Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Zelenskinin İrəvana səfəri Moskva və Tehranın diqqət mərkəzindədir: Hansı reaksiyalar olacaq” başlıqlı məqaləsində yazıb.
“Daha əvvəl “168.am” diplomatik mənbələrə istinadən yazıb ki, Zelenski may sammitində iştirak etmək üçün İrəvana gələcək. Qeyd edilir ki, bir neçə gün əvvəl o, Azərbaycanda olub. Bir sıra qiymətləndirmələrə görə, Azərbaycana səfər Ermənistan səfəri ilə pariteti qorumaq zərurəti ilə bağlı olub.
Qeyd edək ki, mayın 4-də İrəvanda Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılmış Avropa siyasi birliyinin 8-ci sammiti keçiriləcək, mayın 5-də isə Ermənistan-Avropa İttifaqı ilk sammiti baş tutacaq. Həmin günlərdə Ermənistana təxminən 50 yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen gələcək”, - deyə nəşr qeyd edib.
Müəllif bildirib ki, mayın 3-5-də Fransanın prezidenti Emmanuel Makron da Ermənistanda olacaq.
“O, Avropa ölkələri liderlərinin sammitində iştirak edəcək, bundan sonra isə onun Ermənistana dövlət səfəri başlayacaq.
Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa siyasi birliyinin sammitində iştirak etmək üçün Ermənistana gözlənilən səfəri sırf protokol çərçivəsindən çıxır və çoxşaxəli siyasi məna daşıyır, xüsusilə Ermənistan-Rusiya və Ermənistan-İran münasibətləri kontekstində. Ermənistanın Zelenskini qəbul etməsi Moskvada, böyük ehtimalla, neytral diplomatik addım kimi deyil, müəyyən geosiyasi siqnal kimi qəbul ediləcək. Bu məntiq çərçivəsində Zelenskinin İrəvanda olması Ermənistanın Qərb platformalarına daha görünən inteqrasiyasının növbəti təzahürü kimi qiymətləndirilə bilər.
Eyni zamanda İrəvan “çoxvektorlu” xarici siyasət nümayiş etdirməyə çalışır, Rusiya ilə münasibətləri qoparmadan, lakin Avropa strukturları və Qərblə siyasi əlaqələri aktivləşdirib dərinləşdirir. İrəvanın bu cəhdləri Moskvadan müxtəlif mesajlar, siqnallar, xəbərdarlıqlar, artıq isə iqtisadi “sanksiyalara” bənzər addımlarla qarşılanıb”, - deyə müəllif vurğulayıb.
Nəşr bildirib ki, Rusiya belə “çoxvektorluq” təzahürlərinə, xüsusilə də ənənəvi olaraq öz təsir zonası hesab etdiyi ölkələrdən söhbət gedəndə, sərt reaksiya verməyə başlayır.
“Buna görə də əgər İrəvan səfəri çoxşaxəli platforma çərçivəsində normal diplomatik təmas kimi təqdim etməyə çalışsa da, Moskva bunu siyasi uzaqlaşmanın növbəti göstəricisi kimi şərh edəcək.
Son illərdə artıq İrəvan və Moskva arasında etimad böhranı müşahidə olunur. Zelenskinin səfəri bu təsəvvürü daha da gücləndirə bilər, xüsusilə rus media diskursunda.
Rusiya Ermənistan üzərində konkret təsir alətlərinə malikdir (qaz, energetika sistemi, əmək bazarı, biznes), buna görə də təzyiqlər mümkündür. Nəzərə alaq ki, artıq Ermənistan biznesi Rusiyada problemlərlə üzləşməyə başlayıb. Zelenskinin Ermənistana səfəri, böyük ehtimalla, Ermənistan-Rusiya münasibətlərində kəskin qırılmaya səbəb olmayacaq, lakin bu, dərinləşən etimadsızlıq və geosiyasi müxtəlif vektorların toqquşması prosesində növbəti siqnal olacaq.
Volodimir Zelenskinin Avropa siyasi birliyi çərçivəsində Ermənistana səfəri Moskva tərəfindən yüksək ehtimalla çoxşaxəli formatın texniki epizodu kimi deyil, siyasi mövqenin göstəricisi kimi qəbul ediləcək. Rusiyanın xarici siyasət düşüncəsində Ukrayna məsələsi sistemli əhəmiyyət daşıyır və Zelenski ilə bağlı istənilən diplomatik aktivlik bu geniş qarşıdurma kontekstində qiymətləndirilir.
Bu şəraitdə Rusiyanın reaksiyası sərt ola, xüsusilə ritorika və siyasi siqnallar səviyyəsində ola bilər.
İstisna deyil ki, bu səfər İran İslam Respublikasının da müəyyən reaksiyasına səbəb olacaq, çünki ABŞ-İsrailin İrana qarşı müharibəsi zamanı Volodimir Zelenski sərt anti-İran mövqeyi və bəyanatları ilə seçilib və İran rəhbərliyinin diqqət mərkəzinə düşüb. Ermənistan hakimiyyətinin azərbaycanmeyilli Zelenskini qəbul etməklə nə əldə etdiyi isə demək çətindir. Ola bilsin ki, Avropa rəsmiləri bir daha əmin olsunlar ki, Ermənistan hakimiyyəti Avropa inteqrasiyası ilə bağlı öhdəliklərində qətiyyətlidir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az