Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Ng.ru” nəşri “Paşinyan sürətlənmə yolu seçib: “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) İranın əsarətinə düşüb” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Nikol Paşinyan bildirib ki, bu məqsədlə İrəvan Vaşinqtonla “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsi üzrə işləri sürətləndirmək barədə razılığa gəlib.
“Ng.ru” ilə danışan ekspertlər hesab edirlər ki, Paşinyanın TRIPP barədə bəyanatları onun “Vətəndaş Müqaviləsi” partiyasının lideri kimi seçkiqabağı kampaniyasının tərkib hissəsidir.
“Parlament seçkilərindən əvvəl TRIPP barədə danışmağın mənası yoxdur, çünki bütün layihə Paşinyan hökuməti ilə bağlıdır. Əgər indiki müxalifət hakimiyyətə gəlsə, onu həyata keçirməyəcək. ABŞ prezidenti Donald Tramp və onun bütün təşəbbüsləri ilə nə olacağı da böyük sualdır. Bu baxımdan hazırda bu, sırf təbliğatdır. “Tramp yolu”ndan danışmaqla Ermənistan hakimiyyəti Zəngəzur dəhlizi barədə Azərbaycan tələbini daha konstruktiv istiqamətə keçirməyə çalışır. Paşinyan həm də TRIPP-dən Bakıya edilən bütün güzəştləri sülh və rifah yolu kimi təqdim etmək üçün istifadə etmək istəyir”, - deyə Qafqaz İnstitutunun elmi əməkdaşı Qrant Mikayelyan bildirib.
“Paşinyan seçkilərdən əvvəl mövqelərini möhkəmləndirmək, müxalifətin tənqidinə cavab vermək və ictimaiyyətə səhv etmədiyini, Ermənistanın mövcudluğunun təminatı kimi təqdim etdiyi layihənin iflasa uğramadığını göstərmək istəyir. Digər tərəfdən, bu, Azərbaycan Prezidenti İlham Əliyevə işarədir ki, regionda dəyişmiş vəziyyətə baxmayaraq, onun təkid etdiyi layihə davam edir”, - deyə erməni politoloq Karen İgityan qeyd edib.
Eyni zamanda ekspertlər ABŞ və İran arasında müharibə şəraitində tikinti işlərinin başlaya biləcəyinə şübhə edirlər. Hətta belə layihə üçün investor tapmaq da çətin olacaq.
“Cəmi iki ay əvvəl ABŞ vitse-prezidenti C. D. Vens bildirmişdi ki, amerikalılar layihə üçün investorlar axtarırlar, lakin hazırda onlar yoxdur”, - deyə İgityan qeyd edib.
Mikayelyan isə öz növbəsində bildirib ki, müharibədən əvvəl də İran sərhədi yaxınlığında “Amerika yolu”nun tikilməsi ilə bağlı qarışıq hisslərə malik idi, indi isə bu, ümumiyyətlə onun xoşuna gəlmir. “Nəhayət, İran artıq daha çətin şəraitdə belə xarici infrastrukturları məhv etmək imkanına malik olduğunu sübut edib”, - deyə erməni ekspert sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az