“Hraparak”: 2 ildir delimitasiya aparılmır, Paşinyan isə delimitasiyadan danışır

2026/04/1777530652.jpg
Oxunub: 489     10:28     30 Aprel 2026    
Aprelin 26-da Nikol Paşinyan Tavus vilayətinə səfəri zamanı mütəmadi olaraq canlı yayıma çıxırdı.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, Paşinyan Sarıgah-Günən hissəsində canlı yayıma girərək, bələdçi üslubunda görməli obyektləri, yəni “inqilabdan” sonra asfaltlanmış yolları, dövlət dəstəyi və kredit maliyyələşməsi ilə 16 milyon və 21 milyon dram dəyərində tikilmiş evləri nümayiş etdirir və bütün bunları özlərinin böyük nailiyyəti olan “Real Ermənistan” ideologiyasının praktiki tətbiqi” kimi təqdim edirdi.

“Məlum oldu ki, Nikol Paşinyan, öz xarakterinə sadiq qalaraq, bu dəfə də açıq şəkildə yalan danışıb. Nerkin Tsaxkavan kəndindən avtomobillə Günənə gedərkən o, canlı yayımda bildirib: “Əvvəllər bu yolun bu hissəsindən keçərkən hamı gərgin olurdu, çünki birbaşa nişangah altında idilər”. Halbuki həmin yol 1990-cı illərin ikinci yarısından etibarən heç vaxt birbaşa nişangah altında olmayıb, oradan keçənlər heç vaxt gərginlik yaşamayıb və bunu hamı bilir. Paşinyanın İcevan sərhəd zonasındakı bu kəndlərin əvvəllər ümidsizlik həddində olması və buna görə həmin kəndlərdə evlərin tikilməməsi, indi isə yüzlərlə evin tikilməsi barədə iddiası da yalandır. İndi evlər tikilir, çünki fərdi evlərin tikintisi üçün dövlət büdcəsindən 16 və ya 21 milyon dram dəstək verilir”, - deyə nəşr qeyd edib.

Müəllif bildirib ki, Azərbaycanın tələbi ilə, delimitasiya çərçivəsində 2024-cü ildə Günəndən təxminən 15 hektar torpağın, Günən-Berkaber hissəsində və Berkaber kəndi yaxınlığında təxminən 30 il möhkəmləndirilmiş mövqelərin Azərbaycana verilməsini Paşinyan canlı yayımda öz strategiyası kimi təqdim edib: “Əgər biz 2024-cü ildə siyasi iradə göstərməsəydik və başa düşülən narahatlıqlara, çaxnaşmalara və qeyri-sabitliyə baxmayaraq, aydın şəkildə müəyyən etdiyimiz strategiya ilə getməsəydik, bu gün burada nə olardı, bu, əlbəttə ki, tamam başqa sualdır”.

Müəllif yazıb ki, Paşinyan delimitasiya mövzusuna növbəti gün, aprelin 27-də də toxunub, Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının yaradılması günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib: “Azərbaycanla 12 kilometrlik delimitasiya və demarkasiya edilmiş sərhəd hissəmiz var ki, orada Ermənistanın sərhəd qoşunları xidmət aparır. Bu da çox vacib və unikal vəziyyətdir və qeyd etməliyəm ki, həmin 12 kilometr Ermənistan-Azərbaycan sərhədinin bəlkə də yeganə hissəsidir ki, burada Ermənistan və Azərbaycanın silahlı qüvvələrinin nümayəndələri dəbilqəsiz, zirehli gödəkçəsiz və avtomatların daraqları avtomatların üzərində deyil, çantalarda yerləşdirilmiş halda xidmət edirlər”. O əlavə edib: “Yaxın vaxtlarda, əlbəttə ki, biz Ermənistan ilə Azərbaycan Respublikası arasında delimitasiyanı davam etdirəcək və məntiqi müddətdə başa çatdıracağıq”.

Nəşr qeyd edib ki, 2024-cü ildən sonra artıq düz 2 ildir delimitasiya aparılmır, lakin Paşinyan onun davam etdiriləcəyi və məntiqi müddətdə başa çatdırılacağı barədə bəyanat verib.

“Nikol Paşinyan 2020-ci il müharibəsində məğlub olmuş liderdir və o, Ermənistan-Azərbaycan münasibətlərində təşəbbüskar mövqedən çıxış edə bilməz, delimitasiyanın nə vaxt davam etdiriləcəyini, necə və hansı hissədən davam etdiriləcəyini, nə vaxt başa çatdırılacağını o müəyyən etmir”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin