Ordu.az xəbər verir ki, “Mach 25” sürətinə çata bilən raket dünya mediasında geniş rezonans doğurarkən, müdafiə sənayesində necə təsir yaradacağı maraq mövzusuna çevrilib.
Türkiyənin ilk qitələrarası hipersəs raketi “Yıldırımhan” SAHA 2026 sərgisində ilk dəfə nümayiş etdirilib.
Mach 25 sürətinə çata bilən raket 3 min kq partlayıcı daşıma qabiliyyətinə və yüksək manevr imkanına malikdir.
Dörd raket mühərrikli bu texnologiya yüksək sürəti sayəsində hava hücumundan müdafiə sistemlərini təsirsiz hala gətirəcək şəkildə hazırlanıb.
Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən hazırlanan qitələrarası ballistik hipersəs raketi “Yıldırımhan” SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində ilk dəfə təqdim olunub.
Milli müdafiə naziri Gülər stendin açılışını edib
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İstanbul Sərgi Mərkəzində təşkil olunan tədbirdə “Yıldırımhan”ın da daxil olduğu müdafiə sənayesi məhsullarının yer aldığı stendin açılışını həyata keçirib.
Bu səviyyəyə çatmaq üçün uzunmüddətli planlama, güclü iradə, davamlı inkişaf anlayışı və effektiv koordinasiya ilə hərəkət etdiklərini bildirən Gülər deyib: “Çatdığımız bu nöqtə qürurverici olsa da, inkişaf edən texnologiya və müxtəlifləşən ehtiyaclar bizi daim yenilənməyə məcbur edir. Müdafiə sənayesinin davamlı şəkildə gücləndirilməsində AR-GE yönəlmiş məhsul inkişafı və fəaliyyətləri həlledici rol oynayır. Bu çərçivədə nazirliyimiz də Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarının qarşılanmasına yönəlmiş işlərini böyük qətiyyətlə davam etdirir”.
“Mach 25”ə qədər sürətə çata bilir
AA-nın yaydığı məlumata görə, hipersəs raketi sinfinə məxsus “Yıldırımhan” “Mach 9” ilə “Mach 25” arasında dəyişən sürətlərə çata bilir. “Mach” hərəkət edən cismin səs sürətinə nisbətini ifadə edir.
Dörd raket mühərriki ilə hərəkət edir
Raketin önə çıxan texniki xüsusiyyətləri belə sıralanıb:
- Yanacaq olaraq maye azot tetroksidindən istifadə olunur
- Dörd raket mühərriki ilə hərəkət edir
- Yüksək sürət və manevr qabiliyyəti sayəsində erkən xəbərdarlıq və önləmə sistemlərini çətinləşdirir
- 3 min kiloqram partlayıcı daşıma qabiliyyətinə malikdir
Diqqət çəkən manevr qabiliyyəti
Yüksək sürət və ani istiqamət dəyişdirmə qabiliyyəti ilə diqqət çəkən “Yıldırımhan” mövcud hava hücumundan müdafiə sistemlərinə qarşı çətin aşkarlanan yeni nəsil raket texnologiyaları sırasında göstərilir.
Dünya mediası tərəfindən yaxından izlənilir
Türkiyənin hazırladığı hipersəs raketi “Yıldırımhan” başda İsrail mediası olmaqla bir çox ölkədə geniş rezonans doğurub. Beynəlxalq media orqanları raketin yüksək texnologiyalı xüsusiyyətlərinə və mənzil qabiliyyətinə diqqət çəkib.
Yunan mediasında yer alan xəbərlərdə “Yıldırımhan” adı ilə bağlı tarixi göndərişlərə də diqqət yetirilib. Xəbərdə qeyd edilib: “Raket adını müharibələrdəki sürəti və cəsarəti səbəbilə “Yıldırım” ləqəbi alan Osmanlı sultanı İldırım Bəyaziddən götürür”.
Yunan mediasındakı qiymətləndirmələrdə 6 min kilometrlik mənzilin bölgədə strateji balanslara təsir göstərə biləcəyi şərhləri yer alıb, layihənin inkişaf prosesinin Afina tərəfindən yaxından izlənildiyi irəli sürülüb.
“Türkiyədən gələn cəhənnəm”
İsrailin “Maariv” qəzeti “Ərdoğan dünyanı təəccübləndirən ballistik raket canavarını təqdim etdi” başlığı ilə yayımladığı xəbərdə “Yıldırımhan”ın Ankaranın strateji çəkindirmə qabiliyyətində mühüm hədd yaratdığını yazıb.
Digər İsrail nəşri olan “Israel Hayom” isə xəbəri “Türkiyə 6000 kilometrlik mənzilə malik ballistik raketini təqdim etdi” başlığı ilə oxucularına çatdırıb.
“Kikar” qəzeti də “Türkiyədən gələn cəhənnəm: 7 metr betonu deşə bilən bomba və bütün İsraili əhatə edən raketlər” başlıqlı xəbərində SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində təqdim olunan “Tayfun” raketi və “Gazap” bombasına diqqət çəkib.
Xəbərdə “İstanbuldakı sərgidə güclü termobarik bombalardan İsrail ərazisinin tamamını əhatə edən raketlərə qədər bənzəri olmayan türk silah inventarı ortaya qoyuldu” ifadələri işlədilib.
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisinin son günü olan mayın 9-na qədər layihə ilə bağlı yeni detallərin paylaşılması gözlənilir.
Sevinc Əliyeva
Ordu.az