Erməni deputat: “Azərbaycanın baş nazirinin müavininin səfəri təsadüfi deyil”

2026/04/1777526020.jpg
Oxunub: 486     09:05     30 Aprel 2026    
“Təsadüfi deyil ki, məhz bu günlərdə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Ermənistana səfər edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” müxalif fraksiyasının deputatı Artur Xaçatryan bildirib.

Erməni deputat müxalifətin əvvəlki tezisini bir daha təsdiqləyib ki, daxili legitimliyi və xalqın dəstəyinə malik olmayan Nikol Paşinyan ümidini Azərbaycana bağlayıb.

Xaçatryanın sözlərinə görə, hakimiyyətin əsas təbliğat xətti ondan ibarətdir ki, sülh artıq təmin olunub və əgər Paşinyan hakimiyyət başında olmasa, müharibə başlayacaq.

Müxalif erməni siyasətçinin fikrincə, yaranmış vəziyyətdə Ermənistan hakimiyyətinə lazımdır ki, Azərbaycan da bu məsələni təsdiqləsin.

Erməni deputat vurğulayıb ki, Şahin Mustafayevin səfərinin məqsədi İrəvan və Bakı arasında sülhün təmin olunduğunu göstərməkdir.

“Bakı bunu ona görə edir ki, yaxşı anlayır: Paşinyan hakimiyyətdən getsə və Ermənistanda yeni hakimiyyət formalaşsa, o, Paşinyandan fərqli olaraq “milli maraqları qoruyacaq” və Azərbaycanın göstərişlərini yerinə yetirməyəcək. Şahin Mustafayevin səfərinin məqsədi göstərməkdir ki, hər şey qaydasındadır və Paşinyan hakimiyyətdə olduğu müddətdə münasibətlər normal olacaq. Lakin Bakı bunu səbəbsiz etmir, onların dəstəyi müqabilində Ermənistan hakimiyyətindən nəsə alacaqlar”, - deyə Xaçatryan qeyd edib.

O ehtimal edib ki, Ermənistandan yeni güzəştlərin tələb olunması delimitasiya ilə bağlı ola bilər, çünki Şahin Mustafayev müvafiq komissiyanın Azərbaycan tərəfindən həmsədridir. “Düşünürəm ki, Şahin Mustafayev delimitasiyanın türk dəhlizinin keçəcəyi marşrut üzrə aparılmasında israr edəcək. Hakimiyyət ümid etməsin ki, delimitasiya, məsələn, Cermukdan və ya şimal-qərbdən başlayacaq, necə ki, bu, ikitərəfli işçi qrupun reqlamentində göstərilib”, - deyə erməni deputat vurğulayıb.

Artur Xaçatryan həmçinin qeyd edib ki, Şahin Mustafayev iş adamları ilə də görüşlər keçirir. Erməni deputatın sözlərinə görə, bu, bəlkə də Ermənistan və Azərbaycan arasında normal münasibətlərin qurulmasının biznes üçün yeni imkanlar açacağı ilə bağlı təsəvvür yaratmaq məqsədi daşıyır. “Amma normal münasibətlər deyərkən Azərbaycan Ermənistan tərəfindən öz şərtlərinin qeyd-şərtsiz qəbulunu nəzərdə tutur”, - deyə erməni müxalif siyasətçi sözlərini yekunlaşdırıb.

Daha əvvəl bildirilmişdi ki, Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin