“İki ölkənin baş nazir müavinlərinin səfərləri sülhə və onun institusional əsasda qurulmasına gedən yolda tarixi xarakter daşıyır” - Paşinyan

2026/04/1777541438.jpg
Oxunub: 568     13:06     30 Aprel 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin qarşılıqlı səfərlərini tarixi adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, aprelin 30-da dövlət sərhədinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyaları iki ölkənin baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərliyi ilə Ağörəndə (Ağverən) danışıqlar aparıblar.

Qeyd edilib ki, tərəflər delimitasiya işlərinin aparılması üzrə təşkilati və texniki məsələləri müzakirə edib, onların qaydalarını tənzimləyən təlimat layihələrini razılaşdırıb və mübadilə ediblər. Delimitasiya üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək, tarixi əlavə olaraq razılaşdırılacaq.

Şahin Mustafayevin səfəri barədə əvvəlcə Azərbaycan KİV-lərinin məlumat verməsi, Ermənistan hakimiyyətinin isə xeyli sonra reaksiya bildirməsi ilə bağlı suala cavab olaraq Paşinyan bildirib ki, məxfilik qaydaları, o cümlədən təhlükəsizliyin təmin edilməsi kontekstində qaydalar mövcuddur.

“Mən düşünürəm ki, bizim baş nazir müavinimiz Azərbaycana səfər edəndə də orada eyni qaydalar qüvvədə olub. KİV-lərə sızmalar isə heç vaxt istisna edilə bilməz”, - deyə Ermənistanın baş naziri qeyd edib.

Onun sözlərinə görə, tərəflər, o cümlədən press-relizlərin yayımlanma vaxtı ilə bağlı da razılaşırlar. Hakimiyyətin bunu “ictimaiyyətdən gizlədilməsi” barədə deyilənlər, Paşinyanın fikrincə, yersizdir.

“Mən düşünürəm ki, çox mühüm hadisə baş verdi. Hesab edirəm ki, iki ölkənin baş nazir müavinlərinin səfərləri sülhə və onun institusional əsasda qurulmasına gedən yolda tarixi xarakter daşıyır. Çox şadam ki, biz bu mərhələyə çatdıq”, - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.

Xatırladaq ki, 2025-ci il noyabrın sonunda Ermənistan və Azərbaycanın baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayev Qəbələdə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə ikitərəfli komissiyanın 12-ci iclasını keçiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin