Erməni ekspert: “Ermənistanda qısa müddətdən sonra yeni parlament seçkiləri keçirilə bilər”

2026/04/1777353558.jpg
Oxunub: 354     09:17     28 Aprel 2026    
“Mən düşünmürəm ki, Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyası seçkilərin nəticələrinə görə konstitusion çoxluq əldə edəcək. Buna görə də seçkidən sonrakı prosesləri, o cümlədən əgər hakimiyyət müxalifətə mane olmaq yolunu tutsa, küçə aksiyalarını proqnozlaşdırmaq olar”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan bildirib.

Onun sözlərinə görəö, hətta hakimiyyət 50 faiz + 1 səs toplasa belə, onların ciddi problemləri olacaq.

“Əgər hakimiyyət konstitusion çoxluğa malik olmasa, Ermənistanda parlament böhranı yaranacaq. Belə halda hakimiyyət müxalifətçiləri, həmçinin arzuolunmaz güc strukturu nümayəndələrini həbs etməyə başlayacaq. Onların başqa yolu olmayacaq. Parlament böhranı baş verərsə, qısa müddətdən sonra yeni seçkilər keçiriləcək”, - deyə erməni politoloq vurğulayıb.

Eyni zamanda Gevondyan müxalifətin 50 faiz + 1 səs toplayacağına inanmır.

“Bununla yanaşı, Ermənistanda yeni qüvvələr ölkənin xarici və daxili siyasətində dönüş yaratmağa qadirdir, onların belə resursları var. Onların arasında dövlətin nə olduğunu bilən, biznesdən anlayan, iqtisadiyyatı başa düşən və populizmə dözməyən insanlar var”, - deyə Gevondyan qeyd edib.

O qeyd edib ki, kiçik ölkələrin idarə olunması iri dövlətlərin mövqeyi ilə də müəyyən edilir və həmin dövlətlər Ermənistan məsələsində konsensusa gələ bilər.

“Geosiyasi aspekt daha da kəskinləşəcək, əsas koordinasiya edənlər Azərbaycan və Türkiyə olacaq. Rusiyaya gəlincə, düşünmürəm ki, o, Ermənistanın seçki proseslərinə ciddi şəkildə cəlb olunacaq”, - deyə erməni ekspert sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gevondyan   Ermənistan  


Bizi "telegram"da izləyin