Möhkəmləndirilmiş rayonlar kimə verilir: Paşinyanın yeni “hərbi doktrinası”

2026/04/1777448570.jpg
Oxunub: 537     10:09     01 May 2026    
“Ötən ilin sonunda “Günən divarı qarşısında Sərhəd Qoşunlarını “silahsızlaşdırmaq” qərarı verildi: Paşinyanla hərbi rəhbərliyin birgə siyasi şousu” başlıqlı məqalə dərc etmişdik. Həmin yazıda Günənda Nikol Paşinyanın aşağıdakı bəyanatına toxunmuşduq: “Bu sahədə Ermənistan və Azərbaycanın Sərhəd Qoşunları xidmətə başlayıb, lakin əvvəlcə delimitasiyadan sonra səngərlərdən çıxıblar, yəni bir-birlərinə görünürlər. Sonra müəyyən bir anda razılaşma olub və zirehli gödəkçələri, dəbilqələri çıxarıblar. Üçüncü mərhələdə razılaşıblar ki, avtomatların daraqları avtomatların üzərində yox, çantalarda olsun”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Paşinyan Suren Papikyanın bu qədər fəxr etdiyi möhkəmləndirilmiş rayonları ordudan almağa qərar verib” başlıqlı məqaləsində yazıb.

Müəllfin sözlərinə görə, nəşr diqqəti ona yönəltmişdi ki, Azərbaycan Sərhəd Qoşunlarının silahlanma səviyyəsi Ermənistan Sərhəd Qoşunlarının silahlanma səviyyəsindən fərqlənir və bunun öz səbəbləri var.

“Xüsusilə də ona görə ki, 2018-ci ilin dekabrından etibarən Azərbaycanın Sərhəd Xidməti Ermənistan-Azərbaycan sərhədinin Qazax və Ağstafa sahəsinin (rayonlar Tavus vilayəti ilə həmsərhəddir) mühafizəsini ordunun bölmələrini əvəz edərək öz üzərinə götürüb. Ondan əvvəl isə, 2017-ci ildə ümumiyyətlə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin strukturunda ciddi dəyişikliklər edilmiş, ayrıca komandanlıqlar artırılmışdı.

Bundan əlavə, 2019-cu ildə “Armenpress” yazmışdı ki, məhz Azərbaycanın Sərhəd Dövlət Xidməti Babakər yüksəkliyi rayonunda mövqelərarası ərazidə irəliləməyə və yeni mövqe tutmağa cəhd edib. Bunu ona görə xatırladırıq ki, çevik reaksiya qüvvələri olan və 44 günlük müharibədə fəal iştirak etmiş Azərbaycan Sərhəd Qoşunlarının imkanlarını təsəvvür edəsiniz”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, “Fip.am”ın məlumatına görə, Strateji Araşdırmalar Beynəlxalq İnstitutunun 2020-ci il araşdırmasına əsasən, Azərbaycanın Sərhəd Xidmətinin silahlanmasında piyada döyüş maşınları (BMP-1/BMP-2), zirehli transportyorlar (BTR-60/70/80), yaylım atəşli reaktiv sistemlər (122 mm 3 T-122), hücum helikopterləri (24 Mi-35M Hind) və pilotsuz uçuş aparatları (Medium Hermes 900) var.

“Həmin institutun 2021-ci il araşdırmasından məlum olur ki, Azərbaycanın Sərhəd Xidmətinin silahlanması “Hermes 450” və “Harop” tipli pilotsuz uçuş aparatları ilə tamamlanıb. 2022-ci il araşdırmasına görə isə Azərbaycanın Sərhəd Xidmətinin silahlanmasına təyyarə (Light 40 An-2 Colt) və pilotsuz uçuş aparatının yeni növü (SkyStriker) əlavə olunub.

Daha az əhəmiyyətli deyil ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri 2020-ci ilin 44 günlük müharibəsində, Cəbrayıl, Füzuli, Zəngilan əməliyyatlarında da iştirak edib. Bu, ciddi təcrübədən xəbər verir. Bir dəfə yazmışdıq ki, 2020-ci il müharibəsində Azərbaycanın xarici kəşfiyyat xidmətinin bölməsi (Yarasa) də iştirak edib. “Yarasa”nın şəxsi heyəti 44 günlük döyüş əməliyyatları zamanı Ermənistan ordusunun arxa cəbhəsində fəaliyyət göstərib və yaşayış məntəqələrinin tutulmasında, xüsusilə Qubadlı istiqamətində iştirak edib.

Nikol Paşinyan isə artıq bu il aprelin 27-də Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yaradılması günü münasibətilə təşkil olunan tədbirdə yuxarıda xatırlatdığımız təhlükəli bəyanatı təkrar edib və bildirib:

“Azərbaycanla 12 kilometrlik delimitasiya və demarkasiya olunmuş sərhəd sahəmiz var, orada Ermənistanın Sərhəd Qoşunları xidmət aparır. Ermənistan ilə Azərbaycan Respublikası sərhədinin həmin 12 kilometri yeganə sahədir ki, burada Ermənistan və Azərbaycanın silahlı qüvvələrinin nümayəndələri dəbilqəsiz, zirehli gödəkçəsiz və avtomatların daraqları avtomatların üzərində yox, çantalarda olmaqla xidmət aparırlar”.

Lakin Paşinyan bu dəfə daha da irəli gedib və ordunun rolunun azalmasına aparan növbəti niyyətini də “məxfilikdən çıxarıb”.

“Biz bu incəliyi də görmürük, amma onilliklər boyu ordumuz xidmətinin böyük hissəsini səngərlərdə, mövqelərdə keçirir, halbuki şəraiti bizə məlum səbəblərdən ən yaxşı deyil. Əlbəttə, indi sərhədlərdə də möhkəmləndirmə və mühəndislik istiqamətində nəhəng həcmli işlər aparılır, amma bizim məqsədimiz odur ki, müəyyən anda həmin möhkəmləndirilmiş rayonları da Sərhəd Qoşunlarına təhvil verək ki, Sərhəd Qoşunları orada da xidmət həyata keçirsin. Əlbəttə, bu, tam sülh şəraitində baş verəcək, hansı istiqamətə ki, biz hər ay, hər həftə, hər gün getdikcə daha inamla irəliləyirik”, - deyə müəllif bildirib.

Nəşrin yazdığına görə, maraqlıdır, Ermənistanın müdafiə naziri Suren Papikyan bundan xəbərdardırmı ki, bu illər ərzində və ya bu ilin fevralında fəxr etdiyi möhkəmləndirilmiş rayonlar ordudan alına bilər?

“Yeri gəlmişkən, onlar silahlı qüvvələrin yerinə yetirə biləcəyi mümkün vəzifələr nəzərə alınaraq tikilib və yalnız müxtəlif atıcı silahlardan müdafiə üçün nəzərdə tutulmayıb, orada başqa silah və hərbi texnika nümunələri də ola bilər, onlar üçün xüsusi sahələr ayrılıb.

“Ərazidən asılı olaraq möhkəmləndirilmiş rayonlar dairəvi müdafiə imkanına malikdir. Onlar pilotsuz uçuş aparatlarından qorunur və quruluş baxımından kifayət qədər möhkəmdir. Potensial döyüş zamanı onlar əsgərlərimizin yaşamaq qabiliyyətini təmin edə və ölkəmizin sərhədlərinin daha əlverişli mövqelərdən müdafiəsinə imkan yarada bilər”, - deyə fevralda möhkəmləndirilmiş rayonlardan bəhs edən videoda Paşinyanın partiya yoldaşı olan nazir belə izah etmişdi.

Bundan əvvəl, bu ilin əvvəlində keçirdiyi mətbuat konfransında Suren Papikyan fəxrlə qeyd etmişdi ki, 2025-ci ildə Müdafiə Nazirliyinin kapital xərcləri 57 milyard 702 milyon dramdan çox olub.

“Kapital xərclər 2018-ci ildə təxminən 17 milyard 718 milyon dram təşkil edib və mən 2025-ci ildə Müdafiə Nazirliyinin kapital xərclərindən danışacağam, bu, 57 milyard 702 milyon 154 min dram təşkil edib. Bu, əlbəttə, həm möhkəmləndirmə qurğularının tikintisini, həm kazarma fondunun tikintisini və əlbəttə, yaşayış təminatı istiqamətində aparılan digər tikinti işlərini, o cümlədən təmir işlərini təmin edir və yumşaq desək, bu da rəqəmlər kontekstində kifayət qədər danışandır”, - deyə o davam etmişdi.

Belə çıxır ki, biz əslində yanılmamışıq. Bir vaxt qeyd etdiyimiz kimi, Paşinyan ordunun transformasiya konsepsiyasında da problem görürmü? Çünki hətta onun dövründə yazılmış konsepsiyada da orduya ehtiyat rol ayrılmayıb, halbuki bu, “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramında mövcuddur”, - deyə müəllif yazıb.

Nəşr qeyd edib ki, həmin proqramın altında Suren Papikyan da imza atıb.

“Bu isə o deməkdir ki, müəyyən anda Paşinyan ordudan möhkəmləndirilmiş rayonları alacaq və onları birbaşa öz nəzarəti altında olan MTX Sərhəd Qoşunlarına verəcək, sonra bəlkə də müəyyən anda məsələ ordunun bu və ya digər hərbi texnikasına da çatacaq, kim bilir...

Təəssüf doğuran odur ki, bununla paralel olaraq orduya aid populist və qeyri-peşəkar fikirlər müxalif qüvvələr tərəfindən də səsləndirilir”, - deyə “168.am” bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin