Erməni ekspert: “Ermənistan nümayəndə heyəti Türkiyə nümayəndə heyəti ilə Qarsda ilk dəfə görüşmür”

2026/04/1777448752.jpg
Oxunub: 322     15:09     30 Aprel 2026    
Aprelin 28-də Qarsda Gümrü-Qars dəmir yolunun bərpası və işə salınması üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun görüşü keçirilib.

Regionun nəqliyyat kommunikasiyalarının genişləndirilməsi kontekstində tərəflər Gümrü-Qars dəmir yolunun mümkün qədər tez işə salınmasının əhəmiyyətini vurğulayıblar.

Bu görüşlə bağlı ABŞ-nin Ermənistandakı səfirliyi də bəyanat yayıb, Ermənistan və Türkiyənin bu addımını alqışlayıb və tarixi adlandırıb.

“Dinc və firavan Cənubi Qafqazın qurulması yolunda tarixi irəliləyiş.

Ermənistan və Türkiyə arasında bu əsas halqanın bərpası regional bağlantıların açılması və regional sabitliyin təmin edilməsi üçün mühüm addımdır. Bu cür dönüş yaradan inkişaflar üçün zəmin avqustun 8-də Prezident Trampın ev sahibliyi etdiyi Vaşinqton sammitində hazırlanmışdı.

ABŞ-nin Ermənistandakı səfirliyi Ermənistan və Türkiyə arasında onilliklər boyu bağlı qalan iqtisadi və ictimai əlaqələrin yenidən açılması istiqamətində bu konkret addımların atılmasını alqışlayır”, - deyə bəyanatda qeyd edilir.

Ordu.az xəbər verir ki, beynəlxalq və enerji məsələləri üzrə erməni ekspert Armen Manvelyan bu görüşü nə tarixi, nə də cəsarətli addım hesab edir.

O vurğulayır ki, belə görüş ilk dəfə keçirilmir.

“Ermənistan nümayəndə heyəti Qars-Gümrü dəmir yolunun açılması işlərini müzakirə etmək üçün Türkiyə nümayəndə heyəti ilə Qarsda ilk dəfə görüşmür. Hər dəfə bu görüşü tarixi adlandırırlar, hər dəfə bu, müxtəlif səbəblərlə, müxtəlif ölkələrin vasitəçiliyi ilə edilib, lakin nəticə həmişə eyni olub.

Bu mərhələdə görüşü Ermənistanın mövcud rejiminin aşağı reytinqi və seçkilərdə müəyyən fon təmin etmək kontekstində qiymətləndirmək lazımdır”, - deyə Manvelyan bildirib.

O əmindir ki, Türkiyə heç bir yol açmayacaq və bu barədə dəfələrlə bəyan edib.

“Bu görüşlər sadəcə kağız üzərində qalacaq. Türkiyə bir neçə dəfə açıq şəkildə deyib ki, Ermənistanla münasibətləri o zaman quracaq ki, Ermənistan Azərbaycanın bütün tələblərini yerinə yetirsin. Bu tələblər hamıya məlumdur: Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinin çıxarılması, 300 azərbaycanlının Ermənistana qaytarılması, anklavların təhvil verilməsi və sair. Bunlar bizə məlum olan tələblərdir, bilmədiyimiz başqa tələblər də var.

Təkrar edirəm, bu görüşü Gümrü-Qars dəmir yolunun yenidən işə salınmasına yönəlmiş görüş kimi yox, bu rejimi dəstəkləyən PR kampaniyası kimi qiymətləndirmək lazımdır. İnanın, heç bir yol açılmayacaq. O yolun açılması üçün müəyyən işlər görülməlidir, amma hazırda Türkiyə tərəfindən bu istiqamətdə sıfır iş var”, - deyə Manvelyan vurğulayıb.

Manvelyan həmçinin qeyd edib ki, Ermənistanda iyun seçkilərinədək xaricdən mövcud rejimi dəstəkləyən addımlar olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin