Hazırda Gümrü-Qars dəmir yolunun yenidən işə salınması nə dərəcədə realdır, dəmir yolunun yenidən işə salınmasından Ermənistan nə qazanır?
Ordu.az xəbər verir ki, energetika məsələləri üzrə BMT-nin erməni eksperti Ara Marcanyan bu suallar barədə danışıb.
O bildirib ki, Qars-Gümrü dəmir yolunun yenidən işə salınmasının ən müsbət tərəfi ondan ibarət olacaq ki, Qarsı Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirmək üçün real perspektiv açılacaq.
“Bu, son dərəcə vacibdir, çünki dəfələrlə qeyd etmişəm ki, Qars-İğdır hissəsində dəmir yolunun tikintisi ilə Ermənistan tam blokada vəziyyətinə düşəcək. Əgər Qars-Gümrü dəmir yolu yenidən işə salınarsa, daha sonra Gümrüdən İrəvana və Naxçıvana Ermənistan ərazisindən dəmir yolu ilə yükdaşımaları həyata keçirmək mümkün olacaq”, - deyə Marcanyan bildirib.
Erməni ekspertin sözlərinə görə, Gümrü-Qars dəmir yolunun yenidən işə salınmasından sonra Ermənistan əsasən ölkə ərazisindən keçməklə yükdaşımaları həyata keçirmək üçün böyük tranzit imkanlar əldə edəcək.
“Bundan əlavə, Ermənistan iqtisadiyyatı həm Qara dəniz, həm də Aralıq dənizi limanlarına çıxış əldə etmək imkanı qazanacaq”, - deyə Marcanyan qeyd edib.
Erməni ekspert həmçinin vurğulayıb ki, hazırda bu prosesi irəli aparmaqla bağlı Türkiyə tərəfi üzrə faktiki məlumatlar yoxdur, lakin Qarsda erməni və türk nümayəndələrinin görüşü özü-özlüyündə Türkiyədə müəyyən proseslərin getdiyini göstərir.
“Ermənistanın mövqeyinə gəldikdə isə, Gümrü-Qars dəmir yolunun yenidən işə salınması “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) proqramının ideologiyasına uyğun gəlir və həmin proqramın ayrılmaz hissəsini təşkil edir. Hesab edirəm ki, bu, nəticə etibarilə Ermənistan və bütün region üçün faydalı olacaq.
Bu proqramın həyata keçirilməsi üçün Ermənistana, mənim fikrimcə, bir neçə on milyon dollar lazım olacaq ki, bu da o qədər də böyük xərc deyil.
Bir mühüm məqamı da qeyd edim, çox yaxşı olardı ki, paralel olaraq Gümrü-Qars yüksək gərginlikli hava xəttinin yenidən işə salınması işləri aparılsın ki, bu da artıq regional elektrik enerjisi mübadilə xətlərinin təşkili baxımından böyük perspektivlər açacaq”, - deyə Marcanyan vurğulayıb.
Xatırladaq ki, Qarsda Ermənistan-Türkiyə nümayəndə heyətlərinin görüşündən sonra ABŞ-nin Ermənistandakı səfirliyi rəsmi bəyanat yayaraq bu görüşü tarixi irəliləyiş kimi qiymətləndirib.
Alpər Mövludoğlu
Ordu.az