Sosioloji sorğu: Ermənistanda ictimai əhval-ruhiyyə necədir?

2026/04/1775807841.jpg
Oxunub: 498     13:12     30 Aprel 2026    
“Azad Sosiologiya” təşəbbüsü Ermənistan vətəndaşları arasında genişmiqyaslı sosioloji sorğu keçirib. Məqsəd ictimai əhval-ruhiyyənin hazırkı mənzərəsini və siyasi üstünlükləri müəyyən etmək olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sosioloji sorğu: Ermənistanda ictimai əhval-ruhiyyə necədir?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, araşdırmanın nəticələri həm paytaxtda, həm də regionlarda və Gümrüdə diqqətçəkən mənzərəni üzə çıxarır.

“Siyasi üstünlüklər və reytinqlər

Sakinlərin seçkilər növbəti bazar günü keçirilsə, hansı siyasi qüvvəyə səs verəcəkləri ilə bağlı suala cavablar ərazi xüsusiyyətlərinə görə bölünüb.

İrəvanda lider mövqedə “Güclü Ermənistan” partiyasıdır. Lideri Samvel Karapetyan olan partiya sorğuda iştirak edənlərin 17%-nin dəstəyini alıb. Onun ardınca 14% səslə “Vətəndaş Müqaviləsi” partiyası və 12% səslə “Hayastan” bloku gəlir. İrəvanlıların 9%-i “Çiçəklənən Ermənistan” partiyasına səs verməyə hazırdır.

Regionlarda mənzərə fərqlidir: burada lider mövqeyi “Vətəndaş Müqaviləsi” və “Güclü Ermənistan” qüvvələri bərabər şəkildə bölüşürlər, hər biri 19% reytinqə malikdir. Region əhalisi arasında “Çiçəklənən Ermənistan”ın çəkisi də kifayət qədər yüksəkdir (17%), “Hayastan” bloku isə burada 6% dəstək alıb”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, Gümrüdə “Çiçəklənən Ermənistan” partiyasının liderliyi daha qabarıqdır.

“Burada sorğuda iştirak edənlərin 24%-i səsini bu qüvvəyə verməyə hazırdır. “Vətəndaş Müqaviləsi” və “Güclü Ermənistan” Gümrüdə bərabər, hərəsi 17% reytinqə malikdir.

Digər siyasi birliklərin, xüsusilə “Birliyin Qanadları” (Arman Tatoyan), “Yeni Güc” (Hayk Marutyan) və “Respublika” (Aram Sarkisyan) partiyalarının reytinqləri 1-2% arasında dəyişir.

Diqqətçəkən məqam odur ki, sorğuda iştirak edənlərin əhəmiyyətli hissəsi hələ də dəqiq mövqeyə malik deyil. İrəvanda “cavab verməkdə çətinlik çəkirəm” variantını respondentlərin 38%-i, regionlarda 26%-i, Gümrüdə isə 24%-i seçib.

Siyasi xadimlərə münasibət

Araşdırmanın digər əsas sualı ayrı-ayrı xadimlərə münasibətdə müsbət yanaşma ilə bağlı olub”, - deyə məqalədə bildirilib.

Nəşr yazıb ki, əldə olunan məlumatlara görə, ictimaiyyət arasında ən yüksək müsbət qəbul Qaqik Tsarukyana məxsusdur (31%).

“İkinci yerdə 26% göstərici ilə Samvel Karapetyan dayanır. Hazırkı baş nazir Nikol Paşinyana müsbət münasibət bildirmiş respondentlərin payı 11%-dir. Arman Tatoyan və Vardan Qukasyana vətəndaşların 3%-i müsbət yanaşıb. Respondentlərin 19%-i hər hansı xadimlə bağlı cavab verməkdə çətinlik çəkib, 7%-i isə başqa adlar qeyd edib.

Sorğunun nəticələri göstərir ki, ictimai meydanda siyasi qeyri-müəyyənliyin yüksək səviyyəsi qorunur, üstünlüklər isə həm hakim, həm də alternativ qüvvələr arasında bölüşdürülüb”, - deyə müəllif qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sorğu  


Bizi "telegram"da izləyin