ABŞ Mərakeşdə regional pilotsuz uçuş aparatı təlim mərkəzi yaradır

2026/04/1777319152.jpg
Oxunub: 405     23:37     27 Aprel 2026    
ABŞ Afrika üzrə terrorla mübarizə qabiliyyətini artırmaq və təhlükəsizlik əməkdaşlıqlarını modernləşdirmək məqsədilə Mərakeşdə regional pilotsuz uçuş aparatı təlim mərkəzi yaradacağını açıqlayıb.

Ordu.az xəbər verir ki, ABŞ Avropa və Afrika Ordusu Komandanı ordu generalı Kristofer Donahyunun 2026-cı ilin martında Romada keçirilən 13-cü Afrika Quru Qoşunları Sammitində açıqladığı təşəbbüs texnologiya əsaslı müdafiə əməkdaşlığına keçidin bir hissəsi kimi qiymətləndirilir.

Ümumilikdə 47 ölkədən 300 iştirakçının qatıldığı sammitdə açıqlanan layihədə Mərakeşin strateji mövqeyi və ABŞ ilə uzun müddətdir davam edən müttəfiqlik münasibətləri səbəbindən ev sahibi kimi seçildiyi bildirilib. Yaradılacaq mərkəzin Afrika üzrə pilotsuz uçuş aparatı operatorlarının təlim keçəcəyi dayanıqlı mərkəzə çevrilməsi hədəflənir.

Layihənin ilk mərhələsi aprelin 20-dən mayın 8-nə qədər Mərakeşin müxtəlif şəhərlərində keçirilən “African Lion 2026” təlimi çərçivəsində başladılıb. Pilot tətbiq çərçivəsində 16 iştirakçı mərkəzin əməliyyat və idarəetmə strukturunu sınaqdan keçirir. Təlim modulları pilotsuz hava sistemlərinin hərbi planlaşdırmaya inteqrasiyasını və müxtəlif platformalarda praktiki uçuş təlimlərini əhatə edir.

Mərkəzin Afrika ölkələri arasında ortaq öyrənmə və kəşfiyyat paylaşımını təşviq etməsi planlaşdırılır. Təlimə 19 Afrika ölkəsindən 10 mindən çox şəxsi heyət qatılarkən, 40-dan çox müdafiə şirkəti də qabaqcıl texnologiyalarını meydanda sınaqdan keçirmək imkanı əldə edir. Rəsmilər bunun sayəsində innovativ texnologiyalarla meydandakı ehtiyaclar arasındakı fərqin azaldılmasının hədəfləndiyini bildirirlər.

Mərakeşin seçilməsində ölkənin inkişaf edən aviasiya və müdafiə sənayesi də təsirli olub. 2024-cü ildə Mərakeşin “Aerodrive Engineering Services” şirkəti tərəfindən hazırlanmış “Atlas” ISTAR adlı yerli hərbi pilotsuz uçuş aparatının ilk uçuşunun həyata keçirilməsi ölkənin bu sahədəki imkanını ortaya qoyub.

ABŞ-nin bu təşəbbüsü birbaşa hərbi müdaxilələr əvəzinə yerli qabiliyyəti artırmağa yönəlmiş strategiya dəyişikliyini də əks etdirir. Yaradılacaq mərkəzlə təlim və məlumat paylaşımı standartlarının inkişaf etdirilməsi Afrika ölkələrinin öz təhlükəsizliklərini daha müstəqil şəkildə təmin etmələrinə töhfə verməyi hədəfləyir.

Pilot tətbiqdən sonra mərkəzin çoxmillətli məlumat koordinasiyası qabiliyyəti qiymətləndiriləcək. Bu proses uğurlu olarsa, təlim proqramına sensor birləşməsi və radioelektron mübarizə kimi qabaqcıl modulların əlavə edilməsi planlaşdırılır. Bundan əlavə, ABŞ rəsmiləri oxşar mərkəzlərin Afrikanın digər bölgələrində də yaradılmasını hədəfləyirlər.

Təşəbbüs ABŞ-nin Afrika strategiyasının köklü dönüş keçirdiyi dövrə təsadüf edir. Son illərdə Sahel bölgəsində bəzi hərbi bazalarını itirən Vaşinqton daimi obyekt əvəzinə tərəfdaşlıq və qabiliyyət inkişaf etdirmə modelinə yönəlir. Bu yanaşma birbaşa qarşıdurma rollarından uzaqlaşaraq Afrika ölkələrinin öz təhlükəsizliklərini idarə etməsi üçün texniki vasitə və təlim təmin etməyi ön plana çıxarır.

Digər tərəfdən Mərakeş İsrail ilə də müdafiə münasibətlərini dərinləşdirir. 2026-cı ilin yanvarında Tel-Əvivdə toplanan Birgə Hərbi Komitənin üçüncü iclasında iki ölkə 2026-cı il üzrə birgə hərbi iş planını imzalayıb. İsrail rəsmiləri Mərakeşi Qüdsün Afrika qitəsində ən kritik təhlükəsizlik tərəfdaşı kimi xarakterizə edir.

Ekspertlər bu inkişafların bütövlükdə Mərakeşi Şimali Afrikanın müdafiə və texnologiya mərkəzinə çevirdiyini, Əlcəzairin Rusiya platformaları mərkəzli və ənənəvi güc balansı anlayışı ilə kəskin kontrast yaratdığını vurğulayırlar.

Benslimane: Şimali Afrikanın müdafiə bazası

Kasablankanın təxminən 50 kilometr cənub-şərqində, Mərakeş Kral Hərbi Hava Qüvvələrinin logistika dəstəyi bazasına qonşu mövqedə yerləşən Benslimane qısa müddətdə Şimali Afrikanın ən intensiv müdafiə sənayesi investisiyalarını qəbul edən bölgəyə çevrilib. Bir-birini tamamlayan bu investisiyalar Benslimaneni yalnız istehsal mərkəzi deyil, sınaq, texniki xidmət, təlim və ixrac qabiliyyətini bir dam altında toplayan inteqrasiya olunmuş müdafiə ekosistemi kimi mövqeləndirir.

Bu transformasiyanın ilk konkret addımı İsrail cəbhəsindən gəlib. İsrail Aviasiya Sənayesinin (IAI) 50 faizlik törəməsi olan “BlueBird Aero Systems” 2024-cü ilin aprelində Benslimanedə tikintisinə başlanan “SpyX” “gəzən sursat” istehsalı müəssisəsini 2025-ci ilin noyabrında istifadəyə verib. Şimali Afrika və İsrail xaricində Yaxın Şərqdə bir ilk olan bu müəssisə yüngül, portativ və elektrik mühərrikli “SpyX” sistemlərini istehsal edir.

50 kilometrlik əməliyyat radiusu, saatda 250 kilometri aşan dalış sürəti, 2,5 kiloqramlıq döyüş başlığı və elektro-optik/infraqırmızı axtarıcılarla təchiz olunan bu sistemlər beşinci nəsil “gəzən sursat” kimi xarakterizə edilir. Dijon Universitetindən beynəlxalq münasibətlər üzrə mütəxəssis professor Abdelrahman Mekaoui sözügedən silahın süni zəka alqoritmləri və qabaqcıl radar sayəsində hərəkətdə olan zirehli hədəflərə belə yüksək dəqiqliklə hücum edə bildiyini vurğulayıb. Texnologiya transferi modeli çərçivəsində mərakeşli mühəndislər istehsal başlamazdan aylar əvvəl “BlueBird”ün İsraildəki müəssisələrində montaj, inteqrasiya və texniki xidmət prosesləri üzrə xüsusi təlim keçiblər. Rəsmilər bu addımı sadəcə silah alışı deyil, Mərakeşin yerli mühəndislik ekosistemi və təchizat zənciri dayanıqlılığı qurmaq strategiyasının təməl daşı kimi xarakterizə edirlər.

“Lockheed Martin” isə Benslimaneyə fərqli xətt üzrə daxil olur. ABŞ-nin müdafiə nəhəngi belçikalı MRO (texniki xidmət, təmir və əsaslı təmir) mütəxəssisi “Sabena Engineering” ilə birlikdə yaratdığı “Maintenance Aero Maroc” (MAM) çərçivəsində 2025-ci il oktyabrın 15-də Benslimane Hava Limanında təməlqoyma mərasimi keçirib. 80 min kvadratmetrlik ərazi üzərində qurulacaq 8 min kvadratmetrlik ilk anqar F-16 və C-130 “Hercules” təyyarələri üçün ağır texniki xidmət və modernləşdirmə əməliyyatlarına ayrılacaq. Mərakeş 2019-cu ildə 25 ədəd F-16 “Block 72 Viper” alınması üçün “Lockheed Martin” ilə razılaşma imzalamışdı. 2025-ci il etibarilə ABŞ Dövlət Departamenti Mərakeşə 50 milyon dollardan çox dəyərdə F-16 istehsal texnologiyası transferinə icazə vermişdi. “Lockheed Martin International”ın vitse-prezidenti Rey Piselli bildirib: “Bu əməkdaşlıq yalnız qabiliyyət yaratmaqdan ibarət deyil, Mərakeşdə ixtisaslı məşğulluğu və sənayeni böyüdür, tərəfdaşlığımızı gücləndirir”. Müəssisənin 2026-cı ilin sonunda fəaliyyətə başlaması gözlənilir.

Fransız pilotsuz uçuş aparatı istehsalçısı “Delair” də bu coğrafiyada möhkəmlənmək üçün addım atıb. Tuluza mərkəzli şirkət “Delair Africa” adı ilə Rabatda regional ofis yaradaraq Qərbi Afrikadakı əməliyyatlarını Mərakeş üzərindən koordinasiya etməyə başlayıb. Şirkət 2019-cu ildən bəri Niger, Kot-d’İvuar, Nigeriya, Çad və Mavritaniya kimi ölkələrə pilotsuz uçuş aparatı təhvil verir. Bundan əlavə, Avropa mənşəli “Tekever” ilə mərakeşli “Droneway” arasında tərəfdaşlıq da 2024-cü il Mərakeş Hava Sərgisində ictimaiyyətə təqdim edilib. “Tekever” bu struktur vasitəsilə Mərakeşdə satış sonrası ofis və sınaq platforması yaratmaq öhdəliyi götürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Mərakeş  


Bizi "telegram"da izləyin