İranın Moskva Gedişi: Əraqçi Putindən Nə İstədi?

2026/04/1777309376.jpg
Oxunub: 672     21:02     27 Aprel 2026    
İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gedib. Məlumatlara görə, Kremldə onu Rusiya prezidenti Vladimir Putin qəbul edib, həmçinin “digər yüksəkvəzifəli şəxslərlə görüşlər” də nəzərdə tutulub. Son iki gündə İran xarici işlər naziri Pakistanda və Omanda danışıqlar aparıb.

Məlumatlara görə, o, Pakistan vasitəsilə ABŞ-yə müharibənin başa çatması və razılaşma əldə olunması məsələsində İranın “qırmızı xətlərini müəyyən edən yazılı təklif” çatdırıb. ABŞ prezidenti Donald Tramp bu məlumatı dolayı yolla təsdiqləyib. Onun sözlərinə görə, İrandan “əvvəlkindən daha yaxşı təklif” alınıb. İsrail mənbələrinin məlumatına görə, İran nüvə proqramının həyata keçirilməsi və Hörmüz boğazına nəzarət məsələlərinin “müzakirə predmeti olmadığını” israr edir.

Bu kontekstdə Pakistanın baş nazirinin müavini-xarici işlər naziri İshaq Dar İslamabadın mərkəzində nəzarət-buraxılış məntəqələrinin və hərəkət məhdudiyyətlərinin aradan qaldırılması barədə rəsmi açıqlama verib. O, paytaxt sakinlərinə görülən təhlükəsizlik tədbirlərinə anlayışla yanaşdıqlarına görə təşəkkür edib.

Pakistan xarici işlər nazirinin açıqlaması göstərir ki, İslamabadda İran-ABŞ danışıqları ən azı yaxın günlərdə nəzərdə tutulmur. Səudiyyə Ərəbistanı və Türkiyənin də dəstəklədiyi Pakistan vasitəçiliyi beləliklə dondurulur.

Bu, İran-ABŞ danışıqlarının uğursuz olduğu anlamına gəlirmi, bunu müəyyənləşdirmək çətindir. Donald Tramp bildirib ki, İranın neft hasilatı və tranzit infrastrukturunu xilas etmək üçün “üç gün vaxtı var”. O, yenidən vurğulayıb ki, İranın “lideri yoxdur”, elitanın bir hissəsi “ağıllı adamlardır, digəri isə yox”.

Ehtimal var ki, İranın xarici işlər naziri Rusiyanın mövqeyini dəqiqləşdirmək üçün Moskvaya gedir. Maraqlıdır ki, Əraqçinin diplomatik “marafonu”na Pekinə səfər daxil olmayıb. Bu baxımdan diqqətçəkəndir ki, ABŞ prezidenti İranın Çindən aldığı dəstəkdən “məyus deyil”. O deyib ki, həmin “yardım daha böyük ola bilərdi”. Trampın Rusiya-İran əməkdaşlığı barədə hansı fikirdə olduğu məlum deyil.

“Reuters”in məlumatına görə, ABŞ Yaxın Şərqdə İraqa qarşı müharibədə istifadə olunan səviyyədə zərbə qüvvəsi cəmləşdirib. İsrailin “Yediot Ahronot” nəşrinin şərhçisinin qiymətləndirməsinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı məsələsində “qəbul olunmuş diplomatiya işləmir, çünki başqaları üçün müharibə fəlakətdirsə, onlar üçün bu, həyat tərzidir”.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin