Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.
Nəşr qeyd edir ki, Ukraynadakı müharibə səbəbindən Rusiyanın təsirinin zəifləməsi fonunda Avropa İttifaqı Ermənistanla münasibətləri dərinləşdirir.
Gözlənilir ki, İrəvanda keçiriləcək sammitdə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının Prezidenti Antoniu Koşta Ermənistanda xarici müdaxiləyə qarşı Avropa İttifaqı missiyası ideyasını rəsmi şəkildə dəstəkləyəcəklər. Energetika, nəqliyyat və iqtisadi dəstək məsələləri də müzakirə olunacaq.
“The Guardian” xatırladır ki, Avropa İttifaqı Ermənistanda ikiillik missiya üçün 20-30 mülki ekspertdən ibarət qrup formalaşdırır. Məqsəd rus kiberhücumlarına, informasiya manipulyasiyalarına və müdaxilələrə qarşı cavab tədbirlərini gücləndirmək, həmçinin qanunsuz maliyyə axınlarına qarşı mübarizə aparmaqdır.
“Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində xarici müdaxiləyə qarşı mübarizə aparmaq üçün “hibrid sürətli reaksiya qrupu”nun yaradıldığını elan edib. Bu seçkilər Ermənistanın gələcək xarici siyasət kursunu müəyyənləşdirmək baxımından mühüm hesab olunur.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Avropa İttifaqı-Ermənistan sammitini “münasibətlərimizdə mühüm mərhələ” adlandırıb.
Ermənistan uzun müddət Qafqazda Rusiyanın ən sadiq müttəfiqlərindən biri hesab olunurdu, lakin Moskvanın 2020 və 2023-cü illərdə Qarabağda baş verən münaqişələr zamanı hərbi yardım göstərməməsindən sonra məyusluq artdı.
Hətta Azərbaycanla sülh sazişinin ilkin imzalanmasından əvvəl də Ermənistan Avropa İttifaqına yaxınlaşmağa çalışırdı. Bununla belə, ölkə hələ də mühüm ticarət və təhlükəsizlik tərəfdaşı olan Rusiyanın güclü təzyiqi altında qalır. Moskva iqtisadi təsir rıçaqlarından istifadə edərək Ermənistanın mineral suyu və konyakının idxalına məhdudiyyətlər tətbiq edib. Vladimir Putin həmçinin Nikol Paşinyanı xəbərdar edib ki, Ermənistan Avropaya inteqrasiyanı davam etdirərsə, ucuz rus qazının tədarükü təhlükə altına düşə bilər.
Avropa Parlamentinin fransalı mərkəzçi deputatı Natali Luazo bildirib: “Seçicilərə təzyiq göstərmək istəyənlərlə üzləşən ölkə ümid edir ki, Avropa İttifaqı azad və ədalətli seçkilərin keçirilməsinə kömək edəcək”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az