Ordu.az xəbər verir ki, sözügedən qərar həyata keçirilərsə, NATO-nun hava müşahidə infrastrukturu 1980-ci illərin əvvəlindən etibarən ilk dəfə “Boeing”dən kənar sistem üzərində qurulacaq.
Bu inkişaf xüsusilə müdafiə tədarükündə Avropa mərkəzli həllərə yönəlişin artdığını ortaya qoyur.
Sözügedən qərarın “Boeing E-7 Wedgetail” tədarükünə dair əvvəlki planların iflasa uğramasından sonra verildiyi bildirilir. ABŞ Hərbi Hava Qüvvələri 2025-ci ildə xərc artımı, gecikmələr və sağqalma qabiliyyətinə dair narahatlıqları əsas gətirərək “Wedgetail” proqramından çəkilmişdi. Bu inkişafdan sonra avropalı müttəfiqlər də layihədən imtina edərək yerli müdafiə sənayesi imkanlarını gücləndirmək hədəfinə yönəldi. “GlobalEye” seçimi Avropanın müdafiə tədarükündə “strateji muxtariyyət” axtarışının və “Wedgetail” proqramındakı idarəetmə problemlərindən narazılığın nəticəsi kimi qiymətləndirilir.
“Saab”ın qabaqcıl radar texnologiyasını “Bombardier”in “Global 6000” və ya “Global 6500” biznes reaktiv təyyarələri ilə birləşdirən “GlobalEye” sistemi hava, dəniz və quru üzərində 550 kilometri aşan aşkarlama mənzili təqdim edir. Çoxsahəli müşahidə qabiliyyətinə malik sistem müasir döyüş meydanının mürəkkəb tələblərinə cavab vermək üçün hazırlanıb.
NATO-nun bu çərçivədə 10-12 ədəd təyyarə tədarük etməsi gözlənilir. Bir ədədinin təxmini qiyməti 550 milyon avro olan proqramın ümumi dəyərinin dəstək və infrastruktur xərcləri istisna olmaqla 5 milyard avronu aşacağı proqnozlaşdırılır. Yeni platformanın 2031-ci ilə qədər ittifaqın əməliyyat hədəflərinə çatması və tam güclə xidmətə girməsi planlaşdırılır.
Sistemə beynəlxalq səviyyədə də maraq artır. Fransa artıq sifarişlərini verərkən, Almaniya, Polşa və Kanada kimi ölkələrin də platformanı qiymətləndirməyə aldığı bildirilir. Hələ rəsmi müqavilə imzalanmasa da, NATO Tədarük Agentliyinin bu seçimi rəsmi təsdiq prosesindən sonra “GlobalEye”ın ittifaqın yeni nəsil havadan müşahidə dayağı olacağını qəti şəkildə göstərir.
Sevinc Əliyeva
Ordu.az