“Palantir” əməkdaşları şirkəti sorğulamağa başladı: “Bəs pis tərəf biziksə?”
Oxunub: 488
23:46
27 Aprel 2026
Müdafiə və müşahidə texnologiyaları sahəsində fəaliyyət göstərən “Palantir” həm ictimaiyyətdə, həm də öz əməkdaşları arasında artan tənqidlərlə üz-üzədir. Şirkət daxilində etirazlar böyüyür.
Texnologiya dünyasının ən qapalı strukturlarından biri kimi tanınan məlumat analitikası nəhəngi “Palantir” son dövrdə həm ABŞ, həm də İsrail hökumətlərinə təqdim etdiyi kritik xidmətlər səbəbindən böyük daxili çalxalanma ilə üz-üzədir. Xüsusilə Donald Trampın ikinci dövründə sürət qazanan sərt miqrasiya siyasətləri və mübahisəli hərbi əməliyyatlar şirkət əməkdaşları arasında dərin vicdani bölünməyə səbəb olmuş kimi görünür.
WIRED-in məlumatına görə, hazırkı və keçmiş əməkdaşlar şirkətin rolunu yenidən sorğulamağa başlayıblar. Əməkdaşların xüsusilə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi və Miqrasiya və Gömrük Mühafizəsi Birliyi (ICE) ilə aparılan əməkdaşlıqdan narahatlıq duyduğu bildirilir.
Şirkətin proqramlarının miqrantların müəyyən edilməsi, izlənməsi və deportasiya proseslərində istifadə edildiyi iddiaları əməkdaşlar arasında ciddi etik sorğulama yaradıb. Keçmiş əməkdaşlardan biri 11 sentyabr hücumlarından sonrakı təhlükəsizlik siyasətlərinə istinad edərək bildirib: “11 sentyabr hücumlarından sonra təhlükəsizlik tədbirlərinin azadlıqları pozmasından qorxurduq. Biz bunun qarşısını almalı idik. Amma indi qarşısını almaq əvəzinə, bunu mümkün edirmiş kimi görünürük”.
Başqa bir əməkdaş isə şirkət daxilindəki əhval-ruhiyyəni belə ifadə edib: “Bu, sadəcə çətin iş deyil. Yanlış bir şey edirmişik kimi hiss etdirir”.
ICE əməkdaşlığı gərginliyi artırır
“Palantir”in ICE ilə apardığı layihələr şirkət daxilində ən böyük müzakirə mövzularından birinə çevrilib. WIRED-in əldə etdiyi daxili yazışmalarda əməkdaşların bu əməkdaşlığın əhatə dairəsi ilə bağlı daha çox şəffaflıq tələb etdiyi görünür.
Bir əməkdaş şirkətdaxili mesajlaşma platforması “Slack” üzərindən etdiyi paylaşımda bildirib: “ICE ilə münasibətlərimiz Trampın ikinci dövründə qurum daxilində həddindən artıq ört-basdır edildi. Bu məsələdə rolumuzu aydın şəkildə anlamalıyıq”.
Bu sual və müzakirələrdən sonra müvafiq “Slack” söhbətlərinin şirkət tərəfindən yeddi gün sonra silinməyə başladığı ortaya çıxıb. Şirkət rəhbərliyi daha sonra tənqidlərə cavab olaraq hazırlanmış texnologiyaların “riskləri azaltmağa və hədəflənmiş nəticələr əldə etməyə kömək etdiyini” müdafiə edib.
Buna baxmayaraq, şirkətdaxili iclaslarda ən çox gündəmə gələn suallardan biri proqramların sui-istifadə ehtimalı olub. İclaslardan birində bir rəsminin “kifayət qədər pis niyyətli bir müştərinin qarşısını hazırda almaq demək olar ki, mümkün deyil” dediyi bildirilir.
İran hadisəsi dönüş nöqtəsi oldu
Şirkət daxilində gərginliyi artıran digər məqam isə ABŞ-nin İranda həyata keçirdiyi və məktəbin vurulması ilə nəticələnən hücumda “Palantir” texnologiyalarından istifadə olunmuş ola biləcəyi barədə iddialar olub. Hücumda 120-dən çox uşağın həyatını itirdiyi barədə məlumatlar əməkdaşlar arasında böyük qəzəb yaradıb.
Bir əməkdaş şirkətdaxili platformada rəhbərliyə birbaşa sual verərək yazıb: “Biz bu hadisəyə daxil idikmi və əgər belədirsə, bunun təkrarlanmaması üçün nəsə edirikmi?”.
Digər tərəfdən, “Palantir” əməkdaşlarının mətbuata danışmasının imzaladıqları məxfilik və nüfuza xələl gətirməmə razılaşmaları səbəbindən böyük ölçüdə məhdudlaşdırıldığı bildirilir. Bu vəziyyət daxili müzakirələrin ictimaiyyətə çıxmasını daha da çətinləşdirir.
Manifest böhranı
Şirkətin baş icraçı direktoru Aleks Karpın “The Technological Republic: Hard Power, Soft Belief, and the Future of the West” adlı kitabının 22 maddəlik xülasəsinin şirkət tərəfindən paylaşılması əməkdaşlar arasında yeni böhran dalğası yaradıb. Sözügedən “manifest” bəzi tənqidçilər tərəfindən “texno-faşizm nümunəsi” və “narahatedici ideologiya” kimi xarakterizə edilib.
Bütün müzakirələrə baxmayaraq, şirkət rəhbərliyinin mövcud strategiyadan geri addım atmadığı bildirilir. Baş icraçı direktor Aleks Karpın xüsusilə dövlətlə aparılan layihələrin davam etdirilməsi məsələsində qərarlı olduğu ifadə edilir.