Mitropolit Şio son təxminən on ildə faktiki olaraq Gürcü Pravoslav Kilsəsinin rəhbəri olub. Əminliklə demək olar ki, məhz o, Bütün Gürcüstanın 142-ci katolikos-patriarxı seçiləcək.
Gürcü Pravoslav Kilsəsinin Sinod iclası ərəfəsində Rusiyanın bir neçə media qurumu Bütün Gürcüstan katolikos-patriarxının seçilməsinin siyasi əhəmiyyətinə toxunub. Məsələ ondadır ki, Rusiya hakimiyyətinin qondarma “Abxaziyanın müstəqilliyi”ni tanımasına baxmayaraq, Moskva və Bütün Rusiya patriarxı Gürcüstanın iki keçmiş muxtariyyətini Gürcü Pravoslav Kilsəsinin kanonik ərazisi kimi tanıyır.
Bu zəmində Rus Pravoslav Kilsəsi hətta qondarma “Abxaziya” ilə kəskin ziddiyyətlər yaşayıb. Onlar ya “abxaz kilsəsi”nin müstəqilliyinin tanınmasını, ya da ən azı Rus Pravoslav Kilsəsinin “Abxaziya” yeparxiyasının yaradılmasını tələb ediblər, lakin rədd cavabı alıblar.
Rusiya mətbuatı bununla bağlı çox aydın bildirib ki, əgər Bütün Gürcüstan katolikos-patriarxı kimi Konstantinopol Yunan Ümumdünya Patriarxının tərəfdarı olan ruhani seçilərsə, Moskva və Bütün Rusiya Patriarxlığı qondarma “Abxaziya”nın xahişini qəbul edəcək.
Katolikos-patriarx namizədliyi məsələsində mitropolit Şioya üstünlük verilməsi, böyük ehtimalla, daxili siyasi motivasiyaya da malikdir. Gürcü Pravoslav Kilsəsi ötən il Tbilisidə baş verən kütləvi etiraz aksiyaları zamanı faktiki olaraq hakim “Gürcü Arzusu” partiyasını dəstəkləyib və vurğulayıb ki, Gürcüstan milli kimliyini, inancını və adətlərini qoruyub saxlamalıdır.
Mətbuat hələ o vaxt katolikos-patriarxın adından hökumətlə danışıqları yerli müavin Şionun apardığını ictimailəşdirmişdi. O, ali dini təhsilini hələ sovet dövründə Moskvada alıb və görünür, “Gürcü Arzusu”nun xarici siyasi xəttinin tərəfdarıdır.
Bütün Gürcüstan katolikosunun seçilməsi ən gec mayın 17-dək baş tutmalıdır. O vaxta qədər, böyük ehtimalla, Sinod üzvlərinin mövqeyi dəyişməyəcək və Gürcü Pravoslav Kilsəsi Moskva və Bütün Rusiya Patriarxlığı ilə “mənəvi qardaşlığı” davam etdirəcək. Unutmaq olmaz ki, Gürcü Pravoslav Kilsəsi bir əsrdən çox faktiki olaraq Rus Pravoslav Kilsəsinin yeparxiyası statusunda olub və müstəqilliyini yalnız İkinci Dünya müharibəsindən sonra əldə edib.
Aqil Məmmədov
Ordu.az