Anti-Rusiya Siyasəti və Boşalan Bazarlar: Ermənistan Çətin Seçim Qarşısında

2026/04/1775489688.jpg
Oxunub: 480     13:13     28 Aprel 2026    
“Ermənistan xarici siyasət dəyişikliyinin nəticələri ilə üzləşməyə davam edir və bu nəticələr iqtisadiyyatın real sektorunda daha görünən hala gəlir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Risklərin yığılması: anti-Rusiya siyasətinin iqtisadi qiyməti” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, son aylarda erməni biznesi artıq sistemli xarakter daşıyan yeni məhdudiyyətlərlə üz-üzədir.

“Ermənistanın “Texworld” şirkətinə qarşı balıq məhsullarının tədarükünə məhdudiyyətlər, mineral su ixracının dayandırılması, həmçinin konyak istehsalı sahəsində yaranan maneələr iqtisadi təzyiqlərin mərhələli şəkildə genişləndiyini göstərir. Eyni zamanda sərhəddə sərt yoxlamalar davam edir və bu, ixrac prosesini əlavə olaraq çətinləşdirir, erməni məhsullarının rəqabət qabiliyyətini azaldır.

Biznes ictimaiyyəti yaranmış problemlər barədə dəfələrlə danışıb, konkret cavablar və həllər gözləyib, lakin yalnız gələcək proqramlar və perspektivlər barədə ümumi xarakterli bəyanatlar mövcuddur. Mütəxəssislərin fikrincə, iqtisadi münasibətlərdə bu cür qeyri-müəyyənlik mövcud problemləri həll etməməklə yanaşı, onları daha da dərinləşdirir, həm daxili, həm də xarici tərəfdaşlar arasında etimad çatışmazlığı formalaşdırır. Bu fonda, hazırkı siyasi xətt saxlanılarsa, məhdudiyyətlərin genişlənə biləcəyi barədə proqnozlar da artır”, - deyə müəllif vurğulayıb.

Nəşr bildirib ki, Ermənistanın xarici iqtisadi istiqamətlərinin dəyişdirilməsi məsələsi aydın strateji əsas olmadan qalmaqda davam edir. Bunu Ermənistanın keçmiş xarici işlər nazirinin müavini Sergey Manasaryan vurğulayır və qeyd edir ki, Avropa istiqamətində verilən bəyanatlar praktiki addımlarla müşayiət olunmur. Onun qiymətləndirməsinə görə, siyasi yenidən istiqamətlənmə dərin iqtisadi transformasiyalar olmadan həyata keçirilə bilməz, bazarların dəyişdirilməsi isə uzunmüddətli və mürəkkəb prosesdir.

“Mənim üçün Ermənistanın Avropa bazarına nə və hansı həcmdə təklif edə biləcəyini təsəvvür etmək çətindir. Bunu etmək son dərəcə çətindir, bazarların dəyişdirilməsi bir-iki ilin işi deyil. Üstəlik, dövlət yaşamalı, inkişaf etməli, təhlükəsizliyini təmin etməli və sair”, - deyə o bildirib.

Manasaryan başqa ölkələrin təcrübəsini də xatırladaraq mümkün risklərə işarə edir. Onun sözlərinə görə, Avropa İttifaqına üzv olduqdan sonra bəzi ölkələrdə iqtisadi sahələr ciddi problemlərlə üzləşib.

“Bir il yarım ərzində Bolqarıstanın kənd təsərrüfatı sadəcə məhv oldu. Bolqarıstan məhsulu Avropa bazarında lazım olmadı”, - deyə o qeyd edib.

O, həmçinin xarici bazarların real qiymətləndirilməsi zərurətinə toxunaraq vurğulayıb ki, iqtisadi əlaqələr illər ərzində formalaşır və kəskin şəkildə əvəz edilə bilməz.

“Hələ çox əvvəl, Misirdə işlədiyim vaxt Amerika Universitetinin professoru, ciddi politoloqla ünsiyyət qurmaq imkanım olmuşdu. O mənə əvvəlcə qəribə görünən bir sual verdi: Ermənistanda rus dilini bilmə səviyyəsi necədir? Mən cavab verdim ki, rus dilini heç olmasa başa düşməyən erməni tapmaq çətindir, hərçənd mənim qiymətləndirməmə görə, səviyyə azalır. O dedi ki, bu çox pisdir. Çünki, onun sözlərinə görə, siz başa düşməlisiniz ki, qarşıdakı yüz ildə Avropada sizi heç kim gözləmir, sizin istehlak bazarınız isə məhz orada olacaq. Bunu amerikalılar deyirdilər”, - deyə Manasaryan sözlərini yekunlaşdırıb.

Nəşr yazıb ki, iqtisadi və siyasi proseslər bir-biri ilə bağlıdır və onların arasındakı tarazlığın pozulması uzunmüddətli nəticələrə gətirib çıxara bilər.

“Mayın əvvəlində İrəvanda keçirilməsi planlaşdırılan Avropa sammiti, ekspertlərin bir hissəsinin qiymətləndirməsinə görə, Ermənistanın xarici siyasi istiqamətlərinin dəqiqləşdiriləcəyi mərhələ ola bilər. Lakin bu cür proseslər ciddi risklərlə müşayiət olunur, xüsusilə də onlar hesablanmış iqtisadi strategiyaya əsaslanmırsa.

Rusiya ilə münasibətlərin mümkün kəskinləşməsi Ermənistan iqtisadiyyatına birbaşa təsir göstərə bilər. Enerji daşıyıcılarının qiymətinin artması, ixrac bazarlarının itirilməsi, həmçinin əmək miqrasiyasına məhdudiyyətlər geniş təbəqələrin sosial vəziyyətinə zərbə vura bilər. Kənd təsərrüfatı sahəsində istehlakın azalması istehsalın geriləməsinə gətirib çıxara bilər, kiçik və orta biznes isə mövcudluğunu qorumaq problemi ilə üz-üzə qala bilər.

Yaranmış vəziyyətdə aydındır ki, xarici siyasətdə istənilən kəskin dönüş diqqətlə hesablanmış iqtisadi əsas tələb edir. Əks halda bunun nəticələrini siyasi sistem yox, cəmiyyət öz sosial və iqtisadi təhlükəsizliyinin bütün həcmi ilə daşıyır”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin