiyi qeyd olunub.
“Rostec”ə daxil olan “Rosel” şirkətinə bağlı “Vektor” Araşdırma İnstitutunun Biznesin İnkişafı üzrə direktor müavini Natalya Kotlyar pilotsuz uçuş aparatı operatorlarının standart radioelektron mübarizə tədbirlərini aşmaq üçün tez-tez cihazlara “yenidən proqram yükləyərək” qeyri-adi tezliklərdə işləməsini təmin etdiklərini bildirib.
Kotlyar buna baxmayaraq, SERP sistemlərinin geniş tezlik diapazonunu əhatə etdiyini vurğulayaraq deyib: “Operator öz “xüsusi” tezliyindən istifadə etsə belə, əgər bu tezlik bizim antidron sistemimizin əhatə dairəsindədirsə, siqnal yenə də boğulur. Hər hiyləgər “quş”a qarşı içində sirr olan öz radioelektron mübarizə sistemimiz var”.
Sevinc Əliyeva
Ordu.az