“Gürcüstan dialoqa hazırdır, lakin həqiqət Avropa İttifaqının tərəfində deyil” - Kobaxidze

2026/04/17754-1775472337.jpg
Oxunub: 396     20:28     28 Aprel 2026    
“Dialoqdan zəif tərəf, arqumentlərdə zəif olan qorxur. Əlbəttə, Avropa İttifaqı bizdən qat-qat böyükdür, mən bunu nəzərdə tutmuram. Zəif tərəf o mənadadır ki, həqiqət Avropa İttifaqının tərəfində deyil, həqiqət bizim tərəfimizdədir”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində bildirib

Onun sözlərinə görə, Avropa İttifaqı ilə siyasi dialoq mümkün olan çərçivədə davam edəcək.

“Biz gürcü xalqına arxalanırıq. Komandamız həmişə gürcü xalqına arxalanıb və gələcəkdə də arxalanacaq. Avropa İttifaqına gəlincə, siyasi dialoq onun mümkün olduğu sərhədlərdə davam edəcək.

Biz dialoqa maksimum dərəcədə açığıq və bunu həmişə bəyan etmişik. Gürcüstan hakimiyyəti ilə dialoqu bərpa etməyə Avropa bürokratiyasının hazır olduğunu görən kimi, biz də açıq olacağıq.

Biz görürük ki, onların münasibəti fərqlidir, bu, sovet yanaşmasıdır, dialoqdan və debatdan qorxurlar. Dialoqdan zəif tərəf, arqumentlərdə zəif olan qorxur. Əlbəttə, Avropa İttifaqı bizdən qat-qat böyükdür, mən bunu nəzərdə tutmuram. Zəif tərəf o mənadadır ki, həqiqət Avropa İttifaqının tərəfində deyil, həqiqət bizim tərəfimizdədir”, - deyə Kobaxidze qeyd edib.

Sanksiya riskləri şəraitində Bolqarıstana ümid edib-etmədikləri ilə bağlı suala cavab verən Kobaxidze bildirib: “Bolqarıstanı kiçiltməyin.

Heç bir ölkəni kiçiltmək olmaz. Biz dialoq aparmağın mümkün olduğu hər kəslə danışırıq. Dialoq və təmas istəyini ifadə edənlərlə işləyirik. Bu, bizim mövqeyimizdir. Məhz bu yanaşma sayəsində çətinliklərə baxmayaraq, indiyədək ölkənin müstəqilliyini təmin etməyə nail olmuşuq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Kobaxidze  


Bizi "telegram"da izləyin