Braziliya donanması ilk “Tamandaré” sinfinə məxsus freqatını xidmətə qəbul edib

2026/04/1777365416.jpg
Oxunub: 321     12:26     28 Aprel 2026    
Almaniyada yerləşən “Thyssenkrupp Marine Systems” (TKMS) tərəfindən inşa edilən “Tamandaré” (F200) freqatı Rio-de-Janeyroda keçirilən mərasimlə Braziliya donanmasının inventarına rəsmi olaraq daxil edilib.

Ordu.az xəbər verir ki, dörd gəmidən ibarət “Tamandaré” Sinfinə Məxsus Freqat Proqramının ilk təhvili olan platforma ölkənin dəniz gücündə yeni dövrün başlanğıcı kimi qiymətləndirilir.

Proqramın strukturu və sənaye əməkdaşlığı

“Tamandaré” Sinfinə Məxsus Freqat Proqramı Braziliya donanmasının rəhbərliyi ilə həyata keçirilir, layihə idarəçiliyi isə EMGEPRON tərəfindən aparılır. İnşa fəaliyyətləri isə TKMS, “Embraer” və “Atech” tərəfdaşlığı ilə yaradılan “Águas Azuis” konsorsiumu tərəfindən həyata keçirilir.

F200 freqatı İtajaidəki gəmiqayırma zavodunda dörd ildən az müddətdə tamamlanıb. TKMS layihəni Braziliyada indiyədək inkişaf etdirilən ən qabaqcıl dəniz platforması proqramı kimi xarakterizə edir.

Əməliyyat qabiliyyətləri və platforma xüsusiyyətləri

“Tamandaré” sinfinə məxsus freqatlar TKMS-in modul döyüş gəmisi dizaynı olan MEKO A-100 platforması əsasında inkişaf etdirilib. Bu yanaşma gəmilərə missiya çevikliyi və fərqli əməliyyat ehtiyaclarına uyğunlaşdırıla bilmə imkanı qazandırır.

F200 qabaqcıl döyüş sistemləri, sensorlar və silah sistemləri ilə təchiz edilib. Şirkətə görə, platforma Braziliya donanması üçün yeni texnoloji istinad nöqtəsi formalaşdırır.

Strateji tərəfdaşlıq və yeni sifariş gözləntisi

TKMS İdarə Heyətinin üzvü Oliver Burkhard mərasimdə çıxışında bu ifadələri işlədib: “1980-ci illərdən etibarən Braziliya donanması ilə güclü tərəfdaşlıq həyata keçiririk. “Tamandaré” freqatının xidmətə daxil olması bu əməkdaşlıqda yeni mərhələdir. Əlavə dörd gəmini əhatə edəcək ikinci partiya üçün də prosesi davam etdirməyə hazırıq”.

Burkhard həmçinin iki tərəf arasında imzalanan Anlaşma Memorandumunun qarşılıqlı etimadın göstəricisi olduğunu vurğulayaraq layihənin beynəlxalq əməkdaşlıq ilə yerli sənayenin gücləndirilməsini eyni vaxtda mümkün etdiyini bildirib.

Yerli sənaye və iqtisadi təsir

“Águas Azuis”in baş icraçı direktoru Paulo Alvarenqa isə proqramın yalnız hərbi deyil, iqtisadi ölçüsünə də diqqət çəkib: “Tamandaré” Sinfinə Məxsus Freqat Proqramı texnologiya transferi, müdafiə sənayesi infrastrukturunun gücləndirilməsi və ölkə üçün əlavə dəyər yaradılmasının konkret nümunəsidir”.

Proqram çərçivəsində təxminən 1000 Braziliya şirkəti təchizat zəncirinə daxil edilərkən, birbaşa və dolayı təsirlərlə birlikdə təxminən 23000 nəfərlik məşğulluq yaradılması nəzərdə tutulur.

Təhvil qrafiki

TKMS qalan üç freqatın 2029-cu ilə qədər təhvil verilməsinin planlaşdırıldığını açıqlayıb.

Bu hadisə ilə Braziliya TKMS tərəfindən istehsal edilən suüstü platformalardan istifadə edən 18 donanma arasına qoşulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   Tamandaré  


Bizi "telegram"da izləyin