Emmanuel Makron Avropanın strateji müstəqilliyinin qorunmasına və xarici oyunçulardan asılılığın azaldılmasına çağırıb

2026/03/1773856960.jpg
Oxunub: 309     15:45     04 May 2026    
Avropa Siyasi Birliyinin sammitində çıxışı zamanı Emmanuel Makron Avropanın strateji müstəqilliyini gücləndirməyin və əsas sahələrdə xarici tərəfdaşlardan asılılığı azaltmağın zəruri olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onun sözlərinə görə, bu məsələ yalnız təhlükəsizlik və müdafiəni deyil, həm də enerji, ərzaq təhlükəsizliyi, kosmos və yarımkeçirici istehsalı kimi daha geniş sahələri əhatə edir.

Makron vurğulayıb ki, strateji əhəmiyyətli sahələrdə digər ölkələrdən həddindən artıq asılılıq Avropanı həssas vəziyyətə salır. O xatırladıb ki, bu cür risklər artıq COVID-19 pandemiyası zamanı, həmçinin Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda özünü göstərib və Avropanın Rusiya qazından asılılığını üzə çıxarıb.

Fransa prezidenti təhlükəsizlik sahəsində “Amerika çətiri” kimi tanınan mövzuya da toxunaraq bildirib ki, bu məsələ Avropa ölkələri üçün hələ də həssas olaraq qalır. Eyni zamanda o vurğulayıb ki, ABŞ ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, Avropa Çinlə bağlı asılılıqları da nəzərə alaraq öz müstəqilliyini gücləndirməlidir.

O qeyd edib ki, geosiyasi təhdidlərdən qorunmaq üçün istehsalın bir hissəsi Avropaya qaytarılmalı, tərəfdaşlıq əlaqələri şaxələndirilməli və təchizat zəncirləri möhkəmləndirilməlidir.

Qlobal münaqişələrin kəskinləşməsi təhlükəsinə diqqət çəkən Makron bildirib ki, xüsusilə ABŞ-Çin qarşıdurması mövcud asılılıqları daha da aydın göstərə bilər.

Makron əlavə edib ki, Avropa demokratiya dəyərləri, beynəlxalq hüquq, azad ticarət və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyi ilə mühüm üstünlüklərə malikdir. Bu isə Avropanı Asiya, Afrika, Latın Amerikası və Yaxın Şərq ölkələri üçün daha etibarlı tərəfdaşa çevirir.

Çıxışın mühüm hissəsi Hörmüz boğazı ətrafındakı vəziyyətə həsr olunub. Makronun sözlərinə görə, Avropa diplomatik və iqtisadi vasitələrdən istifadə etməklə bu regionda sabitliyin və azad ticarətin təmin olunmasında konstruktiv rol oynaya bilər.

O bildirib ki, bu istiqamətdə artıq beynəlxalq tərəfdaşlarla iş aparılır və Avropanın etibarlı vasitəçi kimi çıxış edə biləcəyinə əminlik ifadə edib.

Çıxışının sonunda Makron vurğulayıb ki, Ukraynadakı vəziyyət də daxil olmaqla çoxsaylı çağırışlara baxmayaraq, Avropa ölkələri strateji müstəqilliyə nail olmaq və qlobal arenada mövqelərini gücləndirmək üçün birlikdə hərəkət etməlidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   Avropa  


Bizi "telegram"da izləyin