Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşrə görə, bir hissəni ümumiyyətlə bu seçkilər maraqlandırmır, bir qismi artıq konkret hansı qüvvəyə etimad səsi verəcəyini müəyyənləşdirib, insanların bir hissəsi isə deyir ki, seçkilərdə iştirak edən çoxsaylı qüvvələrin bu müddətdə “səsini” eşitməyib, niyə onları seçməlidir.
Ermənistanın “Sisakan” dəstəsinin döyüşçüsü Aşot Avaqyan insanların bütün əhval-ruhiyyələrinə toxunaraq əminliklə deyir ki, bu il seçkilərdə Zəngəzurdan 2021-ci ildə iştirak edəndən daha çox insan iştirak edəcək.
“Konkret Sisian əhalisi arasında hakimiyyətə nifrət əhval-ruhiyyəsi var, amma hakimiyyətə nifrət edənin kimə etimad səsi verəcəyini demək çətindir. Rəsmi təşviqat kampaniyası başlayandan sonra hər şey kəskin dəyişə bilər. Aydındır ki, bizdə insanların bir hissəsi rəhbərimizi sevmir, bir hissəsi onu ciddi qəbul etmir, az bir hissə isə, belə demək mümkündürsə, ona rəğbət bəsləyir.
Məsələn, Zəngəzurda Nikol Paşinyanın qeyd etdiyi sülhdən danışanda az adam inanır. Sülhdən danışanda zəngəzurlu başını dərhal İşxanasar tərəfə çevirir, orada Azərbaycan qoşunu oturub. Buna görə də sülh barədə söz, söhbət dəyərdən düşür, ona görə də buna o qədər ciddi yanaşmırlar, sülh olacağına inanmırlar”, - deyə Avaqyan bildirib.
Onun sözlərinə görə, hazırda müxalifət seqmentində Samvel Karapetyanın və Robert Köçəryanın rəhbərlik etdiyi qüvvələrin böyük şansları var, hələlik daha çox Samvel Karapetyan barədə danışırlar.
“Bilmirəm, bu qüvvələr təbliğatı necə aparacaqlar, təşviqat kampaniyasından sonra hər şey daha çox aydın olacaq”, - deyə Avaqyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az