Ermənistanın keçmiş müdafiə nazirinə sual: “Şuşaya yardım niyə gecikdi?”

2025/11/1763017238.jpg
Oxunub: 496     09:51     29 Aprel 2026    
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan seçkiqabağı dövrdə Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın qaldırdığı məsələnin müzakirəsini məqsədəuyğun hesab etmir.

Ordu.az xəbər verir ki, Tonoyan bu barədə 24 TV-yə müsahibəsində bildirib.

Söhbət 44 günlük müharibə ilə bağlı parlamentdə qapalı müzakirənin təşkil olunması təşəbbüsündən gedir.

Keçmiş erməni nazir sabiq həmkarı haqqında müsbət fikirlər səsləndirərək, keçmişdə yaxşı münasibətlərə malik olduqlarını və Qasparyanın təyinatı üçün şəxsən vasitəçilik etdiyini deyib. O qeyd edib ki, hazırda Baş Qərargahın keçmiş rəisi ilə əlaqədə deyil.

“Onun ifadə etdiyi və ya indi təklif etdiyi məsələ onun öz problemidir. Mən parlamentin istintaq komissiyasının həm qapalı, həm də açıq iclaslarında çıxış etmək imkanı əldə etmişəm. Suallara da dolğun cavablar vermişəm”, - deyə Tonoyan bildirib və “eyni səhvləri təkrarlamaq” istəmədiyini vurğulayıb.

Ümumilikdə keçmiş nazir parlament tərəfindən hər hansı reaksiya görmədiyini bildirib və seçkiqabağı dövrdə belə müzakirələri məqsədəuyğun saymadığını qeyd edib. Onun fikrincə, bu cür müzakirələr siyasi, qeyri-peşəkar və qeyri-kompetent manipulyasiyalar üçün əsas yaradacaq.

“Komissiyanın nəticələri barədə məlumatımız yoxdur. Mən indiyədək həmin yekun rəylə tanış olmağı tələb edirəm, amma cavab yoxdur”, - deyə keçmiş erməni nazir bildirib. Tonoyan bununla parlamentin komissiya hesabatını hələ də dərc etmədiyini nəzərdə tutub.

Tonoyan Paşinyanın Qasparyana yönəltdiyi ittihamlarla bağlı suala, yəni Şuşaya çatmalı yardımın iki gün gecikməsi barədə deyilənlərə münasibət bildirməkdən yayınıb. O, ayrı-ayrı hallara aid məsələləri şərh etməyi məqsədəuyğun saymadığını deyib.

Həmin məsələnin cavabını bilib-bilmədiyi soruşulduqda, keçmiş erməni nazir belə deyib: “Həmin hallar hamısı araşdırılıb və Baş Qərargahda bütün hadisələr və onların səbəbləri barədə çox aydın təhlil mövcuddur. Bildiyim qədərilə, Onik Qasparyan komissiyada bununla bağlı danışıb”.

Öz məhkəmə prosesi barədə danışan David Tonoyan bildirib ki, iş hazırda məhkəmə mübahisələri mərhələsindədir. Onun sözlərinə görə, iclasların qapalı keçirilməsi qərarı həm onun, həm də prokurorun etirazına baxmayaraq hakim tərəfindən qəbul olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan  


Bizi "telegram"da izləyin