“Biz Azərbaycanın Baş nazir müavininin səfərini gizli saxlamamışıq” - Paşinyan

2026/04/1777546240.jpg
Oxunub: 479     14:35     30 Aprel 2026    
“Azərbaycanın Baş nazir müavini Şahin Mustafayevin səfərinin gizli saxlanılması ilə bağlı iddialar tamamilə əsassızdır”.

Ordu.az xəbər verir ki, bu barədə 2026-cı il aprelin 30-da jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, məxfilik qaydalarına riayət olunması həm də təhlükəsizlik səbəbləri ilə bağlıdır.

Paşinyan qeyd edib ki, Ermənistanın Baş nazir müavini də Azərbaycana səfər edib və orada da eyni məxfilik qaydalarına əməl olunub. “Məlumat sızmalarını isə heç vaxt tam istisna etmək mümkün deyil. Azərbaycan tərəfdə belə sızma olmayıb, Ermənistan tərəfində isə olub”, - deyə o qeyd edib.

Onun qiymətləndirməsinə görə, çox vacib hadisə baş verib. Paşinyan bildirib ki, Baş nazir müavinlərinin qarşılıqlı səfərləri sülh prosesinin institusionallaşdırılması baxımından tarixi məqamdır.

O vurğulayıb ki, ölkələr arasında normal münasibətlər qurulmalı, uzunmüddətli perspektivdə isə qonşuluq əlaqələri formalaşmalıdır. Nikol Paşinyan həmçinin bildirib ki, İrəvanın Respublika meydanında təşkil olunan rəqsin Azərbaycan Baş nazir müavininin səfəri ilə heç bir əlaqəsi olmayıb. “Azərbaycanın Baş nazir müavini Ermənistana gələndə ölkədə həyatı dayandırmalıyıq ki, heç bir şərhə yer qalmasın? Hər bir beynəlxalq qonağı mümkün qədər yaxşı qəbul etməliyik”, - deyə Paşinyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin