ASFAT ilə MKE arasında “Denizhan” Milli Dəniz Topu təchizat müqaviləsi imzalanıb

2026/05/1778011581.jpg
Oxunub: 498     00:00     06 May 2026    
ASFAT ilə “Maşın və Kimya Sənayesi” (MKE) arasında ASFAT tərəfindən inşa ediləcək dörd dəniz patrul gəmisində istifadə olunacaq dəniz toplarının MKE-dən təchizinə dair müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmik sənaye klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi keçirilir.

“Anadolu” Agentliyinin (AA) qlobal kommunikasiya tərəfdaşı olduğu sərgi çərçivəsində, Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybetin iştirakı ilə ASFAT-ın baş direktoru Mustafa İlbaş ilə “Maşın və Kimya Sənayesi” (MKE) baş direktoru İlhami Keleş arasında ASFAT tərəfindən inşa ediləcək dörd dəniz patrul gəmisində istifadə olunmaq üçün MKE istehsalı olan 4 ədəd “Denizhan 76/62” milli dəniz topunun təchizatına dair müqavilə imzalanıb.

Türkiyə milli müdafiə nazirinin müavini Musa Heybet imza mərasimində çıxış edərək bildirib ki, nazirlik tərkibində fəaliyyət göstərən MKE ilə ASFAT arasında bu müqavilənin imzalanmasından məmnunluq duyur və razılaşmanın uğurlu olmasını arzulayır.

ASFAT-ın baş direktoru Mustafa İlbaş isə qeyd edib ki, Türkiyə Hərbi Dəniz Qüvvələri üçün ümumilikdə 10 açıq dəniz patrul gəmisi inşa edilir, bunlardan ilk iki gəmi artıq ASFAT tərəfindən tamamlanıb, daha sonra isə yeddi, səkkiz, doqquz və on nömrəli gəmilərin əsas podratçısı kimi layihələrə başlayıblar.

“Bu çərçivədə digər sistemlərdə olduğu kimi dəniz topunu da milli şirkətimiz olan MKE-dən almaq istəyirik. Bu səbəbdən buradayıq. Açıq dəniz patrul gəmilərinin 1 və 2 nömrəli olanlarında da artıq bu toplardan istifadə etdik və Rumıniyaya ixrac etdiyimiz açıq dəniz patrul gəmisində də eyni topdan istifadə olunub”, - deyə İlbaş bildirib.

MKE-nin baş direktoru İlhami Keleş isə 76 millimetrlik dəniz topunun dünyada yalnız dörd ölkə tərəfindən istehsal edilə bilən strateji sistem olduğunu vurğulayıb.

“MKE bu topu çox qısa müddətdə milliləşdirərək inventara daxil edib. Son olaraq altıncı topu yaxın zamanda təhvil verdik. Digərlərinin istehsalı davam edir. Bazar ertəsi Karapınarda keçirilən sınaqlarda 10-cu top da uğurla atış sınaqlarından keçdi. İndi istehsalı sürətlə davam etdiririk. Bu topların istehsalı üçün Mamakda yeni zavod qurduq və artıq fəaliyyətə başlayıb. Hazırda 31 ədəd topun istehsalı prosesi davam edir. Bunun 10-u təhvil verilib, 21-i isə istehsal olunur”, - deyə Keleş bildirib.

“Eyni zamanda sursatı da inkişaf etdirdik və artıq seriyalı istehsala keçib. Bu sursatın hava hücumundan müdafiədə istifadəsini təmin edəcək qəlpəli və yaxınlıq partladıcılı versiyası üzərində işləyirik. Uğur əldə etsək, bu toplar həm “standoff” sursatlara, həm “Şahid” tipli pilotsuz uçuş aparatlarına, həm də aşağı hündürlükdə uçan hücum helikopterlərinə qarşı istifadə oluna biləcək. Topların mənzili 16 kilometr, dəqiqədə atış sürəti isə 80-dir. 76 mm çaplı bu top qəlpəli sursatla hədəf üzərində ciddi təsir yarada bilir və ona hava hücumundan müdafiə qabiliyyəti qazandırılır”, - deyə o qeyd edib.

Verilən məlumata görə, MKE mühəndisliyi ilə hazırlanan “Denizhan” Milli Dəniz Topu yüksək yerlilik səviyyəsi və qabaqcıl istehsal imkanları ilə seçilir.

Bu günə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına 6 ədəd təhvil verilən dəniz topu 2024-cü ildə İndoneziyaya, 2025-ci ildə isə Rumıniyaya ixrac edilib.

MKE-nin investisiyaları ilə 76 millimetrlik dəniz topunun istehsal gücünün 500 faiz artırılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASFAT   MKE   Denizhan  


Bizi "telegram"da izləyin