SAHA 2026 sərgisində “TRMOTOR TF35000 Alt Sistemlər” imza mərasimi keçirilib

2026/05/1778011645.jpg
Oxunub: 569     00:04     06 May 2026    
SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində “TRMOTOR TF35000 Alt Sistemlər İmza Mərasimi” təşkil olunub.

Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində keçirilən sərgi çərçivəsində TF35000 milli turbofan mühərrik layihəsində kritik mərhələyə keçid baş verib.

Mərasimdə Türkiyə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Gökhan Uçar və sektorun aparıcı şirkətlərinin yüksək səviyyəli rəhbərləri iştirak ediblər.

TRMOTOR baş direktoru professor Osman Saim Dinç, TUSAŞ baş direktoru Mehmet Demiroğlu, “IDAK Havacılık” baş direktoru Ali Emre Akgüneş, “HARPAX Sistem Teknolojileri” baş direktoru Dursun Öner, ANOVA AR-GE baş direktoru və idarə heyəti sədrinin müavini Emre Öztürk, “ALP Havacılık” baş direktoru Şenay İdil, “TAAC Havacılık Teknolojileri” baş direktoru Murat Koç və “PCS Test və Otomasyon” baş direktoru Uğur Yiğit mərasimdə iştirak ediblər.

“TF35000 milli turbofan mühərrikinin inkişafı çərçivəsində Müdafiə Sənayesi Komitəsinin himayəsi ilə TUSAŞ, “TAAC Havacılık Teknolojileri”, “ALP Havacılık”, ANOVA AR-GE, “HARPAX Sistem Teknolojileri”, “IDAK Havacılık “və “PCS Test və Otomasyon” ilə təxminən 70 milyon dollar dəyərində alt sistemlərin hazırlanması və təchizinə dair müqavilələr imzalanıb”, - deyə məlumatda qeyd olunub.

İmzalanan müqavilələr dişli qutusu, yanacaq və yağlama sistemləri, aktivasiya sistemi avadanlıqları və sınaq infrastrukturlarını əhatə edir.

Türkiyə Müdafiə Sənayesi Komitəsi sədrinin müavini Gökhan Uçar bildirib ki, mühərrik dizaynında ciddi inkişaf səviyyəsinə nail olunub və yaxın vaxtlarda prototiplərin istehsalına dair müqavilə də imzalanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SAHA   TRMOTOR   TF35000  


Bizi "telegram"da izləyin