Erməni ekspert: “Zelenskinin mümkün səfərindən ən çox fərdi olaraq Paşinyan zərər görür”

2026/04/1777448926.jpg
Oxunub: 282     17:50     30 Aprel 2026    
“Bir neçə gün sonra İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitinin mahiyyəti, əgər Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana gəlsə, keyfiyyət baxımından dəyişə bilər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr Qrupu”nun üzvü, erməni ekspert Vahe Hovhannisyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyanın planlarında, şübhəsiz, bu, onun seçkiqabağı kampaniyasının əsas tədbiri idi.

“Belə planlaşdırılmışdı, belə razılaşdırılmışdı, belə nəzərdə tutulmuşdu. Aprelin 25-də Azərbaycana gözlənilməz səfərdən sonra Zelenskinin İrəvana da gəlməsi ehtimalı çox yüksəkdir. Bu isə İrəvandakı tədbirin həm dərin, həm də PR məzmununu əhəmiyyətli dərəcədə dəyişir. Nə qədər qəribə görünsə də, həmin tədbirə Zelenskinin mümkün səfərindən ən çox fərdi olaraq Paşinyan zərər görür.

Zelenskinin İrəvanda olması o deməkdir ki, o, öz obrazı, öz müharibəsi, Avropa üçün daha maraqlı olması ilə bağlı obyektiv vəziyyəti ilə əsas fiqura çevrilir. Zelenskinin İrəvanda olması bir neçə gün ərzində Ermənistanı anti-Rusiyaçılığın episentrinə çevirmək deməkdir”, - deyə Hovhannisyan qeyd edib.

Hovhannisyan bildirib ki, Zelenskinin İrəvanda olması öz bəyanatları ilə Ermənistana qonşu olan ən azı üç dövlətdə, yəni İranda, Gürcüstanda, hətta Türkiyədə açıq qıcıq yaratmaq deməkdir.

“Əgər buna baxmayaraq, Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsində Zelenski İrəvana gəlsə və işlərdə iştirak etsə, Ermənistan ətrafında və Ermənistanda atmosfer dəyişəcək. Rusiyanın reaksiyası gecikməyəcək. Rusiya Ukrayna ilə birbaşa müharibədədir və anti-Rusiyaçılıq təzahürləri halında, xüsusilə yeni anti-Rusiya platsdarmlarının yaradılması çağırışları olarsa, müəyyən əks-addımlar atacaq. Ermənistan seçiciləri də bunu hiss edəcəklər.

Avropa liderləri Ermənistan üçün mümkün nəticələrə dərin şəkildə laqeyddirlər, biz bunu son 5-6 ildə öz gözlərimizlə görmüşük. Zelenski çətin ki, Avropa icması qarşısında PR etmək fürsətini qaçırsın, Avropa elitası da İrəvanda məmnuniyyətlə anti-Rusiyaçılıq nümayişləri edəcək. Ermənistan bütün bunlardan nə əldə edəcək? Yeni problemlər. Paradoks ondadır ki, belə “düzülüş” halında, əsas fiqurun dəyişməsi şəraitində Paşinyan da qazanmır.

Onlar gözəl, kəskin çıxışlardan sonra öz ölkələrinə gedəcək, daxili çox ciddi problemləri ilə məşğul olacaqlar. Biz isə böyük gərginlik potensialı olan yeni reallıq, deməli, həm də daxili əhval-ruhiyyədə müəyyən dəyişikliklər əldə edəcəyik”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Paşinyan  


Bizi "telegram"da izləyin