“Wildberries” qalmaqalından geosiyasi mesajlara: İrəvanda daxili qarşıdurmanın arxasında nə dayanır?

2026/05/1777886281.jpg
Oxunub: 560     13:16     04 May 2026    
“Wildberries” ilə bağlı son hadisənin arxasında Ermənistandakı iki müxalif qüvvə dayanır”. Bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib və problemin həll olunacağına əmin edib.

Ermənistanda yaşayan, həm İrəvan Dövlət Universitetində, həm də Londonda ali təhsil almış bir “Facebook” istifadəçisi ona küçə üslubunda cavab verərək belə yekunlaşdırıb: “Zelenskini İrəvana dəvət etməklə bağlı nə xəbər var?”

Demək olar ki, eyni vaxtda rusiyalı media maqnatı Aram Qabrelyanov “Facebook” səhifəsində yazıb ki, “Nikol Paşinyan Ermənistanı iflasa və fəlakətə aparır”. Qabrelyanov ermənilərə “Zelenskinin nümunəsini nəzərə almağı” “məsləhət görüb”.

“Zelenskinin müharibənin məsuliyyət daşıyıcısı olduğu” narrativinin reallıqla heç bir əlaqəsi yoxdur. Vladimir Putin Ukraynaya və ən azı Şərqi Avropaya dair geosiyasi iddialarını hələ 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı məşhur çıxışında səsləndirib və bu çıxış bəzi ekspertlər tərəfindən Çörçillin Fulton çıxışı ilə müqayisə olunur.

Zelenski hələ komik aktyor olduğu vaxt Rusiya Krımı və Sevastopolu işğal etmişdi. Daha əvvəl isə Abxaziya və Cənubi Osetiya işğal olunmuşdu və Tbilisidən cəmi 20 kilometr məsafədə dayanmışdı. Əgər Qərb ölkələri susaydı, Rusiya Gürcüstanın paytaxtını da ələ keçirə bilərdi.

2026-cı il aprelin 28-də Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclası keçirilib. Rusiyanın müdafiə naziri Belousov bildirib ki, “Mərkəzi Asiyada regiondankənar qüvvələrin mövcudluğu qəbuledilməzdir”.

Astana, Daşkənd və hətta Düşənbədə bu bəyanat ekspert səviyyəsində “açıq təhdid” kimi qiymətləndirilib.

Bu ölkələrdə, şərti olaraq desək, “küçədən hakimiyyətə gəlmiş Paşinyan” yoxdur, lakin regionda inteqrasiya və yeni təhlükəsizlik mühitinin formalaşması perspektivi mövcuddur.

Cənubi Qafqaz kontekstində Rusiyanın əsas problemi Ermənistan-Azərbaycan sülh prosesi və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasıdır. Ermənistanın keçmiş ombudsmanı və baş nazirliyə namizəd Arman Tatoyan Rusiya ilə münasibətlərdə ortaq maraqlar prinsipinə əsaslanmağı təklif edib.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev iki gün əvvəl bəyan edib ki, mövcud nəsil dövründə Rusiya ilə Avropa arasında qarşıdurma həll olunmayacaq. Bu, Rusiyanın marağıdır. Bu maraqları “effektiv şəkildə təmin etmək” üçün Moskva ən azı bütün postsovet məkanını “inteqrasiya etməyə” çalışır. Bəs bu prosesdə Ermənistanın marağı nədir?

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Wildberries   İrəvan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin