Ermənistan KİV-i: Sərhəddə evlər tikilir, amma yaşayış yoxdur (ƏTRAFLI)

2026/04/1777379932.jpg
Oxunub: 376     09:19     29 Aprel 2026    
Ermənistan hökuməti sərhədyanı yaşayış məntəqələrində ev tikintisi üçün milyardlarla dram vəsait yatırıb, lakin həmin evlərdə insanların yaşayıb-yaşamadığını hesablamayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Qəzetin araşdırması göstərir ki, 35 milyard dram kredit və 6,8 milyard dram büdcə dəstəyi qarşılığında dövlət hələ də sərhəddə neçə nəfərin məskunlaşdığını bilmir.

“Rəqəmlər var, amma məskunlaşma nəticəsi yoxdur.

16 milyon dramlıq evlərin neçəsində yaşayış var

Söhbət “Ermənistanın sərhədyanı yaşayış məntəqələrində ailələrin mənzil əlçatanlığının təmin olunmasına dövlət dəstəyi” proqramından gedir. Həmin proqram çərçivəsində vətəndaşlara sərhədyanı yaşayış məntəqələrində yaşayış evi tikmək üçün 16 milyon dramadək dəstək verilir.

“Joğovurd” qəzeti hökumətə sorğu göndərərək neçə nəfərin müraciət etdiyini, neçəsinin benefisiar olduğunu, nə qədər vəsait ayrıldığını, hansı vilayətlərdə və yaşayış məntəqələrində ev tikildiyini, ən əsası isə bu evlərin neçəsində yaşayış olduğunu soruşub. Ermənistan Əmək və Sosial Məsələlər Nazirliyi cavab verib ki, proqram başlayandan bəri 2319 benefisiar cəlb olunub. Həmin cavabda qeyd olunub ki, proqramın 2319 benefisiarından 2272-si artıq kreditləşdirilib (ən azı bir mərhələ), onlara tərəfdaş maliyyə qurumları tərəfindən ümumilikdə təxminən 35 milyard dram tikinti krediti verilib, bu kredit üzrə aylıq ödənişlər üçün proqram başlayandan bu günədək dövlət büdcəsindən təxminən 6,8 milyard dram ayrılıb.

Bu isə o deməkdir ki, rəsmi məlumatlara görə proqram artıq iri maliyyə dövriyyəsi mərhələsinə keçib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, bank sistemi vasitəsilə təxminən 35 milyard dram tikinti krediti verilib, dövlət büdcəsindən isə yalnız aylıq ödənişlər istiqamətində artıq 6 milyard 800 milyon dram ayrılıb.

“Yəni götürülən kreditlərin aylıq ödənişlərini vətəndaşların əvəzinə hökumət edir. Əgər bu rəqəmləri kreditləşdirilmiş 2272 benefisiar arasında bölsək, hər benefisiara düşən orta kredit məbləği təxminən 15,4 milyon dram edir. Rəqəmlər kiçik deyil, amma əsas sual yaranır: bu milyardların qarşılığında dövlət konkret hansı nəticəni əldə edib?

İnsanlar yaşamırsa, evlər kim üçün tikilir?

Cavab, yumşaq desək, narahatedicidir. “Joğovurd” qəzetinin neçə ev tikildiyi və neçə evdə yaşayış olduğu ilə bağlı sualına nazirlik sözbəsöz belə cavab verib: “Tikilmiş evdə yaşayış faktı proqramda iştirakın məcburi şərtlərinə daxil deyil”. Bundan başqa, cavabda qeyd olunub ki, “yekun akt təqdim etmiş benefisiarların tikdiyi evlərdə yaşayıb-yaşamadığının yoxlanılması üçün hələlik müvafiq araşdırma və ya monitorinq aparılmayıb. Çünki proqram aktiv davametmə mərhələsindədir, evlərin böyük hissəsi isə hələ tikinti mərhələsindədir”.

Bu artıq sadəcə texniki boşluq deyil. Bu, proqramın məzmun baxımından ən zəif nöqtəsidir”, - deyə məqalədə vurğulanıb.

Müəllifin sözlərinə görə, belə çıxır ki, dövlət proqrama milyardlar yatırıb, amma əsas nəticəni, yəni tikilən evdə yaşayışın olub-olmadığını yoxlamayıb.

“Halbuki proqramın məqsədi yalnız ev tikmək deyil. Məntiqi sual yaranır: tikilən evlər kim üçün tikilib? Axı proqramın siyasi, sosial və təhlükəsizlik baxımından mənası sərhəddə insan saxlamaq, sərhədyanı kəndlərdə məskunlaşmanı təmin etmək, icmaların boşalmasının qarşısını almaqdır.

Tikilmiş və tikilməkdə olan evlər vilayətlər üzrə

Rəsmi cavaba əsasən proqram Tavus, Zəngəzur, Dərələyəz, Ağrı və Göyçə vilayətlərinin 77 kənd yaşayış məntəqəsində icra olunub. Əlavə edilmiş siyahıda yaşayış məntəqələri üzrə təsdiqlənmiş, kreditləşdirilmiş və yekun akt təqdim etmiş benefisiarların sayı göstərilib. Ümumi rəqəmlər belədir: 2319 təsdiqlənmiş benefisiar, 2272 kreditləşdirilmiş benefisiar, 272 yekun akt təqdim etmiş benefisiar”, - deyə nəşr qeyd edib.

Müəllifin yazdığına görə, bu isə o deməkdir ki, ən azı bir mərhələ üzrə kredit alan 2272 benefisiardan cəmi 272-si yekun akt təqdim edib.

“Yəni rəsmi şəkildə tamamlanmış nəticə təxminən 12 faiz təşkil edir. Başqa sözlə, kredit alanların təxminən 88 faizinin hələ tamamlanmış evi yoxdur.

Nazirlik qeyd edir ki, proqram davam edir və evlərin çoxu tikinti mərhələsindədir. Amma buna baxmayaraq ciddi sual yaranır: artıq ayrılmış milyardların qarşılığında proqram hansı sürətlə real, tamamlanmış yaşayış fonduna çevrilir?

Tavus

Məsələn, Tavus vilayətində bəzi yaşayış məntəqələrində nəticə nisbətən görünəndir. Ayqehovitdə 179 kreditləşdirilmiş benefisiardan 56-sı, Sevkarda 174-dən 41-i, Sariqyuğda 118-dən 36-sı, Koğbda 276-dan 29-u, Berdavanda 180-dən 17-si yekun akt təqdim edib. Ayqedzorda 29 nəfərdən heç biri təqdim etməyib, Azatamutda 42 nəfərdən 2-si, Vazaşendə 8 nəfərdən 2-si yekun akt təqdim edib. Elə yaşayış məntəqələri də var ki, təsdiqlənmiş və ya kreditləşdirilmiş benefisiarlar olsa da, yekun akt ya yoxdur, ya da demək olar yoxdur.

Dərələyəz

Arenidə 221 kreditləşdirilmiş benefisiardan 18-i, Xaçikdə 40-dan 9-u yekun akt təqdim edib, Qomkda 22-dən heç biri, Sersdə 6-dan heç biri, Xndzorutda 2-dən heç biri, Nor Aznaberdə 7-dən heç biri təqdim etməyib.

Zəngəzur

Zəngəzurda mənzərə də kəskin qeyri-bərabərdir”, - deyə nərş bildirib.

Müəllif vurğulayıb ki, Xndzoreskdə 39 kreditləşdirilmiş benefisiardan heç biri, Karahuncda 15-dən heç biri yekun akt təqdim etməyib, Teğdə 32-dən 1-i təqdim edib, Zəngəzur kəndində 9-dan heç biri, Nrnadzorda 10-dan heç biri təqdim etməyib.

“Kornidzor, Vorotan, Barquşat, Geğanuş, Qomaran, Ditsmayri, Kağnut, Nerkin Hand, Sznak, Sraşen, Ujanis, Aravus, Xnatsax, Şurnux kimi bir sıra yaşayış məntəqələrində göstəricilər sıfırdır.

Göyçə

Göyçədə ən böyük rəqəmlərdən biri Zodda qeydə alınıb, 746 təsdiqlənmiş benefisiar olub, amma kreditləşdirilmişlərin və yekun akt təqdim edənlərin sayı sıfırdır. Azatda 15 təsdiqlənmiş, 14 kreditləşdirilmiş benefisiar var, amma yekun akt yoxdur. Kutda 8 təsdiqlənmiş, 3 kreditləşdirilmiş benefisiar var, yekun akt yoxdur. Vahanda 86 təsdiqlənmiş, 5 kreditləşdirilmiş benefisiar var, yekun akt da yoxdur. Norabakda isə göstəricilər sıfırdır.

Ağrı

Ağrı vilayətində ən diqqətçəkən nümunə Arazdəyəndir. Burada rəsmi olaraq 757 təsdiqlənmiş benefisiar var, amma cəmi 25 nəfər kredit alıb və yekun akt təqdim edən yoxdur”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, Paruyr Sevak yaşayış məntəqəsində 70 təsdiqlənmiş benefisiar var, amma nə kreditləşmə, nə də yekun akt var.

“Kərkidə göstəricilər sıfırdır. Bu rəqəmlər göstərir ki, proqram vilayətdən vilayətə, kənddən kəndə fərqli effektivliklə işləyir. Bir yerdə tikinti nəticəsinə çatır, başqa yerdə təsdiqlənmiş ərizə səviyyəsində qalır, üçüncü yerdə isə kredit mərhələsinə belə keçmir.

Lakin bütün bu mənzərənin ən problemli hissəsi dəyişmir, hökumət tamamlanmış 272 evdən neçəsində real yaşayış olduğunu deyə bilmir, çünki bunu yoxlamayıb.

Bu isə o deməkdir ki, proqram real sosial təsirlə deyil, inzibati mərhələlərlə ölçülür. Yəni ərizə var, kredit var, kağız var, amma nəticə, yəni insan sərhəddə qalıbmı, yoxsa yox, dövlət üçün faktiki ölçülməmiş göstəricidir.

Əgər tikilmiş evdə yaşayış yoxdursa, milyardlarla bağlı hesabat real təhlükəsizlik və demoqrafik nəticə demək deyil. Bu, nəzarət olunmayan vəsaitə bənzəyir. “Joğovurd” qəzeti siqnallar aldığını bildirir ki, bir çox benefisiarlar alınmış vəsaitin bir hissəsi ilə heç vaxt yaşayış üçün yararlı olmayacaq evlər tikiblər. Onlar yalnız kənardan yeni tikili kimi görünür. Amma hələ proqramın başa çatması gözlənilir.

Effektivlik ölçülmədən yeni maliyyələşmə ayrılıb

Hökumət qiymətləndirmə təqdim etməsə də, proqramı genişləndirmək qərarı verib. Nazirlik bildirib ki, “2026-cı il martın 19-da keçirilmiş Ermənistan hökumətinin iclasında 307-L saylı qərar təsdiqlənib və həmin qərarla proqram çərçivəsində yeni tələblərə cavab verən benefisiarlar üçün 1417 yeni kvota ayrılması nəzərdə tutulub”.

Yəni icra hakimiyyəti proqramın mövcud mərhələsinin effektivliyi tam qiymətləndirilmədiyi, yaşayış faktı yoxlanılmadığı, ümumiyyətlə monitorinq aparılmadığı halda daha 1417 yeni kvota əlavə edir”, - deyə müəllif yazıb.

Qəzet qeyd edib ki, proqram tam uğursuz sayılmır.

“Çünki o, həqiqətən də geniş benefisiar axını yaradıb, iri kredit həcmləri formalaşdırıb və bəzi yaşayış məntəqələrində yekun mərhələlərə çatıb. Xüsusilə Tavusun bir sıra kəndlərində müəyyən hərəkətlilik görünür.

Amma əks fakt da aydındır, bu mərhələdə proqramın sübut olunmuş effektivliyi yoxdur. Niyə? Çünki hökumət yaşayış faktını yoxlamayıb, deməli proqramın effektivliyini də sübut edə bilmir. 272 yekun akt isə, yumşaq desək, qənaətbəxş göstərici deyil”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yaşayış-məntəqəsi  


Bizi "telegram"da izləyin