Ermənistan KİV-i: Ciliza kəndinin verilməsi barədə ilk dəfə danışılmır

2026/04/1777532634.jpg
Oxunub: 429     10:49     30 Aprel 2026    
“Ötən gün xəbərlər yayılmışdı ki, erməni-gürcü sərhədinin delimitasiyası prosesi çərçivəsində Ermənistan Lori vilayətinin sərhədyanı Ciliza kəndini Gürcüstana verməyi vəd edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə görə, gürcü mətbuatında bununla bağlı dərc olunmuş materiallar var idi.

“Gürcü mənbələr bildirir ki, onların sosial şəbəkələrində böyük sevinc hökm sürür, 1991-ci ildən sonra Gürcüstan yalnız torpaq itirib, indi isə ilk dəfə olaraq Paşinyan hakimiyyəti sayəsində torpaq geri alır. Bu xəbərləri baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan təkzib edib və qeyd edib ki, bunlar uydurmadır, Ermənistanın suveren ərazisinin hər hansı hissəsinin başqa ölkəyə verilməsi ilə bağlı hər hansı bəyanat, fikir və ya “məlumat” reallığa uyğun ola bilməz. Biz Ciliza icmasının inzibati rəhbəri Mher Vardanyanla əlaqə saxladıq”, - deyə nəşr bildirib.

Vardanyan qeyd edib ki, bu xəbərlər barədə mətbuatdan xəbər tutub: “Kənddə belə söhbətlər yoxdur, kənd təsərrüfatı ili başlayıb, aktiv işlərə başlamışıq, bu cür xəbərlərdən isə sizin qədər xəbərim var”.

O vurğulayıb ki, əvvəllər də belə söhbətlər olub, bu mövzu vaxtaşırı gündəmə gətirilir. Sərhədin delimitasiyası üçün kəndə hər hansı qurumun nümayəndələrinin gəlib-gəlmədiyi barədə suala Vardanyan belə cavab verib: “Nə bizim kəndə gəliblər, nə də başqa kəndlərdən belə məlumatım var”.

Onun sözlərinə görə, qarşıdan gələn seçkilərdə iştirak etmək üçün müraciət etmiş siyasi qüvvələrin nümayəndələrindən də heç biri kəndə baş çəkməyib, halbuki icmalara səfərlər edirlər. Məktəblərin birləşdirilməsi məsələsinə toxunan Vardanyan qeyd edib ki, onların kəndində bağlanacaq məktəblər siyahısında olmayan orta məktəb var, burada 11 şagird təhsil alır, kənddə 63 təsərrüfat var.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin