Sabiq erməni deputat: “2020-ci ildən sonra biz tamamilə proqnozlaşdırılmayan və absurd vəziyyətdəyik”

2026/04/1777445026.jpg
Oxunub: 319     18:34     30 Aprel 2026    
“Nikol Paşinyanı çox yaxşı tanıdığım üçün onun hakimiyyətinin yenidən formalaşmasını təmin etmək üçün sözün əsl mənasında hər şeyi edəcəyinə əminəm”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim, Ermənistan parlamentinin sabiq deputatı Naira Zohrabyan deyib.

Keçmiş erməni deputatın fikrincə, belə vəziyyətdə müxalifət insanlarla çox sadə kodlar və mesajlarla danışmalıdır ki, cəmiyyət inansın.

“Paşinyan rejimi inzibati resursdan istifadə edəcək və bu vəziyyətdə ona qarşı mübarizə aparmaq yel dəyirmanlarına qarşı mübarizə aparmaq kimidir. Bu, mənasız mübarizədir, çünki onlar bunu edəcəklər. Burada problem müxalifət düşərgəsindədir.

Müxalifət insanlarla çox sadə kodlarla danışmalıdır, bir neçə aydın, qısa, konkret, asan qəbul edilən mesajı olmalıdır ki, cəmiyyət inansın. Məsələn, sülh müqaviləsi ilə nə olacaq, Türkiyə ilə münasibətlər necə olacaq, TRIPP (Zəngəzur dəhlizi-red.) nə olacaq, Rusiya ilə, İranla, Gürcüstanla münasibətlər necə olacaq?

Müxalifətin bu paketi olmalıdır ki, xalqla danışa bilsin. Çünki 2020-ci ildən sonra biz tamamilə proqnozlaşdırılmayan və absurd vəziyyətdəyik. Heç kim proqnozlaşdıra bilməzdi ki, müharibəni uduzmuş kapitulyantı gedib ikinci dəfə seçəcəklər. Bu nəticəyə gəlirik ki, indi də məntiqdən kənar siyasi vəziyyət var. Mən Nikolu yaxşı tanıyan insan kimi deyirəm: bu, Nikol üçün birbaşa mənada ölüm-dirim məsələsidir.

Təkrar edirəm: 7 iyun seçkisi Nikolun yaşayıb-yaşamaması məsələsidir, birbaşa mənada belədir. Deməli, Nikolu tanıdığım üçün çox yaxşı anlayıram ki, o, hər şeyi edəcək. Hər şey deyəndə, məhz hər şeyi nəzərdə tuturam, qanunla da, qanundan kənar da öz təkrar seçilməsini təmin etmək üçün hər şeyi edəcək”, - deyə Zohrabyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Zohrabyan  


Bizi "telegram"da izləyin