L-39NG Təklifi, Birgə İstehsal, 50 Şirkət: Çex Baş Nazirinin Qəbələ Gündəliyi

2026/04/1777451749.jpg
Oxunub: 1109     12:24     29 Aprel 2026    
Çexiyanın yeni Baş naziri Andrey Babişin Avropa İttifaqı hüdudlarından kənara ilk rəsmi səfərini məhz Azərbaycana həyata keçirməsi diplomatik protokol baxımından güclü siqnaldır. Dövlət başçıları və hökumət rəhbərləri ilk xarici səfərlərini təsadüfi seçmirlər. İlk səfər prioritetin, strateji istiqamətin, siyasi iradənin ifadəsidir. Babişin onlarla Avropa ölkəsi, onlarla qlobal tərəfdaş arasından ilk qeyri-Avropa səfəri üçün Azərbaycanı seçməsi Praqanın Bakını strateji tərəfdaşlıq xəritəsində hansı mövqedə gördüyünü açıq şəkildə göstərir. Bu səfərin Qəbələdə, Prezident İlham Əliyevin iştirakı ilə, 50 Çex şirkətinin nümayəndəsinin qatıldığı biznes-forumla müşayiət olunması isə səfərin yalnız siyasi deyil, dərin iqtisadi və hərbi-sənaye məzmunu daşıdığını təsdiqləyir.

Daha öncə Bakıda Azərbaycan-Çexiya ikitərəfli hərbi əməkdaşlıq planının imzalanması barədə yazmışdıq. O yazıda əməkdaşlığın on illik tarixçəsini, DANA artilleriya sistemlərindən L-39 təyyarələrinə qədər texniki təchizat layihələrini, Çexiyanın hərbi-sənaye potensialını və əməkdaşlığın texnika alışından birgə planlaşdırmaya keçdiyini təhlil etmişdik. Babişin Qəbələ səfəri həmin təhlilimizdə proqnozlaşdırdığımız istiqaməti tam təsdiqlədi, üstəlik, gözləntini aşdı. Çünki Qəbələdə açıqlanan məlumatlar sadəcə planlaşdırma deyil, konkret birgə istehsal danışıqlarının gedişini, yeni silah platformalarının təklifini və strateji tərəfdaşlığın institusional dərinləşməsini əks etdirir.


Prezident İlham Əliyevin Qəbələdə Babişlə mətbuata birgə bəyanatında söylədiyi sözlər əməkdaşlığın indiki mərhələsini və gələcək hədəfini aydın şəkildə müəyyən edir: “Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir”. Bu cümlənin hər bir elementi ayrıca təhlilə layiqdir.

“Bir çox məhsullar alırıq” ifadəsi əməkdaşlığın artıq təşəkkül tapmış, davamlı fəaliyyət göstərən təchizat zəncirinin mövcudluğunu təsdiqləyir. Bu, birdəfəlik satış deyil, davamlı münasibətdir. DANA M1 özüyeriyən artilleriya qurğuları, RM-70 yaylım atəşli reaktiv sistemləri, L-39 təlim təyyarələrinin texniki xidməti və modernizasiyası, Çexiya istehsalı atıcı silahlar, bunların hamısı artıq mövcud təchizat xətləridir.

“İndiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir” cümləsi isə keyfiyyət sıçrayışının ifadəsidir. “Konkret layihələr” və “danışıqlar gedir” ifadələri bunun niyyət deyil, proses olduğunu göstərir. Müəyyən texnoloji istiqamətlər artıq müəyyən edilib, texniki parametrlər müzakirə olunur, şərtlər razılaşdırılır. Prezidentin “bu sahənin çox genişmiqyaslı olacağına əminəm” əlavəsi siyasi iradənin tam olduğunu, maneələrin aradan qaldırılacağını göstərir.

“Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir” vurğusu isə birgə istehsalın kontekstini müəyyən edir. Azərbaycanın hərbi-sənaye strategiyası hazır məhsul idxalından yerli istehsala, yerli istehsaldan isə birgə istehsala doğru təkamül edir. Çexiya ilə birgə istehsal bu təkamülün Avropa istiqamətindəki ən vacib addımıdır.


Çex Baş nazirinin Qəbələdə açıqladığı konkret təkliflər əməkdaşlığın texniki məzmununu əyani şəkildə ortaya qoyur. Babişin L-39NG təyyarəsinin Azərbaycana rəsmi təklif etməsi bu səfərin ən əhəmiyyətli hərbi-texniki nəticələrindən biridir.

L-39NG, yəni “Yeni Nəsil” modeli onilliklərdir dünya ordularında istifadə olunan L-39 “Albatros” platformasının köklü şəkildə yenidən dizayn edilmiş versiyasıdır. Əvvəlki təhlilimizdə Azərbaycanın bu təyyarəyə maraq göstərdiyi barədə müzakirələrin davam etdiyini qeyd etmişdik. İndi Çexiyanın Baş naziri şəxsən, prezident səviyyəsindəki görüşdə bu təklifi rəsmiləşdirir. Bu, kommersiya təklifindən daha artıq anlam daşıyır, bu, dövlət-dövlət formatında strateji hərbi-texniki təklifdir.

L-39NG-nin Azərbaycan Hərbi Hava Qüvvələri üçün dəyərini anlamaq üçün onun texniki xüsusiyyətlərinə baxmaq lazımdır. Təyyarə tamamilə yeni “Williams” FJ44-4M turbofan mühərriklə təchiz olunub ki, bu, köhnə mühərriklə müqayisədə əhəmiyyətli dərəcədə çox itələmə gücü, aşağı yanacaq sərfiyyatı və uzun xidmət müddəti təmin edir. Kabina müasir “şüşə kokpit” texnologiyası ilə hazırlanıb, yəni klassik analoq cihazlar əvəzinə böyük rəqəmsal ekranlar, müasir avionika və baş üstü göstərmə sistemi quraşdırılıb. Bu, pilotun hazırlanmasını müasir döyüş təyyarələrinin kokpit mühitinə uyğunlaşdırır. Təyyarə 5 xarici asqı stansiyasına malikdir ki, bu da onu yalnız təlim deyil, yüngül hücum funksiyasını da yerinə yetirə bilən çoxfunksiyalı platforma edir. İdarə olunan və idarə olunmayan aviasiya sursatları, həmçinin kəşfiyyat podları daşıya bilir.

Azərbaycanın hazırkı L-39 parkının yaşı və texniki vəziyyəti nəzərə alındıqda, L-39NG-yə keçid pilot hazırlığı proqramının keyfiyyətcə yeni səviyyəyə qaldırılması deməkdir. Müasir döyüş pilotunun hazırlanmasında təlim təyyarəsinin rolu həlledicidir: pilot real döyüş təyyarəsinə keçmədən əvvəl təlim təyyarəsində fundamental bacarıqları əldə edir. Təlim təyyarəsinin müasirlik səviyyəsi birbaşa hazırlanan pilotun keyfiyyətinə təsir edir. Köhnə avionika ilə hazırlanan pilot müasir döyüş təyyarəsinin rəqəmsal mühitinə uyğunlaşmaqda çətinlik çəkir. L-39NG-nin müasir avionikası bu problemi aradan qaldırır.


Babişin “Aero Vodoxodı” şirkətinin artıq Azərbaycanın mövcud L-39 parkına texniki xidmət göstərdiyi və təmir etdiyini xatırlatması əhəmiyyətli kontekst yaradır. Bu o deməkdir ki, “Aero Vodoxodı” ilə Azərbaycan arasında artıq mövcud əlaqə, texniki xidmət infrastrukturu, ixtisaslaşdırılmış kadr bazası var. L-39NG-yə keçid sıfırdan başlamır, mövcud münasibətin təkamülüdür. Şirkət Azərbaycanın ehtiyaclarını, infrastrukturunu, kadr bazasını tanıyır. Bu tanışlıq yeni platformaya keçidi əhəmiyyətli dərəcədə asanlaşdırır və sürətləndirir.

Babişin biznes-forumda sadaladığı Çex şirkətlərinin siyahısı bu əməkdaşlığın genişliyini və dərinliyini göstərir. Bu siyahını diqqətlə oxumaq lazımdır, çünki hər bir ad konkret hərbi-sənaye imkanını təmsil edir.

“Česká Zbrojovka” və “Colt” dünya atıcı silah sənayesinin ən tanınmış brendlərindəndir. “Česká Zbrojovka”, yəni CZ qrupu 2021-ci ildə ABŞ-nin “Colt” şirkətini satın alaraq qlobal atıcı silah nəhənginə çevrilib. Babişin “Colt şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır” ifadəsi Azərbaycan təhlükəsizlik qüvvələrinin artıq CZ/“Colt” məhsullarını istifadə etdiyini təsdiqləyir. Bu, mövcud əlaqənin genişləndirilməsi potensialını göstərir.


“CSG Aerospace” Çexiyanın ən böyük müdafiə sənayesi holdinqlərindən biridir. Bu şirkət aviasiya, kosmik texnologiyalar, müdafiə elektronikası, radar sistemləri sahələrində fəaliyyət göstərir. “CSG Aerospace”nin Azərbaycana marağı əməkdaşlığın aviasiyadan kənara, müdafiə elektronikası və radar texnologiyaları sahəsinə genişlənə biləcəyini göstərir.

“Excalibur International” hərbi texnikanın modernizasiyası, silah sistemlərinin inteqrasiyası və hərbi-texniki konsultasiya sahəsində ixtisaslaşmış şirkətdir. Bu şirkətin iştirakı Azərbaycan ordusunun mövcud arsenalının modernizasiyası, yeni sistemlərin inteqrasiyası üçün konsultativ və mühəndislik dəstəyi imkanlarını açır.

“Explosia” Çexiyanın ən böyük partlayıcı maddələr və sursat istehsalçılarından biridir. Bu şirkətin forumda iştirakı döyüş sursatları sahəsində əməkdaşlıq, o cümlədən birgə istehsal imkanlarına işarədir.


VOP CZ hərbi texnikanın təmiri, modernizasiyası və xidməti sahəsində ixtisaslaşmış dövlət müəssisəsidir. “Omnipol” isə hərbi texnikanın ticarəti və ixracı sahəsində Çexiyanın ən köhnə və ən böyük şirkətlərindən biridir.

Bu şirkətlərin hamısının eyni anda, Baş nazirin şəxsi iştirakı ilə Azərbaycana gəlməsi təsadüfi deyil. Bu, Çexiyanın müdafiə sənayesinin demək olar ki, bütün spektrinin Azərbaycan bazarına marağını ifadə edir: atıcı silahlardan aviasiyaya, sursatdan radar texnologiyalarına, modernizasiyadan birgə istehsala qədər.

Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında Babişin paylaşımına yazılan qeyddəki bir neçə ifadə strateji baxımdan xüsusi diqqətə layiqdir.

“Biz birgə hökumətlərarası iqtisadi komissiyanın səviyyəsini yüksəltmək qərarına gəldik” ifadəsi institusional dərinləşmənin siqnalıdır. Hökumətlərarası komissiyanın səviyyəsinin yüksəldilməsi, ehtimal ki, komissiyaya daha yüksək rütbəli rəsmilərin rəhbərlik etməsi, əhatə dairəsinin genişləndirilməsi, iclasların tezliyinin artırılması deməkdir. Bu, əməkdaşlığın epizodik görüşlərdən institusional mexanizmə keçdiyini göstərir.

“Biz həmçinin müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndirir və onun gələcək inkişafı üçün yaxşı perspektivlər görürük” cümləsi müdafiə sənayesini ümumi iqtisadi əməkdaşlığın ayrılmaz hissəsi kimi təqdim edir. Bu, müdafiə əməkdaşlığının diplomatik əlavə deyil, strateji tərəfdaşlığın sütunlarından biri olduğunu birmənalı şəkildə göstərir.


“Çexiyaya səfər etmək barədə nəzakətli dəvətinizi məmnuniyyətlə qəbul edirəm” ifadəsi isə əməkdaşlığın davam edəcəyini, cavab səfərinin planlaşdırıldığını, əlaqələrin daha da dərinləşəcəyini göstərir. Prezident səviyyəsindəki cavab səfəri adətən konkret razılaşmaların imzalanması, birgə layihələrin elan olunması ilə müşayiət olunur. Yəni Praqada imzalanacaq sənədlər Qəbələdə müzakirə olunan danışıqların konkret nəticəsi olacaq.

Bu səfərin daha geniş strateji kontekstdə yeri necədir? Azərbaycanın müdafiə sənayesi əməkdaşlığının son həftələrdəki dinamikasına baxaq: Türkiyə ilə Naxçıvanda birgə hərbi təlimlərin planlaşdırılması, Ukrayna ilə Qəbələdə PUA əleyhinə mübarizə sahəsində birgə istehsal razılaşması, Malayziyada DSA 2026 sərgisində “Azərsilah”ın 72 məhsulla iştirakı, Çexiya ilə ikitərəfli hərbi əməkdaşlıq planının imzalanması, indi isə Çex Baş nazirinin Qəbələyə səfəri və L-39NG təklifi, birgə istehsal danışıqları. Bütün bunlar bir-birindən müstəqil hadisələr deyil, vahid strateji vizyonun müxtəlif təzahürləridir.

Bu vizyon belədir: Azərbaycan müdafiə potensialını yalnız hazır məhsul idxalına deyil, texnoloji müstəqilliyə əsaslanan yerli istehsala, birgə istehsala, texnoloji transferə əsaslandırır. Hər bir tərəfdaş ölkə bu vizionun fərqli komponentini tamamlayır. Türkiyə PUA sistemlərində, İsrail kəşfiyyat texnologiyalarında, Ukrayna PUA əleyhinə mübarizədə, Çexiya artilleriya, aviasiya və atıcı silah sahələrində. Hər bir əməkdaşlıq xətti sadəcə silah alışı deyil, birgə istehsal, texnoloji transfer, kadr hazırlığı, doktrina mübadiləsi elementlərini ehtiva edir.


Çexiyanın bu arxitekturadakı yeri xüsusi əhəmiyyətə malikdir, çünki Çexiya NATO üzvüdür. NATO standartlarına uyğun texnologiyaların Azərbaycanda birgə istehsalı Azərbaycanın müdafiə sənayesini qərb standartlarına yaxınlaşdırır. Bu, yalnız texniki uyğunluq deyil, strateji mövqeləndirmədir. Azərbaycan həm şərq, həm qərb texnologiyalarını birləşdirən, müxtəlif mənbələrdən ən yaxşısını seçən, öz ehtiyaclarına uyğunlaşdıran unikal hərbi-sənaye modeli qurur. Bu model dünya müdafiə sənayesində nadir hallarda rast gəlinən çeviklikdir.

Babişin Qəbələ səfəri bu modelin ən son əlavəsidir. L-39NG təklifi, birgə istehsal danışıqları, 50 şirkətlik biznes nümayəndə heyəti, hökumətlərarası komissiyanın səviyyəsinin yüksəldilməsi, Prezidentin cavab səfərinə razılığı, bütün bunlar Azərbaycan-Çexiya əlaqələrinin silah alışından strateji sənaye tərəfdaşlığına keçdiyinin birmənalı təsdiqidir. Bu keçid bir gecədə baş verməyib. 10 il əvvəl Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə başlayıb. DANA artilleriya sistemlərinin alınması, L-39 parkının texniki xidməti, hərbi kadr hazırlığı ilə davam edib. İkitərəfli hərbi əməkdaşlıq planının imzalanması ilə yeni mərhələyə keçib. İndi isə Baş nazir səviyyəsindəki səfər, birgə istehsal danışıqları və yeni platformaların təklifi ilə tam formalaşmış strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Babişin Avropa İttifaqı hüdudlarından kənara ilk səfərini Azərbaycana etməsi bu tərəfdaşlığın Praqa üçün hansı prioritetdə olduğunu göstərir. İlham Əliyevin bu səfəri “ikiqat şərəfli” adlandırması isə Bakının bu prioriteti tam qarşılıqlı hesab etdiyini təsdiqləyir. İki dövlətin strateji maraqları bu nöqtədə qovuşur. Və bu qovuşma nöqtəsi Qəbələdir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Çexiya   L-39NG   Müdafiə-Sənayesi  


Bizi "telegram"da izləyin