Ordu.az xəbər verir ki, bu barədə “The Washington Times” nəşri yazıb.
Nəşr vurğulayır ki, Ermənistan Konstitusiyasına görə, ərazinin qəsdən təhvil verilməsi və hərbi məğlubiyyətin təşkili xəyanət anlayışına daxil olan hərəkətlər hesab olunur.
“İyunun 7-nə planlaşdırılan parlament seçkiləri Ermənistanda adi seçkilər deyil. Paşinyan üçün bu, şəxsi siyasi sağ qalma məsələsidir. Təxminən 8 faiz reytinqə malik lider azad və ədalətli seçkilərdə qalib gələ bilməz. O ya məğlub olacaq və məsuliyyətə cəlb ediləcək, ya da seçkilərin azad və ədalətli olmamasını təmin edəcək”, - deyə məqalədə bildirilib.
Müəlliflərin fikrincə, son bir ildə Ermənistanda baş verən hər şey ikinci ssenaridən xəbər verir.
Onların qiymətləndirməsinə görə, plan artıq açıq görünür və onun elementləri artıq həyata keçirilir. Ermənistan müxalifətinin əsas himayədarlarından biri olan iş adamı Samvel Karapetyan, həmçinin Paşinyanın hücumlarının əsas hədəflərindən biri olan Erməni Apostol Kilsəsinin baş maliyyə dəstəkçisi 2025-ci ilin iyununda hakimiyyəti qanunsuz ələ keçirməyə açıq çağırış etmək ittihamı ilə həbs edilib.
“Bu ay, seçkilərdən bir neçə həftə əvvəl onun ev dustaqlığı daha üç ay uzadılıb ki, bu da onun seçki kampaniyası aparmasına mane olur. Onun həbsi barədə qərar əvvəllər Paşinyanın ailəsi ilə bağlı saytda məhkəmənin rəsmi qərarından bir gün əvvəl dərc edilmişdi ki, onların iddiasına görə, bu, məhkəmə sistemi üzərində təzyiqi göstərir”, - deyə məqalədə vurğulanıb.
Nəşrə görə, Paşinyan parlament tribunasından müxalif seçiciləri “it və çaqqallar” adlandırıb.
“İrəvan metrosunda o, Qarabağdan (könüllü-red.) köç etmiş bir qadınla və onun uşağı ilə üz-üzə gəlib, köç etmiş şəxsləri fərarilər adlandırıb. Paşinyan yenidən seçilməyəcəyi halda yeni hərbi əməliyyatlarla hədələyib. “Transparency International” antikorrupsiya təşkilatı “inzibati resursların genişmiqyaslı sui-istifadəsini” sənədləşdirib və Ermənistanda azad və ədalətli seçkilər üçün şəraitin olmadığını qeyd edib.
Paşinyanın hakim partiyasının guya seçki qanunvericiliyində dəyişikliklərdə, o cümlədən seçki müşahidəçilərini diskvalifikasiya etmək üçün yeni səlahiyyətlərdə israr etdiyi də bildirilir. Avropa İttifaqı problemi daha da kəskinləşdirib. Aİ dezinformasiya ilə mübarizə aparmaq və Ermənistan Baş nazirinin ofisinə məsləhət verən “hibrid sürətli reaksiya qrupu” yaratmaq üçün 14 milyon dollarlıq yardım paketi ayırmağı planlaşdırır ki, bu da guya kritik anda Paşinyanın mövqelərini gücləndirir”, - deyə nəşr qeyd edib.
Müəlliflərin sözlərinə görə, erməni müxalifəti xəbərdarlıq edir ki, Aİ-nin belə dəstəyi seçkilər zamanı mümkün manipulyasiyalar üçün “yaşıl işıq” kimi qəbul edilə bilər.
“Risklər Ermənistan sərhədlərindən kənara çıxır. Vaşinqton diqqətini İrana yönəldib. Onlar hesab edirlər ki, Vladimir Putinlə müntəzəm görüşən və Çinlə strateji tərəfdaşlıq sazişi imzalayan etibarsız tərəfdaş Paşinyanı hakimiyyətdə saxlayan “oğurlanmış seçkilər” ABŞ-nin regional layihələrini təhlükəyə ata bilər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az