Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu yazıb.
Qeyd edilib ki, “Azadlıq” radiosunun sərəncamında sammitin sonunda qəbul ediləcək birgə bəyanatın layihəsi var.
“Layihədə yalnız qeyd olunur ki, “Avropa İttifaqı Ermənistanla münasibətləri möhkəmləndirmək, Ermənistanın dayanıqlığını, islahatlar gündəliyini və uzunmüddətli inkişafını dəstəkləmək öhdəliyinə sadiqliyini bir daha təsdiqləyir və bununla Ermənistanı Avropa İttifaqına daha da yaxınlaşdırır”.
Təxminən üç il əvvəl Baş nazir Nikol Paşinyan Avropa Parlamentində Ermənistanın Avropa İttifaqına Brüsselin mümkün hesab etdiyi qədər yaxın olmağa hazır olduğunu bəyan etsə də, parlament ötən il üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etsə də, İrəvana gələcək Avropa liderləri bu istiqamətdə sammitin sonunda hər hansı öhdəlik götürmək niyyətində deyillər.
Əvəzində Brüsselin Ermənistan üçün vacib olan viza liberallaşdırılması məsələsində “əhəmiyyətli irəliləyiş” barədə açıqlama verəcəyi gözlənilir. Bu, bir neçə mərhələdən ibarət prosesin ilk addımıdır və islahatların bu tempdə davam etdirilməsi halında Ermənistan vətəndaşlarının 3-4 il sonra, yəni bu onilliyin sonuna doğru Şengen zonasına vizasız səfər edə biləcəyi gözlənilir”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, sənəddə Ermənistan üçün yeni maliyyə yardımının ayrılması ilə bağlı qeyd yoxdur.
“Yalnız daha əvvəl elan edilmiş 270 milyon avroya və “Qlobal keçid” strategiyası çərçivəsində layihələr təqdim etməklə əldə edilə biləcək 2,5 milyard avroya istinad edilir. Digər tərəfdən, Avropa İttifaqı liderlərinin İrəvanda Avropa iş adamlarına müraciət edərək Ermənistana investisiya yatırmağa çağıracağı gözlənilir.
Konkret investisiya layihələri arasında Qara dəniz vasitəsilə elektrik enerjisinin ötürülməsi üçün sualtı kabel layihəsi də qeyd olunur. Bu layihə ilə Cənubi Qafqazın elektrik şəbəkəsinin Avropa İttifaqına bağlanması və regiondan Avropaya elektrik enerjisinin ötürülməsi nəzərdə tutulur. Bu layihə barədə Brüssel dəfələrlə danışsa da, hələ həyata keçirilməyib.
Gözlənilir ki, Avropa İttifaqı liderləri həmçinin Azərbaycan ilə sülh prosesinə dəstək ifadə edəcəklər. İyunun 7-də keçiriləcək parlament seçkilərindən bir ay əvvəl qəbul ediləcək sənəddə Avropa İttifaqı liderləri vurğulayırlar ki, “Ermənistanın gələcəyi onun vətəndaşları tərəfindən azad və demokratik şəkildə, xarici təzyiq olmadan müəyyən edilməlidir”.
Tərəflər arasında keçirilən ilk bu sammitdə Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa Şurasının sədri Antonio Koşta, həmçinin NATO-nun baş katibi və Kanadanın baş naziri iştirak edəcək. Sammitin gündəmində beynəlxalq məsələlər, o cümlədən İranda və Ukraynada yaranmış vəziyyət də yer alacaq”, - deyə “Azadlıq” radiosu bildirib.
Alpər Mövludoğlu
Ordu.az