“Koyuncu Savunma” başda Azərbaycan olmaqla Somali, Keniya, Ruanda, Banqladeş, Liviya və Kipr kimi bir çox ölkəyə məhsul göndərir” - Fatih Koyuncu

2026/04/1777380479.jpg
Oxunub: 392     16:46     28 Aprel 2026    
Müdafiə sənayesində təhlükəsizlik, davamlılıq və mühəndislik mükəmməlliyini bir araya gətirən köklü texnologiya və istehsal şirkəti kimi fəaliyyətini davam etdirən “Koyuncu Savunma” hərbi və strateji infrastrukturlar üçün yüksək təhlükəsizlikli həllər istehsal etməyə davam edir.

Ordu.az xəbər verir ki, “Defensehere.com”u müəssisələrində qonaq edən “Koyuncu Savunma”nın idarə heyətinin sədri Fatih Koyuncu fəaliyyətləri və müdafiə sənayesinə yönəlmiş istehsalları, uğurları və hədəfləri haqqında danışıb.

Şirkətin təməllərinin 1960-cı illərdə atası İsmail Koyuncu tərəfindən fərdi şirkət kimi qoyulduğunu, 2000-ci illərin əvvəlində məhdud məsuliyyətli şirkətə çevrilən strukturun müdafiə sənayesinə girişlə birlikdə səhmdar cəmiyyət statusu qazandığını bildirən Koyuncu sözlərinə belə davam edib:

“Müdafiə sənayesi sahəsində və müdafiə sənayesindən kənarda polad konstruksiyalar sahəsində çoxsaylı layihələrə imza atdıq. Həm ölkə daxilində, həm də ölkə xaricində layihələr tamamladıq. Son on ildə müdafiə sənayesinə üstünlük verdik və bu sahədə də bir çox fərqli layihəmiz var. Bunları hazırda yekun məhsul kimi istehsal edib müdafiə qurumlarına təhvil veririk”.

Patentli məhsullar və AR-GE yönümlü istehsal

Koyuncu Mersində 13500 kvadratmetrlik sahədə fəaliyyət göstərən zavodda istehsallarını davam etdirən şirkətin tutum ehtiyacına görə mütəşəkkil sənaye zonalarında da istehsal həyata keçirə bildiyini söyləyib.

Şirkətin önə çıxan layihələri arasında patentli “modulyar torpaq örtülü ağıllı sursat anbarı”nın yer aldığını bildirən Koyuncu bu məhsul üzərində AR-GE işlərinin davam etdiyini, hazırlanan hər yeni dizayn üçün ayrıca patent alındığını ifadə edib.

Öz-özünə hərəkət edə bilən konteyner daşıyıcı vasitələrindən bəhs edən Koyuncu deyib: “Normal yük avtomobilinə və ya dartıcıya ehtiyac duymadan öz hərəkət sistemi ilə hərəkət edə bilən sistemdir. Bunun da patenti alınıb və hazırda istifadə olunur”.

Strateji layihələr və kritik əməkdaşlıqlar

Strateji layihələrə və kritik əməkdaşlıqlara imza atdıqlarını ifadə edən Koyuncu bunları söyləyib:

“Dəniz Qüvvələri üçün dizayn etdiyimiz məhsul mövcuddur və ölkənin gələcəyinə əhəmiyyətli dərəcədə təsir edəcəyini qiymətləndiririk. Xüsusilə müharibə zamanı ölkə müdafiəsinə təsir edəcək çox mühüm məhsul üzərində işləyirik. Müdafiə Sənayesi Komitəsi ilə layihəni tamamladıqdan sonra bunu da açıqlaya biləcəyik. Bundan başqa standart komanda mərkəzləri, hərbi yaşayış sahələri kimi layihələrimiz var. Bunlar ehtiyaca görə formalaşdırılaraq müvafiq qurumlara çatdırılır.

Şirkətimizin maşın parkında CNC kəsmə maşınları, plazma kəsmə maşınları, metal bükmə dəzgahları, yükqaldıran maşınlar var. Yükqaldıran maşın ehtiyacımız olduqca yüksəkdir, çünki istehsal etdiyimiz məhsullar həcmli olduğu üçün zavod daxilində forkliftlərdən tez-tez istifadə edirik. Bundan başqa klassik qaynaq maşınları, kəsmə və formalaşdırma maşınları da mövcuddur.

Təchizatçısı olduğumuz əsas qurumlar bunlardır: Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Hərbi Hava Qüvvələri Komandanlığı, Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələri Komandanlığı və bütün qoşun komandanlıqlarının alt qolları, yəni Quru Aviasiyası, Dənizçilik və s. Bu qurumlarla yanaşı yarı özəl qurumlardan ROKETSAN, ASELSAN, HAVELSAN, TUSAŞ ilə də işləyirik. Eyni zamanda illərdir BAYKAR-ın da təchizatçısıyıq, həm ölkə daxilində, həm də ölkə xaricində. Məsələn, silahlı pilotsuz uçuş aparatı verilən ölkələrə eyni zamanda sursat anbarları da bizim tərəfimizdən təmin edilir. ROKETSAN-dan sursat verildiyi kimi, sursat anbarları da bizim anbarlarımız olaraq təhvil verilir. Yəni paket məhsul kimi birlikdə ixrac həyata keçirilir”.

NATO-dan mükafat alan məhsullar

Koyuncu şirkətin məhsullarının həm ölkə daxilində, həm də beynəlxalq əməliyyatlarda aktiv şəkildə istifadə olunduğunu, sərhəddənkənar əməliyyatlarda yüzlərlə məhsulun sahədə tapşırıq yerinə yetirdiyini, NATO-ya da çoxsaylı təhvil həyata keçirildiyini bildirib:

“Ölkə daxilində xüsusilə sərhəd bölgələrində keçirilən əməliyyatlarda. məsələn, Suriya əməliyyatında yüzlərlə məhsul verdik və bunlar hələ də istifadə olunur. NATO-ya da yüzlərlə məhsul verdik. Hətta məhsulumuz bir NATO təliminə aparılmışdı və biz də dəvət edilmişdik. Hərbi personal arasında mülki şəxs kimi biz də orada məhsulumuzu təqdim etdik. Generallarımız məhsulumuzu digər ölkələrin generallarına təqdim etdilər. Təlimdən sonra məhsul mükafat aldı. Buna görə müdafiə sənayesi sahəsində son on ildə fəaliyyətlərimiz xeyli artıb”.

İxracda böyük artım

Koyuncu son illərdə ixrac performansını ciddi şəkildə artıran “Koyuncu Savunma”nın başda Azərbaycan olmaqla Somali, Keniya, Ruanda, Banqladeş, Liviya və Kipr kimi bir çox ölkəyə məhsul göndərdiyini söyləyib.

Polşa ilə aparılan danışıqların müsbət irəlilədiyini bildirən Koyuncu yaxın zamanda mühüm ixrac razılaşması gözlədiklərini ifadə edib.

84 faiz yerlilik nisbəti və yekun məhsul təhvili

Şirkətin məhsullarında yerlilik nisbətinin 84 faiz səviyyəsinə çatmış olduğunu ifadə edən Koyuncu hədəfin bu nisbəti 100 faizə çatdırmaq olduğunu söyləyib. Məhsulların modulyar quruluşunun, sursat ömrünü uzatmasının və xarici təhdidlərə qarşı təmin etdiyi yüksək mühafizənin isə üstün tutulma səbəbləri arasında yer aldığını bildirib.

Koyuncu sonda “Koyuncu Savunma”nın hissə istehsalı yerinə birbaşa yekun məhsul təhvili etdiyini, “paket həll” təqdim etdiyini söyləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koyuncu-Savunma   Türkiyə  


Bizi "telegram"da izləyin