ABŞ dövlət katibi: “İsrail və Livan arasında sülh sazişi mümkündür, amma bu, mürəkkəb proses olacaq”

2026/05/1778044162.jpg
Oxunub: 391     09:08     06 May 2026    
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İsrail və Livan arasında sülh sazişi əldə etmək mümkündür, lakin bu proses asan olmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Rubionun sözlərinə görə, bu, Livanın “Hizbullah” hərəkatına qarşı mübarizə imkanlarının gücləndirilməsini tələb edəcək.

“Mən hesab edirəm ki, Livan və İsrail arasında sülh sazişi tamamilə əlçatandır və belə də olmalıdır. İsrail ilə Livan arasındakı problem nə İsrail, nə də Livandır, problem “Hizbullah”dır”, - deyə Rubio Ağ Evdəki brifinqdə bildirib.

ABŞ dövlət katibinin sözlərinə görə, bu vəziyyət çox uzun müddətdir davam edir.

Rubio qeyd edib ki, Vaşinqton ümid edir ki, ABŞ vasitəçiliyi ilə Livan və İsrail hökumətləri danışıqlar masası arxasına əyləşəcəklər.

Onun fikrincə, bunun üçün Livan silahlı qüvvələri və hökuməti təkcə hazır deyil, həm də “Hizbullah”a qarşı mübarizəyə başlamaq və onu silahsızlaşdırmaq iqtidarında olmalıdır.

ABŞ prezidenti Donald Tramp ötən ay İsrail və Livan arasında atəşkəs elan etmiş və bildirmişdi ki, döyüşlərin tam dayandırılması Vaşinqtonda iki ölkə liderinin şəxsi görüşü zamanı müzakirə olunacaq.

Lakin hələlik bu danışıqlar uğurla nəticələnməyib.

Buna baxmayaraq, Rubio vurğulayıb ki, ABŞ bu prosesə “çox sadiqdir”.

“Bu, asan olmayacaq”, - deyə o bildirib və əlavə edib ki, bu məsələ artıq çoxdan davam edir.

Rubio qeyd edib ki, Vaşinqton hər iki tərəfin danışıqları davam etdirməsi və “Hizbullah” tərəfindən davamlı şəkildə pozulmayacaq daimi atəşkəs rejiminə nail olunması üçün əlindən gələni edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rubio   İsrail   Livan  


Bizi "telegram"da izləyin