Ermənistan KİV-i: Avropa İttifaqı sammitinə anti-Rusiya xadimləri dəvət edilib

2026/04/1777443952.jpg
Oxunub: 447     14:11     30 Aprel 2026    
Mayın əvvəlində İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitini Ermənistan hakimiyyəti Avropa İttifaqı ilə birlikdə anti-Rusiyaçılıq paradına çevirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa İttifaqı sammitinə anti-Rusiya xadimləri dəvət edilib” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, hələlik hansı avropalı liderlərin Ermənistana gələcəyi dəqiq məlum deyil.

“Amma bizə məlum olub ki, anti-Rusiya əhvali-ruhiyyəsi ilə tanınan çoxsaylı xadimlər, o cümlədən öz ölkələrindən qovulmuş müxalifətçilər dəvət olunacaq, onlar üçün kifayət qədər təmtəraqlı qəbul təşkil ediləcək. Bununla da təkcə Rusiyaya deyil, onun müttəfiqi Belarusa münasibət göstəriləcək.

Məlumatımıza görə, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya da Ermənistana səfər edəcək. O, yalnız müxtəlif rəsmilər və qərbyönlü siyasi partiyalarla görüşlər keçirməyəcək, hətta sammitdə çıxış da edə bilər. Mənbəmizin sözlərinə görə, bu, məhz Paşinyan hakimiyyətinin taktikasıdır”, - deyə müəllif bildirib.

Nəşr qeyd edib ki, Rusiya və Belarusun son vaxtlar Ermənistanla yaranmış problemləri həll etməyə çalışmasına, hətta Lukaşenkonun KTMT nümayəndələri ilə görüşdə müttəfiq ölkə ilə münasibətləri yaxşılaşdırmağın vacibliyini vurğulamasına baxmayaraq, Paşinyan hakimiyyəti Rusiya və Belarusla əlaqələri tamamilə kəsmək üçün əlindən gələni edir.

“Bununla da Qərbə doğru yönəlişini əsaslandırmağa çalışır. Tixanovskayanın Ermənistana dəvət olunmasının hansı nəticələrə gətirib çıxaracağını demək çətindir. Amma aydındır ki, Belarus bu zərbəni bağışlamayacaq və Ermənistanla, Ermənistan hakimiyyəti ilə bağlı mütəmadi problemlər yaradılacaq”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan     Rusiya  


Bizi "telegram"da izləyin